“Pandemiya göstərdi ki, dövlətlərə resurslar lazımdır” Layihə

“Pandemiya göstərdi ki, dövlətlərə resurslar lazımdır”

Əziz Əlibəyli: “Zəngin resurslarımız Qarabağda düşmən tərəfdən ələ keçirilib”

“Pandemiya göstərdi ki, dövlətlərə resurslar lazımdır, potensial güc səbəbləri gərəkdir, bizim zəngin resurslarımız Qarabağda düşmən tərəfdən ələ keçirilib. Bura aiddir gözəlliyi ilə seçilən turistik zonalar, zəngin yeraltı və yerüstü sərvətlər, ən əsası meşələr və gələcəyin müharibəsinə səbəb olacaq su ehtiyatlarımız. Bunlar düşmən əlindədir. Əhalimizin əmək qabiliyyətlisinin sayı 5 milyonu ötüb, say tərkibinə görə gənclər üstünlük təşkil edir, 30 ildir 3 milyonu keçə bilməyən ermənilərə rəğmən düşmənə qarşı savaşmaq ehtirasında olan gənclərimizin sayı milyonlarladır. Pandemiya dönəmində keçirilən görüşlər də yenilik vəd etmədi. Rusiya da ABŞ-ın bölgəyə artan marağını önləmək üçün Qarabağla bağlı həlli öz himayəsinə alması da nəticə vermədi. Ona görə anbarlarımızda toplanan möhtəşəm silahları daha artıq gözlətməyə ehtiyac yoxdur”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin məbuat xidmətinin rəhbəri Əziz Əlibəyli səsləndirib. O, pandemiya dövründə Ermənistan və Azərbaycanı müqayisəli təhlil edib, Qarabağ probleminin həll perspektivini şərh edib və digər suallarımızı cavablandırıb.
-Əvvəlcə bildirim ki, pandemiyaya qarşı mübarizə Azərbaycanda vaxtında təşkil edildi. Ölkə rəhbəri bütün siyasi və iqtisadi məsələləri, ölkə sərhədlərindən kənarda qalan vətəndaşları da nəzərə alaraq, vaxtında karantin rejiminin tətbiqinə qərar verdi. Xarici dövlətlərlə sərhədlərin bağlanması, soydaşlarımızın ölkəyə gətirilməsi, müasir xəstəxanaların yaradılması, digər şəfa ocaqlarının virusla mübarizəyə uyğunlaşdırılması, paralel şəkildə ölkənin bütün həyat sahələrinin virusla mübarizəyə səfərbər edilməsi kimi meqa tədbirlər baş tutdu.
Nə qədər çətin görünsə də bütün ölkədə karantin rejimi tətbiq edildi, insanların bir-biri ilə təması minimuma endirildi ki, kütləvi yoluxmaya nəzarət etmək mümkün olsun.
Eyni zamanda, biznes strukturlarının müdafiə olunması, iş yerlərinin qorunması, əhalinin aztəminatlı təbəqəsi üçün büdcədən ayırmalarla yanaşı, ölkə rəhbəri mübarizə fondu yaradaraq, illik maaşını ora bağışlaması ictimai trend yaratdı, ümumilikdə isə 3,5 milyard manata qədər vəsait sosial paket üçün ayrıldı. Hazırda mərhələli olaraq karantin rejimi yumşaldılır, yoluxanların sayı nəzarətdə saxlanılır, sağalanların ümumi sayı isə gündən-günə artmaqdadır. Bu baxımdan dünya bir Azərbaycan modeli ilə tanış oldu ki, hətta ÜST ölkə rəhbərinə təşəkkür edərək, Azərbaycanı dünyaya örnək ölkə adlandırdı. Azərbaycan bu imtahanı yüksək bal qazanaraq başa vurmağa hazırlaşır.
Amma biz qonşu Ermənistanda nəyin şahidi oluruq? Yoluxma faktları gizlədilməyə başladı, amma daha sonra virus nəzarətdən çıxaraq geniş vüsət aldı, hətta az zamanda yoluxma rəqəmləri Azərbaycanı belə keçdi. Heç bir ciddi iqtisadi göstəricisi, tibb xidməti olmayan ölkədə informasiya da eyni səviyyədə olduğu üçün sosial şəbəkələr vəziyyətin daha dəhşətli olduğunu ortaya qoydu. Digər məsələ, orduya sıçramış faktlarla bağlıdır ki, düşmən ölkədə vəziyyətin hansı səviyyədə olduğunu anlamaq olar.
Əhalinin böyük əksəriyyəti fövqəladə hal elan edilən gündən aclıqla üz-üzə qalıb.
Bu müddətdə Azərbaycan rəhbəri sosial məsafə qaydalarına riayət edə -edə ictimaiyyətlə təmaslarını davam etdirdiyi halda, baş nazir Paşinyan bir müddət özünü karantinə alaraq faktiki siyasi infarkt keçirməyə başlamışdı.
Ermənistan koronovirusa yoluxanların sayı sutka ərzində 239 nəfər artaraq 4283 nəfərə çatıb, daha 3 nəfər həyatını itirib.
Dünənə qədər Ermənistanda 4044 nəfər virusa yoluxduğu, 52 nəfərin öldüyü açıqlanmışdı. 2415 nəfər müalicə alır, 39005 test keçirilib. Qeyd edək ki, Ermənistanda 16 martdan 13 iyuna qədər fövqəladə vəziyyət elan olunub.
-Postpandemiya dövrünə Ermənistan və Azərbaycan necə gedir?
-Əlbəttə bizim qayğılarımız təkcə müəyyən qədər iqtisadi zərərlə bağlı deyil, paralel olaraq, pandemiya dövründə Ermənistanın təxribatı ilə üz-üzə qalmağa davam etdik, xüsusilə də cəbhə xəttində yox, sərhəddə düşmən fəallaşdı, Qazaxada dəfələrlə ciddi avantüralara səbəb oldular, ən rüsvayçısı o idi ki, iki mərhələdə separataçı repsublikada seçkilər də keçirdilər. Bunlarla bağlı Azərbaycan tərəfi adekvat davrandı, amma şübhəsiz ki, koronovirusla savaş bitən kimi Azərbaycan ikinci düşmənlə- Qarabağdakı işğalçılarla onların anladığı dildə danışmağa başlayacaq.
Ona görə də postpandemiya dövrünə Azərbaycan iqtisadi resurslarını qorumuş, ordusu təlimləri daim davam etdirib, yeni silahlar alıb, beynəlxalq nüfuzunu artırıb, Qoşulmama Hərəkatının lideri kimi pandemiya dövründə bəşəri funksiya üstlənıb, Ermənistan isə ac, zəif və siyasi təlatümləri ilə gələcəyə yol alıb. Paşinyan hakimiyyətə gələrkən verdiyi vədləri unudub, əməl edə bilmir. Əlehdarlarına divan tutub, Rusiya ilə problemlər yaşayır, Qərbdəki lobbidən sillə yeyir. Postpandemiya dövrünə inqilabla başlayacaqlar. Həm də Nikolun siyasi qürubu ilə.
-Bu dönəm Qarabağ münaqişəsinin perpektivini necə dəyərləndirmək olar?
-Dağlıq Qarabağla bağlı ATƏT-in digər iki ölkəsindən fərqli olaraq, Fransa sanki geri çəkilib, zaman-zaman Rusiya və ABŞ münaqişənin həlli ilə bağlı təkliflər irəli sürür, xarici siyasi maraqlara görə bəzən həllini də istəyirlər, amma Azərbaycanın pozulmuş haqlarının qismən təmini də bizi qane etmir, çünki Qarabağ və ətraf rayonlar işğal edilib, yüz minlərlə soydaşımız məcburi köçkün düşüb, müharibə cinayətləri törədilib, ən qəribəsi düşmən ildən-ilə destruktivləşir, daha da yaramazlaşır.
O baxımdan, pandemiya təkcə təkcə problem gətirmədi, həm də bol vaxt və dünyaya yeni nizam gətirdi.
Dünya Türkiyənin dronlarla savaşını heyranlıqla izləməyindən dörd il əvvəl aprel döyüşlərində Azərbaycan dronları ermənilərin bütün hərbi sirrini faş edərək, gücünü, hərbi nağılını fiaskoya uğratmışdı. Ona görə daha silah da var, ordu da, təcrübə də. Bir halda ki, diplomatiya da nəticəsiz qalır, ölkə prezidenti güman ki, pandmiyadan sonra bu məsələ barədə konkret qərar verəcək.
- Yeri gəlmişkən, Azərbaycan cəmiyyətində həmsədrlərə inam qalmayıb. Haqlı olaraq onların fəaliyyəti daim tənqid olunur…
-Təbii ki, həmsədrlər Azərbaycanda mütəmadi olaraq tənqid hədəfinə tuş gəlir. Bunun da kökündə onların yarıtmaz fəaliyyəti dayanır. Yəni həmsədrlər indiyə qədər konkret addım atmayıblar. İşğalçı ilə işğala məruz qalan dövlətə eyni mövqe sərgiləyiblər. Bir sıra hallarda ədalətsiz yanaşma tərzi ortaya oyublar, ikili standart özünü biruzə verib. Yəni demək olar ki, Minsk Qrupunun həmsədrləri fəaliyyətsizdirlər. Onların regiona səfərləri konkret nəticələrlə yadda qalmayıb. Yəni həmsədrlərin bölgəyə səfərləri turist səfərlərindən fərqlənməyib. Hər şey açıq formada göz qabağındadır ki, torpaqları işğal olunan da, təcavüzə məruz qalan da Azərbaycandır. Belə olan halda həmsədrlər konkret mövqelərini ortaya qoymalıdırlar. Effektiv addımlar atmalı, işğalçıya ciddi təzyiqlər və sanksiyalar tətbiq etməlidirlər. Biz işğala məruz qalan dövlət kitimi bunu görmürük. Amma Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan hakimiyyəti dəfələrlə həmsədrlərin diqqətinə çatdırıb ki, bir qarış torpaq belə güzəştə gedilməyəcək. Azərbaycan torpaqları qeyd-şərtsiz işğaldan azad olunmalıdır. Əks təqdirdə Azərbaycan ordusu hərb yolu ilə öz trorpalaqrını işğaldan azad edəcək…Bütün bunlara rəğmən son illər Azərbaycanın dünyada nüfuznun artması da diqqətdən qaçmamalıdır. Rusiya ilə münasibətlər inkişaf etdirilir, Fransa ilə bağlı sıx münasibətlər var. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktub isə müsbət dinamika vəd edir…

Əli
Ardı var…