Paris sülh konfransı  və  Azərbaycan torpaqlarının Ermənistan kimi tanınması Layihə

Paris sülh konfransı  və  Azərbaycan torpaqlarının Ermənistan kimi tanınması

4-cü yazı
I Dünya müharibəsində qalib dövlətlərin sülh şərtlərinin müzakirəsi və müqavilələrin hazırlanmasına dair Paris sülh konfransı 1919-cu il yanvarın 18-də açıldı və öz işinə yekun vurmazdan iki gün əvvəl, 1920-ci il yanvarın 19-da Ermənistanı de-fakto tanıdı. Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, “ermənilər konfransa çox böyük ümid bəsləyirdilər. Bu nümayəndə heyətlərində də özünü göstərirdi. Onlardan biri baş nazir A.Aqaronyanın rəhbərlik etdiyi Ermənistan Respublikasının, digəri isə P.Nubar paşanın rəhbərlik etdiyi Erməni milli nümayəndəliyi idi. Bunlarla yanaşı, Kilikiya (Sis) katalikosu Paul Terziyanın rəhbərliyi ilə ruhani nümayəndə heyəti var idi. Konfransdan əvvəl ermənilərin tələbləri hazırlanmış, sonra fransız dilinə tərcümə edilərək fevralın 12-də Aqaronyan və Nubarın birgə memorandumu ilə sülh konfransına təqdim edilmişdi. “Vahid Ermənistan” bölməsində onun tərkibinə aşağıdakı ərazilərin daxil edilməsi irəli sürülmüşdü: 1. Yeddi vilayət - Van, Sivas, Bitlis, Diyarbəkir, Harbert, Ərzurum, Dəclədən cənuba və Ordu-Sivas xəttindən qərbə olan dairələr istisna olmaqla Trabzon (1914-cü il islahat aktı üzrə). 2. Kilikiyanın dörd sancağı, yəni Maraş, Sis, Cəbəl-Bərəkət və Aleksandretta ilə birlikdə Adana. 3. Bütün İrəvan quberniyasını, keçmiş Tiflis quberniyasının cənub hissəsi, Gəncənin cənub-qərb hissəsi, Kars vilayətinin (Ərdəhandan şimala olan dairələrdən başqa) daxil olduğu Ermənistan respublikasının Qafqazdakı bütün ərazisi.
Ermənilər onları dəstəkləyən qüvvələrlə birgə, onların arasında Ermənistanın müstəqilliyi uğrunda Amerika komitəsi xüsusi yer tuturdu, geniş fəaliyyətə başladı. Ermənilərin Parisdəki fəaliyyəti müttəfiqlərdən daha çox Osmanlı hökumətinə təsir etmişdi. Osmanlı hökuməti ittihadçılara qarşı cəza tədbirləri ilə birgə, konfransa müraciətində ermənilərə müəyyən ərazi güzəştlərə getməyə hazır olduğunu bildirirdi. Adəti üzrə ermənilərin daha böyük xəyallar qurması onların bu təklifləri qəbul etməməsi ilə nəticələndi. Konfransda əsas söz sahibi olan dördlük arasındakı ziddiyyətlər və Türkiyədə Musatafa Kamal Atatürkün rəhbərliyi ilə milli-azadlıq hərakatının genişlənməsi konfransın ermənilərə münasibətinə ciddi təsir göstərdi. Ermənistanın de-fakto tanınması vaxtilə Rusiya imperiyası tərkibində olan torpaqlar, o cümlədən Azərbaycan torpaqları əsasında həyata keçirildi”.
Araşdırmada daha sonra bildirilir ki, yeni ərazi iddialarının müzakirəsi Osmanlı dövləti ilə müqavilənin hazırlanmasına həsr edilmiş London konfransına (1920, 12 fevral-10 aprel) keçirildi. Burada da Ermənistan dövlətinin ərazisi onun torpaqları üçün əsas hesab olundu. Osmanlı dövləti ilə müqavilənin hazırlanması İtaliyanın San-Remo (1920, 19-26 aprel) şəhərində keçirilən konfransda davam etdirildi. Konfransın qərarları və Sayks-Piko sazişi (1916) əsasında 1920-ci il avqustun 10-da Sevr müqaviləsi imzalandı. Ermənistan nümayəndəsi Aqaronyan da bu müqaviləni imzalamışdı. Sevr müqaviləsində Ermənistana ayrı bir bölmə (88-93-cü maddələr) ayrılmışdı. Sevr müqaviləsi Osmanlı dövləti tərəfindən qəbul edilmədiyi üçün hüquqi əsasa malik olmadı”.
Azərbaycan torpaqlarında bir-birini əvəz edən üç erməni respublikası: azərbaycanlılara qarşı üç soyqırımı, ərazi iddiaları və işğal: “Azərbaycan torpaqlarında yaradılan Ermənistan (Ararat) Respublikasını (1918-1920), sonralar Ermənistan Sovet Sosialist Respublikası (1920-1991) və Ermənistan Respublikası (1991-ci ildən) əvəz etdi. Hər respublika tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlılara qarşı yeni soyqırımı törətdi. Üç erməni respublikasından azərbaycanlılara qarşı üç soyqırımı qaldı.
Ermənistan azərbaycanlılardan azad edilmiş ərazilər ilə birgə, Azərbaycana qarşı ərazi iddialarını davam etdirdi. Bu erməni dövlətlərinin məqsədyönlü siyasəti nəticəsində hazırda Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20%-i işğal olunub, bu torpaqlarda qondarma “Dağlıq Qarabağ Respublikası” təşkil edilib”.
Akademik Yaqub Mahmudlu yazır, indiki Ermənistan Respublikasının yerləşdiyi ərazi qədim Azərbaycan torpağıdır. Bu diyarın ən qədim sakinləri kimmerlər, skiflər, saklar və digər türk toplumları, o cümlədən oğuz türkləri olmuşlar: “Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qəhrəmanlıq eposu olan Kitabi-Dədə Qorqud boylarının yarandığı geniş ərazinin tərkib hissəsidir bu yerlər. Bu ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının əhatə etdiyi torpaqlardır. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Lakin 1918-ci ildə beynəlxalq təzyiq nəticəsində İrəvan şəhəri ermənilərə güzəşt edildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı.
İlk mənbələr təsdiq edir ki, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu ərazi X- XVIII əsrlərdə Azərbaycan sülalələri olan Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olub. Orta əsrlərdə bu torpaqlarda Azərbaycanın Çuxursəd Əmirliyi və Çuxursəd Bəylərbəyiliyi mövcud olub.
XVIII əsrin II yarısında keçmiş Çuxursəd bəylərbəyiliyinin ərazisində yaranmış Azərbaycan dövlətlərindən birinin – İrəvan xanlığının paytaxtı İrəvan şəhəri daha da inkişaf etmiş, böyük ticarət və sənətkarlıq mərkəzinə çеvrilmişdi. Rusiya işğalı ərəfəsində İrəvan xanlığında yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi və İrəvan şəhərində oturaq erməni əhalisi yaşamırdı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi.
Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian - istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən, İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə köçürdü. İrəvan xanlığını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin “İrəvana istiqamətləndirilməsi və həmin ərazidə xristian əhalinin sayının mümkün qədər artırılması” barədə konkret göstəriş də vermişdi.
İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Qacarlar İranı və Osmanlı dövləti ərazilərindən kütləvi şəkildə köçürülüb gətirilən ermənilərdən 377 ailə məhz İrəvan şəhərinə – Azərbaycan türklərinin yaylaqlara köçərkən qoyub getdiyi evlərə yerləşdirildi. İrəvan şəhərinin tarixi simasını dəyişdirib “erməni şəhərinə” çevirmək siyasəti yeridən erməni vandalları bu qədim Azərbaycan şəhərinin bütün tarixi abidələrini məhv etdilər.
Bu gün qədim Azərbaycan şəhəri İrəvandan əsər-əlamət qalmayıb. İrəvan qalası içərisindəki tarixi-memarlıq abidələri ilə birlikdə məhv edilib. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izləri silinib, şəhərin azərbaycanlı etnik kimliyi yox edilmiş, qədim türk-müsəlman şəhəri monoetnik erməni şəhərinə çevrilib. Lakin tarixin yaddaşını silmək mümkün deyil! Erməni vandallarının dağıdıb məhv etdikləri İrəvan xanlığının paytaxtı olan Azərbaycanın qədim İrəvan şəhəri büsbütün öz tarixi varlığı ilə (əhalisinin etnik tərkibi, maddi-mədəniyyət abidələri, bütün tarixi adları və s.) tarix kitablarında, salnamələrdə, kameral təsvirlərdə, rəsm əsərlərində, qravürlərdə, fotosənədlərdə yaşayır və nəsillərdən-nəsillərə ötürülür”.
Fəlsəfə doktoru Nazir Əhmədlinin “İrəvan əyalətinin Kameral təsviri” kitabında qədim Azərbaycan şəhəri – İrəvan xanlığının paytaxtı – İrəvan şəhərinin 1831-ci il Kameral təsvirinə həsr olunub. Kitaba daxil edilən 1831-ci ildə İ.Şopenin rəhbərliyi ilə qeydiyyatçı A.Rıjkov tərəfindən tərtib edilmiş 3 kameral təsvirdə qədim Azərbaycan şəhəri İrəvanın əhalisinin adbaad siyahısı, etnik və sosial tərkibi, yaşı, məşğuliyyəti, sayı ilə yanaşı, şəhərdəki binalar, məhəllələr, meydanlar, çaylar, yollar, bağlar və s. ətraflı təsvir edilib, İrəvan şəhəri tam inventarlaşdırılıb: “I Pyotr dövründən başlayaraq ermənilərdən bir alət kimi yararlanmaq siyasəti yeridən Rusiya imperiyası, davamlı olaraq, erməniləri tarixi Azərbaycan torpaqlarında, xüsusən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində məskunlaşdırmağa çalışırdı. Hələ 1784-cü ilin aprelində Ararat patriarxı arxiyepiskop Haykanlı İosif ermənilərin İrəvan ətrafında məskunlaşmasına yardım edəcəyinə vəd verdiyi üçün çar generalı knyaz Q.A.Potyomkinə xüsusi minnətdarlığını bildirmişdi. Cənubi Qafqazdakı rus ordusunun baş komandanı K.F.Knorinq gürcü əsilli P.D.Sisianovla əvəz olunduqdan sonra Rusiyanın bu bölgədəki ermənilərdən yararlanmaq siyasəti daha da gücləndi. Təbii ki, bütün bu məsələlər kameral təsvirin elmi tədqiqata geniş surətdə cəlb edilməsi nəticəsində aşkar olunacaq. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, “İrəvan əyalətinin Kameral təsviri” Azərbaycanın tarixi torpağı olan İrəvan bölgəsinin tarixini araşdırmaq üçün olduqca qiymətli mənbədir”.
Elçin Qaliboğlu