“İtaliya Avropa İttifaqında...” Layihə

“İtaliya Avropa İttifaqında...”

Arzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir nömrəli dəstəkçilərimizdəndir”

Azər Badamov: “İtaliya Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasının tərəfdarıdır”

Prezident İlham Əliyev İtaliyaya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə imzalanıb.
Prezidenti İlham Əliyev Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından onun şərəfinə verilən dövlət ziyafətində deyib ki, çoxölçülü “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Azərbaycan Prezidenti bildirib ki, sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub: “Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Siyasi ekspert Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri çox mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda, bu səfərlə bağlı biznes forumun keçirilməsi də nəzərdə tutulur". O vurğulayıb ki, İtaliya və Azərbaycan arasında ümumiyyətlə, iqtisadi, siyasi və hətta hərbi baxımdan çox müsbət münasibətlər mövcuddur: "Məlumdur ki, İtaliya ilə diplomatik əlaqələrimiz 1992-ci ildən başlayıb. Eyni zamanda, İtaliyanın Azərbaycanda, Azərbaycanın isə İtaliyada səfirliyi təsis edilib. İqtisadi baxımdan çox böyük layihə olan TAP-ın istifadəyə verilməsi ilə İtaliya Azərbaycan üçün təkcə ticarət tərəfdaşı deyil, həm də Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısına çevrilib. O cümlədən İtaliya şirkətlərinin Azərbaycanda mövqeləri möhkəmlənməkdədir. Bu istiqamətdə çox mühüm addımlar atılır. Eyni zamanda, 2018-ci ildə məlumdur ki, İtaliyanın Prezidenti Azərbaycanda olmuş və Sumqayıta "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən Polipropilen zavodunun açılışında iştirak edib. Bundan başqa kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivi də çox inkişaf edən bir sahə kimi qeyd olunur. Məlum məsələdir ki, məhz Romada təşkil olunacaq şirkətlərin biznes forumu əsasən bu məsələlər ətrafında olacaqdır".
Arzu Nağıyev qeyd edib ki, İtaliya ilə bizim iqtisadi sahədə bərpa olunan enerji mənbələri, suyun və torpağın təmizlənməsi ilə əlaqədar ekoloji məsələlər üzrə ikili əlaqələrimiz mövcuddur, eyni zamanda, memarlıq və inşaat sahəsində də əməkdaşlığımız var: "Memarlıq və İnşaat Universitetində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması da çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Məlum məsələdir ki, Ələt Limanında İtaliya şirkətlərinin infrostrukturunun yaradılması ilə bağlı da çox mühüm işlər olub. Bunlar böyük iqtisadi məsələlərdir. Digər tərəfdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsində İtaliya çox mühim rol oynayan bir dövlətdir. İtaliya Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqında bir nömrəli dəstəkçilərimizdəndir. Avropa bu gün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana çox güvənir. Azərbaycan bu istiqamətdə çox mühim addımlar atır. İtaliya da bir tərəfdaş kimi bunu dəyərləndirir. Bütün bu prosesləri nəzərə alsaq Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri hərtərəfli genişləndirəcək".
Ekspert Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin əsasını qoydu. O, deyib bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə çox səmərəli görüşlər keçirdi: “Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Görüş zamanı “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno Tempini İtaliya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyini bildirdi. O, ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə vermək məqsədilə İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Prezident İlham Əliyevin diqqətinə çatdırdı”.
B.Əliyev vurğulayıb ki, bu gün İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır: “2019-cu il ərzində Azərbaycandan ixracın böyük bir hissəsi (28,7 faizi) İtaliyaya olub. Azərbaycan İtaliya ilə irimiqyaslı beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir, eyni zamanda, bu ölkənin xeyli sayda şirkətləri Azərbaycanda fəaliyyət göstərir”.
O, qeyd edib ki, səfər çərçivəsində Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin imzalanması mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə əsasən, bu sənəd qarşıdakı illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəd olmaqla yanaşı, ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bu sənədin ən mühüm tərəfi isə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşması və bunu dəstəkləməsidir. Bəyənnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. Bu sənədi Azərbaycanın növbəti beynəlxalq qələbəsi kimi dəyərləndirmək olar. Prezident İlham Əliyevin İtaliyaya səfəri həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın gələcək inkişafı baxımından dövlətin uğurlu xarici siyasətinin davamıdır”.
Ekspert deyib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. O bildirib ki, səfər çərçvəsində imzalanan sənədlər bizə ölkələr arasında iqtisadi potensialın, gələcək perspektivlərin daha da geniş olduğunu deməyə imkan verir: "İtaliya Azərbaycanla dost ölkədir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. İtaliya Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır...”.
Ekspert Sona Əliyeva bildirib ki, Azərbaycan enerji ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və ölkəmiz bu baxımdan da İtaliya üçün maraqlıdır. O qeyd edib ki, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazının bir hissəsi İtaliya ərazisindən keçir: "Bu kontekstdə Azərbaycan İtaliya üçün önəmli olmaqla yanaşı, sözügedən ölkənin investisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıqla bağlı ikitərəfli saziş hazırlanıb. Azərbaycan artıq Aİ-nin 9 ölkəsi ilə bu kontekstdə ikitərəfli münasibətlər qurub, sazişlər imzalayıb.
Dövlət başçısının səfəri ümumilikdə Azərbaycan-Avropa münasibətlərinin inkişafına təkandır. Bu baxımdan da Prezident İlham Əliyevin İtaliyaya səfəri təsadüfi deyil".
O, vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşündə münaqişənin sülh yolu ilə və tezliklə həllində maraqlı olduğunu bildirdi. Hazırda ATƏT-ə sədrlik edən bir ölkənin başçısından bu kimi sözləri eşitmək xoşdur. Ümid edirəm ki, İtaliya ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərini daha da artıracaq.
Şübhəsiz ki, İtaliya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq sənədləri bizim gələcək əlaqələrimizin konturlarını cızmış oldu. Bizim Avropanın mərkəzində İtaliya kimi strateji tərəfdaşımızın olması ölkəmizin Qərbi Avropadakı nüfuzunu daha da artırmaqdadır".
Əli