Media nəyə üstünlük verməlidir? Layihə

Media nəyə üstünlük verməlidir?

Kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməlidir

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya öz qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Nə yazıq ki, bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media - mətbuat, televiziya, radio və internetdir. İnsanın öz dəyərlərini itirərək, gözünü maddiyyata və ambisiyalarına çevirməsində, onun öz daxili aləmini çirkləndirməsində medianın da rolu var.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun sədri, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu bildirib ki, kütləvi informasiya vasitələrinin necə böyük bir gücə malik olması barədə söhbət açmaq yersiz olardı. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Bu gün kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Çünki onsuz həyatımızın hansı istiqamətdə axın edəcəyini düşünmək qeyri-mümkündür. Bu, günümüzün reallığıdır. Lakin gəlin bir anlıq təsəvvür edək: nəinki gündəlik iş rejimimizə, hətta şüurlarımıza və bilavasitə şəxsiyyət kimi inkişafımıza birbaşa təsir etmək gücünə malik bəzi KİV-lər düzgünlük, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə, zorakılığı, milli diskriminasiyanı, cəmiyyətin bir çox eybərcərliklərini qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına çevrilir. O zaman istər cəmiyyətin, istərsə də ayrı-ayrı fərdlərin müsbət yöndə inkişafından danışmağa dəyərmi?"
V.Zifəroğlu qeyd edib ki, müasir jurnalistkanın dinamik inkişafı və informasiya məkanının qloballaşması dünyanın istənilən nöqtəsinə öz təsirini göstərib. Mətbuat, televiziya və radio, multimedia və internet şəbəkələri milyonlarla insanın evinə girməkdədir. İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, güclülər informasiyanın toplanması, saxlanması, işlənməsi, yayılması və istehsalı proseslərində də öz qayda və qanunlarını diqtə edirlər: "Lord Biverbrukun bir zamanlar dediyi kimi, "Mən qəzeti təbliğat aparmaq üçün nəşr edirəm, başqa məqsədlər üçün yox". Dünya informasiya bazarında cəmi 9 şirkətin söz sahibi olmasının özü bunu əyani olaraq sübut etməkdədir. Birbaşa diqtə və senzura müasir dünyamızda tarixdə qalmış bir nəsnədir, lakin indi iqtisadi gücə malik korporasiyalar (və şübhəsiz ki, onların arxasında duran güclər) beynəlxalq rəyi nəzarətdə saxlamaq məqsədi ilə ustalıqla media gücündən istifadə edirlər. Məşhur Rusiya jurnalist-nəzəriyyəçisi S.Mixaylovun da yazdığı kimi, həmin korporasiyalarla əlbir şəkildə "dövlət orqanları da aktiv olaraq xəbərlərin manipulyasiyası prosesində iştirak edirlər, məsələn bunu biz, Amerika Birləşmiş Ştatlarının timsalında görə bilərik". Bu zaman isə artıq kütləvi informasiya vasitələri ilə yad mədəniyyətlərin ekspansiyası prosesi ilə qarşı-qarşıya gəlmək təhlükəsi ilə üz-üzə qalırıq".
O da vurğulanıb ki, bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq. Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi - əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir: "Bu gün igid oğullarını itirmiş anaların, tənha qocaların, həyat yoldaşları qürbətə qazanc dalınca getmiş cavan gəlinlərin, qaçqın şəhərciklərində əlləri qoynunda qalmış qadınların dərd-sərindən yazmaq işıqlandırmaq bir nömrəli məqsəd olmalıdır. Bu gün inkişaf edən Azərbaycanda avropalaşmanın üstünlükləri olsa da, bunun mənfi tərəfləri də var. TV-lərdə efirə gedən xarici kinofilmlərin, musiqinin təsiri altında
formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii oriyentirlərdən surətlə uzaqlaşır. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir. Söhbətlərində, geyim-geçimlərində, xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə "avropalaşmaq" adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan təbili çala bilmir. Əvəzində isə, sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, abırsız şəkillər, kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə balta vurur, satira əvəzinə söyüş, tənqid əvəzinə təhqir yazırlar".
V.Zifəroğlu onu da bildirib ki, böyük və ciddi məsələrdən biri də ölkədə sektant qrupların, missionerlərin, özünü əsl müsəlman kimi qələmə verən qeyri-ənənəvi təriqətlərin surətlə artmasıdır. Bütün bunlar gənclərə böyük təsir göstərir, onları milli-etnik kökdən ayırıb, özgə dünyagörüşünün, yad mənəviyyatın və dinin quluna çevirir.
Bu cür fəaliyyət təkcə jurnalistikanın praktikasına deyil, milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara da ziddir: "Qloballaşma, dünya mədəniyyətinə inteqrasiya, dinlər və mədəniyyətlərarası dioloq prosesinə cəmiyyətimizin sosial-mədəni reaksiyası, mənəvi-əxlaqi dəyərlərimizin dirçəldilməsi və ən azından KİV-lə təbliğinə qanunauyğun bir meyl doğurur. Və bu cür təbliğat da islamın zahiri görünən və qəbul edilən atributları ilə paralel olaraq, onun həqiqi mədəni- mənəvi normalar sistemi kimi mahiyyətinin dərk edilməsi, dinimizin əsrlərin və ölkələrin sərhədlərini hansı dəyərlərin əzəməti ilə aşa bilməyə qadir olması haqda aydın təsəvvürlər yaradılmasını aktual məsələyə çevirir.
Ümumbəşəri qlobal dəyərlərin və prinsiplərin reallaşdırılmasında "İslam faktorunun" Qərbdə formalaşmış yalnış stereotip kimi deyil, dioloq, əməkdaşlıq, kompromis kimi əməl müddəaları mənasında başa düşülməsi qlobal ünsiyyətin potensial mexanizmi kimi qiymətləndirilməsinin vaxtı gəlib çatmışdır. Qərb üçün təhlükə kimi qələmə verilən "İslam intibahının", islamın təsir gücünün, nədən ibarət olmasını aydınlaşdırmağa bu gün çox səy göstərirlər. Və təbii ki, bu məsələni də KİV-siz xüsusən də radio və TV-siz həyata keçirmək, həll etmək mümkün deyildir.
Politoloq sonda onu da vurğulayıb ki, sonralar ABŞ-da böyük media korporasiyanın əsasını qoymuş və 19-cu əsrin sonlarında, XX əsrin əvvəllərində yaşamış Vilyam Rendolf Herstin Kuba adasındakı müxbirinə məşhur məktubu var. Herst həmin məktubda öz müxbirinə yazır: "Sən Kubada qalmaqda və mənə orada baş verənlərlə bağlı məlumatları və şəkilləri göndərməkdə davam et. Müharibəni başlamaq isə mənim boynuma". Həqiqətən də Herstin nəzarəti altında olan qəzetlərdə aparılan iyrənc təbliğat tez bir zamanda Kuba üstündə ABŞ-la İspaniya arasında müzaribənin başlamasına səbəb olur".
Media və Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə Quliyevanın fikrincə, Azərbaycan mediasında milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edə biləcək, əhalinin maariflənməsi istiqamətində aparılan araşdırmalara nadir hallarda rast gəlirik: "Mətbuatımız daha çox bayağı hadisələrə üstünlük verirlər. Media daha çox dövlət və dövlətçilik prisniplərini, milli və əxlaqi dəyərlərimizin qorunmasına üstünlük verməlidir. Bu bizim üçün ən başlıca prioritet məsələ olmalıdır. Gündən-günə çoxalan saytlara və eləcə də internet televiziyalarına nəzarət artırılmalıdır. Azərbaycan qayda və qanunları isə fəaliyyət göstərən istənilən media orqanı ona, millətinə xidmət etməlidir. Böhtan, dövlət və dövlətçiliyə qarşı olan materiallara yer verilməməlidir. Media əhalini maarifləndirməlidir, özünün populyarlaşması üçün deəinformasiyalara yer verməməlidir. Qanunla fəaliyyət göstərirsənsə, qanunu tələblərinə uyğun hərəkət etməlisən. Mənə elə gəlir ki, qanuna qarşı çıxan media orqanı dərhal bağlanmalıdır. Qlobal və müxtəlif hadisələrin yaşandığı bir zamanda fəaliyyət göstəririksə, media siyasətimizi də buna uyğunlaşdırmalıyıq".

Cavid