Jurnalistin nitq mədəniyyəti Layihə

Jurnalistin nitq mədəniyyəti

"Mətbuatımızda müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə yeni sözlərin yaradılması və işlədilməsi ilə bağlıdır"

III yazı

Müəllif hesab edir ki, mətbuatımızda müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlıdır: "Lüğət tərkibində xüsusi yer tutan neologizmlər qrupu həm alınma sözlər hesabına, həm də dilin öz potensialı hesabına formalaşır. Dilimizin öz materialı əsasında meydana gələn neologizmlərin yaranması və işlədilməsi bir sıra linqvistik və üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi bir nümunə əsasında izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində narahat əvəzinə rahatsız sözü işlədilir. Zahirən hər şey gözəldir: dilimizdə yer tutmuş fars mənşəli söz doğma türk sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil üçün əcnəbi sözü alıb işlətmək doğma, lakin onun qanunlarına zidd olaraq formalaşmış yeni sözü işlətməkdən daha rahat olur. Məsələ burasındadır ki, söz yaradıcılığının mühüm elementi olan hər bir leksik şəkilçi dilin min illik təkamülü prosesində formalaşıb başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına zidd olan incə bir məqam var - şəkilçi sözə öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə də bu düzəltmə sözün dilimizin lüğət tərkibində yer tutub işləklik qazanacağı problemli görünür. Deyə bilərlər, nahaq əvəzinə haqsız işlənə bildiyi halda nə üçün narahat əvəzinə rahatsız işlənməsin? Məsələ burasındadır ki, -sız şəkilçisi isimdən sifət düzəldən şəkilçidir. Məlum olduğu kimi, onunla antonim xarakterli -lı şəkilçisi də var. Onların vasitəsilə yaradılan sifətlər bir-birinə zidd məna daşıyır. Məsələn, dadlı - dadsız, ağıllı - ağılsız, yaraşıqlı - yaraşıqsız, yağmurlu - yağmursuz və s. Baxdığımız misalda isə -sız şəkilçisi isimə yox, sifətə qoşulub, halbuki dilimizdə sifətdən sifət düzəldən belə bir şəkilçi yoxdur. Rahatsız sözü olsa, onda gərək rahatlı sözü də ola (haqlı və haqsız sözləri kimi)".
Onun fikrincə, eyni irad mümkünsüz sözünə də aid edilə bilər: "Bu, mümkünsüzdür əvəzinə, bu mümkün deyil - yazmaq (demək) daha yaxşıdır. Morfoloji (sintaktik-morfolqji) yolla düzəlmiş bir sıra başqa sözlər də son dönəmin KİV dilində işlənməkdədir: açıqca (otkrıtka), bölgə (zona, region), bulmaca (krossvord), əsənək (skvoznyak), yalınca (bosonojki), görsəniş (təzahür), oyundaş (tərəfi-müqabil), tərəfdaş (partnyor), umacaq (təmənna) və s. Mətbuat dilində dolaşıqlıq yaradan məsələlərdən biri də fonetik hadisələrlə, xüsusən də səsdüşümü (eliziya) ilə bağlıdır. Belə ki: 1) bəzi ikihecalı sözlərə (sinif, oğul, fikir, şəkil və s.) saitlə başlanan şəkilçi artıranda ikinci hecadakı sait, 2) saitlə bitən bir sözə (Əli, Ağa, Mirzə...) saitlə başlanan başqa söz bitişdirib mürəkkəb söz əmələ gətirəndə isə birinci sözün son saiti düşür. Əlbəttə, bu, dilimizə xas olan təbii hadisədir, amma təbii olmayan odur ki, bəzi fonetik hadisələr nitqin yalnız şifahi formasına şamil edildiyi halda, nədənsə, səsdüşümü yazılı nitqə də aid edilir və beləliklə də müəyyən məntiqsizlik yaranır. Məsələn, "dərinlik" sözü assimilyasiya nəticəsində "dərinnik" kimi deyilsə də. yazıda ilkin formasını (dərinlik) saxlayır, lakin bəlli olmayan səbəbə görə səsdüşümü orfoepiya predmeti olmaqdan çıxıb orfoqrafiyanın predmetinə çevirilir: sinif-sinfin, sətir - sətrə və s.
Hesab edirik ki, sözlər yazılarkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin - lüğəvi formasını saxlamalıdır (Unutmayaq ki, türk dili iltisaqi dildir və o, fleksiyaya məruz qalmamalıdır). Gəlin oğlu, çevrə, sinfin, sətrə, orda, burda sözlərini kök və şəkilçiyə ayıraq: oğl+u, çevr+ə, sinf+in, sətr+ə, or+da, bur+da. Axı dilimizə aid lüğətlərin heç birində oğl, çevr, sinf, sətr, or, bur sözləri yoxdur və bunlar heç bir leksik məna bildirmir".
Müəllifin fikrincə, səsdüşümünün yazıda əks olunması bəzən hətta sözün mənasının tam dəyişilməsi ilə nəticələnir: "Misal üçün, xeyir sözünə yönlük hal şəkilçisi artırıb yazırıq: gecəniz xeyrə qalsın. Beləliklə, müsbət mənalı "xeyir" sözü "yox" mənası bildirən "xeyr" kəlməsinə çevirilir və xoş söz demək istədiyimiz əziz adama yoxluq arzulayırıq.
Mürəkkəb sözlər şəkilində olan adlarla bağlı lap gülünc vəziyyət yaranıb: "Əli"ni "əl"ə (Əli + ağa = Əlağa), "Vəli"ni "vəl"ə (Vəli + ağa = Vəlağa), "Ağa"nı "ağ"a (Ağa + Əli = Ağəli) çeviririk. Məlumdur ki, ərəb dilində əkbər - böyük, övsət - ortancıl, əsgər - kiçik deməkdir. Bəzi valideynlər imam Əliyə hörmət əlaməti olaraq böyük oğullarına Əliəkbər (böyük Əli), ortancıl oğullarına Əliövsət (ortancıl Əli), kiçik oğullarına isə Əliəsgər (kiçik Əli) adı qoyurlar, orfoqrafiyamız isə səsdüşümü hadisəsi əsasında böyük Əlini "böyük əl" (Ələkbər), ortancıl Əlini "ortancıl əl" (Əlövsət), kiçik Əlini isə "kiçik əl" (Ələsgər) formasına salır və beləliklə, həmin adlar öz müqəddəsliyini, ilkin təyinatını itirir. Nəsirəddin dinə kömək edən deməkdir. Birinci i ixtisara düşəndə isə (Nəsrəddin) dinin nəsri kimi anlaşılır. Bu cür nümunələr bitib-tükənməz qədərdir".
O, əlavə edib ki, İngiltərədə və Amerikada ingilis əlifbasının və orfoqrafiya qaydalarının sadələşdirilməsi ilə bağlı zaman-zaman müraciətlər olsa da, həmin qaydalar min ildən bəri dəyişməz qalıb: "(Bu sahədə ilk və son əsaslı islahat normandiyalılar İngiltərəni işğal edəndən sonra aparılıb). Danışıqla yazı arasındakı fərq o qədər böyükdür ki, ingilislər zarafatla deyirlər: "Biz beləyik - Mançester yazırıq, Liverpul oxuyuruq". Britaniyanın (İrlandiya və İngiltərənin) böyük yazıçısı, Nobel mükafatı laureatı Corc Bernard Şou (1856-1950) ömrü boyu ingilis əlifbasında və orfoqrafiyasında islahatlar keçirilməsi uğrunda mübarizə aparıb, lakin heç nəyə nail ola bilməyib. Bununla belə, öz tarixi köklərinə qırılmaz tellərlə bağlı olan ingilislər heç bir islahata hazırlaşmırlar. Biz azərbaycanlılar isə son 100 ildə bir neçə dəfə əlifba, bir neçə dəfə də orfoqrafiya qaydaları dəyişmişik və bu poses hələ də davam edir".
Dilimizə ərəbcədən daxil olmuş bir para sözlərdə e, ə və ö saitlərinin uzun, bəzi sözlərdə isə hecalar arasındakı qeyri-standart bölgünün yerini və sonrakı saitin aydın deyilməli olduğunu bildirmək üçün uzun müddət xüsusi sətirüstü işarədən - apostrofdan (`) istifadə edilib, onun yazıda saxlanılıb-saxlanılmaması XX əsrdə həmişə müzakirə obyekti olub və burada 3 mövqe görünüb:
1. Apostrof lazım deyil; 2. Lazımdır; 3. Yalnız klassik ədəbiyyatdakı sözlərdə lazımdır.
Ardı-arası kəsilməyən mübahisələrdən, müzakirələrdən sonra indi əlifbamızda bu işarə yoxdur. Bəs bundan əvvəl vəziyyət necə idi? Azərbaycan dilinin 1975-ci ildə çapdan çıxmış orfoqrafiya lüğətində 100-ə yaxın sözdə saitdən (mə`lum, mö`min, şö`bə və s.), təxminən 20 sözdə isə samitdən [bid`ət (dinin qəbul etmədiyi yenilik), məş`əl, hey`ət və s.] sonra apostrof var idi (eyni kökdən yaranmış düzəltmə və mürəkkəb sözlər bu saya daxil deyil, yəni və`d, və`də, və`dəbaşı, və`dələşmə, və`dələşmək kimi sözlər bir söz sayılıb). Bu sözlərdən təxminən 30-u [e`dad (hazırlama, layiq olduğu vəziyyətə gətirmə), e`zaz (əzizləmə), e`raz (təsadüf), zilqə`də (Qəməri ilinin 11-ci ayı), mə`kulat (azuqə)] müasir dilimizdə işlənmir, təxminən 60 sözdə (və`d, mə`rəkə, mə`rifət, mö`tərizə və s.) apostrof formal xarakter daşıyır, yəni saitin uzun tələffüz olunmasma xidmət etmirdi. (Apostroflu və apostrofsuz sözlərı bir-birindən ayırmaq çətin olduğundan bir para müəlliflər çox vaxt bu işarəni qəbul, əyani, yəqin sözlərində də qoyur, onları qə`bul, ə`yani, yaxud əya`ni, yə`qin formasında yazırdılar. Həqiqətən də, apostrofla yazılan mə`rifət sözündəki birinci ə apostrofsuz yazılan qəbul sözündəki ə-dən az uzanır ki, çox uzanmır. Cəmi 4 sözdə apostrofun qoyulmaması kontekstdən kənarda mənanın dəyişilməsinə səbəb olurdu: bə`zən (arabir) - bəzən(mək); ə`yan (zadəgan) - əyan (aydın); nə`rə (hayqırtı) - nərə (baliq); sə`y (çalışma, cəhd) - səy (ağılsız). 2-ci qrupa daxil olanların (apostrofun qalmasını istəyənlərin) əsas tutarqası da məhz bu sözlər idi. Göründüyü kimi, apostrofun lazımsızlığı fikirini irəli sürənlər və onları dəstəkləyənlər başqalarına nisbətən daha çox haqlı idilər, lakin 2-ci və 3-cü qruplara daxil olanların da narahatlığını anlamaq çətin deyildı. O vaxt nəşr olunmuş dərs vəsaitlərində biz hər üç mövqeni ümumiləşdirib təklif etmişdik ki, apostrof bir işarə kimi dilimizin qrafikasında qalsın, lakin sözlərin bir qisimi (vəd, istefa, mərəkə, rəy və s.) apostrofsuz yazılsın, sə`y göstərmək birləşməsi onun milli sinonimi olan çalışmaq feili ilə əvəzlənsin, mənası dəyişilən 3 sözdə (bə`zən, ə`yan, nə`rə) və Avropa dillərindəki bir sıra soyadlarda (d`Annunsio, d`Artanyan, O`Neyl, O`Henri və s.) apostrof saxlanılsın. İndi də bu fikirimizdə qalır və hesab edirik ki, apostrofu başqa bir məqamda da tətbiq etmək lazımdır. Fikirimizi aydınlaşdırmaq üçün iki cümləyə nəzər salaq:
Alman almanı yerdən qaldırdı; Kəndzaburo Oenin əsərlərində bəşəri problemlər qoyulub.
Birinci cümlənin ikinci sözünün kökünü kontekstdən kənarda müəyyənləşdirmək mümkün olmadığından oxucu onu iki mənada qavrayır: 1. Alman alma+nı (meyvəni) yerdən qaldırdı; 2. Alman alman+ı (soydaşını) yerdən qaldırdı (Bu hal bir sıra başqa sözlərdə də yarana bilər: mədə+nin - mədən+in, ara+nın - aran+ın, tara+nın - taran+ın və s.). İkinci cümlədə isə Yaponiya yazıçısının soyadı Azərbaycanda geniş yayılmadığından oxucuların çoxu hətta kontekst daxilində belə, həmin soyadın orijinalda necə (Oe, yoxsa Oen) olduğunu tapmaqda çətinlik çəkir. Göstərilən cümlələr belə yazılsa, anlaşılmazlıq dərhal aradan qalxar:
1. Alman alma`nı yerdən qaldırdı, yaxud Alman alman`ı yerdən qaldırdı;
2. Kəndzaburo Oe`nin əsərlərində bəşəri problemlər qoyulub.
Yeri gəlmişkən deyək ki, apostrofun lazımi məqamlarda söz kökünü (əsas da xüsusi isimləri) şəkilçilərdən ayırmaq funksiyasından Anadolu türkcəsində çoxdan istifadə olunur...".

Əli