Televiziyalarda şou verilişlər... Layihə

Televiziyalarda şou verilişlər...

Nizami Cəfərov: "Bu cür verilişlərdən narazılığım orada aparılan müzakirələrin səviyyəsiz olması ilə bağlıdır"
Gülnar Nəzərova: "Problemlərini həll edə bilməyən sadə vətəndaşlar ümid yerini televiziyalarda görür"
Mehriban Zeynalova: "Şou verilişlərin nəticəsində qadınlara qarşı münasibət köklü şəkildə dəyişilib"

Televiziyanın ictimai fikrə birbaşa təsir göstərməsi, təkcə ayrı-ayrı fərdlərin deyil, ümumən cəmiyyətin dünyagörüşünün formalaşmasında müstəsna rol oynaması bir gerçəklikdir. Auditoriyasına təsir müstəvisində elə ilk vaxtlardan əldə etdiyi statusu indiyə qədər qoruyan televiziyanı hətta son onilliyin ən aktiv fenomeni sayılan internet də üstələyə bilməyib. Əksinə, təsir dairəsini durmadan genişləndirən, dövrün tələbinə uyğun yeni-yeni imkanlar qazanmaqda olan televiziya bu sahədə bəlli mövqeyini də get-gedə möhkəmləndirməkdədir.
Milli teleməkanın mövcud mənzərəsi sübut edir ki, hətta cəmiyyətin mühüm bir qisminin ağrılı nöqtə saydığı, birmənalı yanaşmadığı şou-proqramlar məsələsində də peşəkar yanaşma əsas, həlledici meyardır. Çağdaş televiziyaçılıqda bunlarsız keçinmək hələlik mümkün görünmədiyi üçün yeganə çıxış yolu belə proqramları daha peşəkar, yəni mümkün qədər keyfiyyətli, səviyyəli, dinamik formada hazırlayıb təqdim etməkdir. Əlbəttə ki, baxımlılığı təmin etmək, qaçılmaz reallıq olan reytinq yarışında önə çıxmaq üçün teleşouların auditoriyanın istəklərinə, maraq dairəsinə, hissiyyatına hesablanması zəruridir. Bundan qaçmaq, ən azı indi və yaxın gələcək üçün, mümkün deyil.
Professor Nizami Cəfərovun fikrincə, insanlar bu cür verilişlərə öz dərdlərini danışmaq üçün gedirlər. Bütün insanları bir yerə yığmaq və eyni qəlibə salmaq fikrinə qarşı çıxan Nizami Cəfərov bildirdi ki, bu cür proqramlar da qaçılmazdır: "Biri oğlunu itirib, biri qızını itirir. Başqa birinin cavanlıqda ağlı başında olmayıb, sonradan ağıllanıb". Bu cür şeylərin dünyanın hər yerində olduğunu deyən professor verilişlərin keyfiyyət məsələsinə də toxundu: "İzləyəndə o verilişlərin səviyyəsinin aşağı olduğunu görürəm. Amma bu verilişlərin də özünə görə tamaşaçısı var. Aparıcılar, o verilişləri təşkil edənlər səviyyəni qaldırmaq üçün də çalışmalıdırlar. Mənə xoş gəlməyən odur ki, aparıcılar da bəzən özlərini o səviyyəyə endirirlər və məlum olur ki, insanın sadəcə həyatı buymuş. Bilmədiyi səviyyədə ailə qursun, sonra uşaqlar yaransın, uşaqlar hərə bir yana getsin. Sonra uşaqları axtarsınlar və ya uşaq ata-ananı axtarsın. Bu hadisələr dünyanın reallığıdır. Amma bu cür hadisələr peşəkar adamlar tərəfindən təhlil olunmalıdır. Hadisələrin nə üçün bu cür cərəyan etdiyi ortaya qoyulmalıdır. Bu reallıq televiziyaya, hansısa təhlil obyektinə çıxırsa, təhlil səviyyəsində də olmalıdır. Yəni təhlil ortada olan həyatdan daha səviyyəli olmalıdır. Bu cür verilişlərdən narazılığım məhz bu aparılan müzakirə və təhlillərin kifayət qədər səviyyəsiz olması ilə bağlıdır".
Televiziyalar tamaşaçı axtarır və hər hansı akademik səviyyədə söhbət gedərsə, ona heç kim baxmayacaq. Buna görə də televiziyalar həyatın özünü axtarır və həyatın özünü gətirir. Nizami Cəfərov belə deyir. Professor televiziyaların həyatın özünü gətirmək qabiliyyətini alqışlayır. Onun fikrincə, televiziyalara adətən olduğu məqama çətinliklə gələn insanları işə götürürlər ki, onlar da həyatı bilirlər. Amma peşəkar olmadıqlarına görə səviyyə aşağı düşür: "Ən böyük problemimiz də odur ki, bizdə televiziyanın özünün özünü dərk etməsi problemi var. Televiziya öncə özünü dərk etməli və cəmiyyəti qaldırmalıdır. TV-lərin bütün heyəti istənilən qədər səviyyəli deyil. Tam cəmiyyətə əsaslanmalıyıq ki, səviyyə oradan yaransın. Dünya təcrübəsinə baxaq. İndi hər bir azərbaycanlı ABŞ-dan danışır. Orada açıq informasiya sistemi, açıq əlaqələr sistemidir. İnsanlar hər şeydən xəbər tutur. Bizim televiziyalarda verilən verilişin nəticəsi olmalıdır. Amma bizim bu tipli verilişlərdə nəticə olmur, sadəcə ağlaşma olur".
Nizami Cəfərov hesab edir ki, əgər bu dünyada görülən işin nəsə xeyirxah məqsədi varsa, o iş qalacaq. Yoxsa "bu dünya zəlildir" fikrinin üzərində qurulan, bunu təbliğ edən işin gələcəyi yoxdur.
Sosial Qayğı və Tədqiqatlar Mərkəzinin rəhbəri Gülnar Nəzərovanın sözlərinə görə, dünyanın bir çox ölkələrində müxtəlif sosial problemlərə həsr olunmuş kifayət qədər uğurlu TV layihələri həyata keçirilir ki, bu təqdirəlayiq haldır. Çünki sosial müdafiəyə ehtiyacı olan, yaxınlarını itirən, himayəyə ehtiyacı olan şəxslərin problemlərini daha geniş auditoriyaya, hətta tək ölkədaxili deyil, dünyaya çatdırmaq baxımından televiziyadan üstün vasitə ola bilməz. Ekspert düşünür ki, bu ehtiyaclara baxmayaraq bu məsələnin gündəmə gətirilməsi həmişə heç də eyni nəticə vermir: "Eyni problem, eyni hədəf qrupu, eyni təqdimetmə vasitəsi... Lakin birinin fəaliyyəti real və uğurlu, digərinin fəaliyyəti isə insanların olan ümidlərinin itirilməsi ilə nəticələnir.
Məlum məsələdir ki, ölkədə sosial qayğıya ehtiyacı olan kifayət qədər şəxs var və onların problemlərinin həlli bəzən sadəcə formal olaraq həyata keçirilir. Bu baxımdan mövcud problemlər yenidən gündəmdə qalır. Problemlərini bu vasitələrlə həll edə bilməyən sadə vətəndaşlar ümid yerini televiziyalarda görürlər. Lakin televiziyalar insanların problemlərini həll etmək yerinə daha çox yüksək reytinq əldə etmək barəsində düşünürlər. Bu isə təbii ki, müxtəlif fəsadlara gətirib çıxarır. Belə ki, problemlər qalır bir kənarda, aparıcılar mövcud problemin ətrafında qalmaqal yaratmağın yollarını axtarırlar. Bu proses çox "uğurlu" alınır. Reytinqlərdə üst sıraları əldə edən televiziya və layihənin təşkilatçıları bundan istədiklərini, yəni kifayət qədər gəlir əldə edir. Bu gəlir və "uğurlar" televiziyanı bu tərz qalmaqallı, lakin məzlum insanlardan istifadə etməklə proqramların hazırlanmasına sövq edir. Bununla da televiziyalar getdikcə daha müxtəlif problemlər və hədəf qrupu axtarışına çıxırlar. Əslində ölkədə kifayət qədər problemli məsələlər var ki, bunları həqiqətən televiziya vasitəsilə həll etmək mümkündür. Hansısa şəxslərin ailəsi ilə bir araya gətirilməsi, kimlərinsə çox uzaqda olub tapa bilmədiyi şəxslərlə əlaqəsinin qurulması, çətin həyat şəraitində yaşayan insanların problemlərini gündəmə gətirməklə onlara yardım etmək və s. saysız problemin adını qeyd etmək olar. Düzdür, bizim televiziyarda da oxşar problemlər gündəmə gətirilir. Lakin real nəticə heç də eynən bizim gördüklərimiz olmur. İllərlə eyni telekanala böyük bir ümidlə üz tutan şəxslər sadəcə o verilişlərin istifadə etdiyi bir vasitə olur. Bir-iki həll olunması mümkün problemlə bağlı yardım göstərilir və ya həll olunurmuş adı verilərək məsələ bağlanır. Əllərində yaxınlarının şəkilləri ilə illərlə televiziyaya üz tutan çarəsiz insanlar isə heç xəbərləri də olmur ki, bir şounun qurbanına çevriliblər. Bəzən isə münaqişəli məsələlər gündəmə daşınır. Bunların içərisində zorakılığa məruz qalmış şəxslər, mülk məsələləri və s. göstərmək mümkündür ki, bu tərz məsələlər çox vaxt həllini tapmadığı kimi, üstəlik həmin şəxslərin həyatı üçün təhlükəyə çevrilir".
Gülnar Nəzərova bildirdi ki, televiziya bu cür insanların təhlükəsizliyinə, gələcəkdə də bu məsələdə dəstək olacağına efir vasitəsilə vəd versə də bu, sözdən irəli getmir. Nəticədə, həmin şəxslərin münaqişələri sadə yolla həll olunacaqdısa, artıq daha çıxılmaz bir hal alır: "Göründüyü kimi bu tərz məsələlər həm böyük kütləni ardınca aparır, həm də problemli şəxsləri cəlb edir. Bununla da böyük bir kütlənin hisslərindən sui-istifadə edilir.
Bəzən isə məsələdən agah olan şəxslər bu mövzuda proqramlardan elə öz reklamları məqsədilə yararlanır. Beləliklə, fərqli bir mövzuda yaranan proqramlar fərqli hədəf qruplarının məqsədlərinin reallaşmasına gətirib çıxarır. Bunun səbəbi nədən qaynaqlanır? Təbii ki, hər bir sahədə peşəkarlar fəaliyyət göstərməlidir. Məqsəd reytinq, gəlir əldə etməyə deyil, problemin həllinə yönəlməli, düzgün strategiya seçilməlidir. Lakin digər sahələrdə olduğu kimi bu sahədə də yaxın gələcəkdə problemin həllində müsbət dəyişiklik olacağını hesab etmirəm".
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova mövcud şou verilişlərdə qadın hüquqlarının kobud şəkildə pozulduğunu bildirir: "Məhz bu cür verilişlərin nəticəsində qadınlara qarşı münasibət köklü şəkildə dəyişilib. Bu gün kişilər istənilən qadınla istənilən formada rəftar etməyə özlərini haqlı bilir. Çünki bunu təbliğ edən televiziyadır. Televiziya isə mənz bunu deyir; sən kobud rəftar elə, sən ələ sal, təhqir elə, diskriminasiya yarat və bu normal bir haldır. Hesab edirəm ki, ölkədə Azərbaycan qadınına olan münasibətin dəyişilməsində televiziya verilişləri "qəhrəmanlıq" göstəriblər. Bu gün ölkədə qadınların öldürülmə hallarının artması, onlarla pis rəftar, qadınların fahişəliyə cəlb edilməsində bu cür verilişlərin özəl xidməti var. Yəni problem aktualdır və bu tendensiya təkcə bir verilişdə deyil, bütün verilişlərdə təkrarlanır. Verilişlərdə elə bil aparıcılar insan haqlarını pozmaq üçün yarışa giriblər. Bu hallar ekspertlər tərəfindən də tətbiq edilir, hamı ittiham etmək, hamı qınamaq, hamı məsləhət verməyə can atır. Təbii ki, bu yanlış addımdır. Bu qadın hüquqlarının ciddi şəkildə pozulmasıdır. Hesab edirəm ki, ayrıca bir media-monitorinq qrupu olmalıdır və bu qrup faktları toplamalı, məhkəmələrə müraciət edərək bu cür verilişlər hazırlayan şirkətlərin cərimələnməsinə nail olmalıdır. Bu ən yaxşı üsullardan biridir, əks təqdirdə TV ekranlarda mövcud zorakılığın qarşısını almaq mümkün olmayacaq".

Ülviyyə Tahirqızı