İrəvan quberniyasında azərbaycanlıların soyqırımı arxiv sənədlərində Layihə

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı arxiv sənədlərində

4-cü yazı

1918-ci il mayın 15-də Kazım Qarabəkir Paşanın komandanlığında türk qoşunları Gümrüyə daxil olmazdan əvvəl ermənilərə ultimatum vermişdi ki, şəhərdəki türkləri gətirib türk ordusuna təhvil verin və sonra da şəhəri təslim edin. Ermənilər qorxularından Gümrüdə yaşayan 250 türk ailəsini arabalara mindirib Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim etmişdilər. Kazım Qarabəkir Paşa həmin vaxt Gümrüdə ancaq 8-10 imkansız türk ailəsinin qaldığını yazır. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, Gümrüyə daxil olan türk ordusu iki istiqamətdən irəliləmişdi. Qoşunların bir qismi İrəvan istiqamətində, bir qismi də Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor şəhəri - müəl.) istiqamətində hərəkət etmişdi. Mayın 21-də türk qoşunları Sərdarabad və İrəvan yaxınlığındakı Qamışlı (sonralar Yeğeqnut) dəmiryol stansiyasını ələ keçirir. Ayın 24-də türk qoşunları Hamamlını (sonralar Spitak) erməni silahlılarından təmizləyir. General T.Hazarbekovun komandanlığı altında geri çəkilən erməni korpusu Birinci Dünya müharibəsi gedişində rus qoşunlarının Anadoluda əsir aldığı və həmin vaxt Qarakilsədə saxlanılan 4 min türk hərbi əsirlərindən min nəfərini Qarakilsədə öldürmüşdü. Qalan üç min əsiri mayın 29-da Kazım Qarabəkir paşa azad etdikdən sonra Qarakilsədən Gümrüyə qayıtmışdı.
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
Ermənilərin törətdikləri vəhşiliklər haqqında yunanlar Cənubi Qafqaz Seyminə aşağıdakı məlumatı vermişdilər: “Türk ordusunun qarşısından geri çəkilən silahlı erməni qaçqınları ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər… “Qalib” erməni ordusu hərbi qənimətləri, yəni süngü ucuna taxılmış südəmər uşaqlarala keçdikləri yolların ətrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabından ağlını itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi daş olmalıdır…”
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. Milli Şura ermənilərin törətdikləri qırğınlar barəsində Bəyaziddəki türk qoşunlarının komandanlığına möhürlü bir məktub göndərmişdi. Məktubda deyilirdi: “Rusların çəkilməsi erməniləri başımıza bəla etdi. İllərdən bəri bölgədə yığılıb qalan silahlara sahib oldular. Uzun illərdən bəri bəslədikləri əməllərini fəaliyyətə keçirdilər. Səfərbərlik elan etdilər və İrəvan quberniyasında yaşayan müsəlmanları özlərinə rəqib gördüklərindən, ilk öncə bizləri ortadan qaldırmaq məqsədilə bütün güclərini bizim yox olmağımız üçün yönəltdilər. Ruslardan əldə etdikləri silahları bizim üzümüzə çevirdilər. İki ay yarımdan bəri adətən müsəlmanlara qarşı hərb elan etmişlər kimi, əsgərlər quldur dəstələri müsəlmanlar üzərinə top, pulemyot ilə gedib zülm edirlər. Nahiyələri, kəndləri yandırırlar. Qadınlara təcavüz edirlər, uşaqları kəsirlər, qocaları boğazlayırlar. Bu ana qədər iki yüz kənd məhv olmuş, zülmdən qurtula bilənlər dağlara qaçıblar. Təbi ki, onların da bir qismi aclıqdan və soyuqdan ölmüşlər. İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadaır”. Daha sonra məktubda bütün İrəvan quberniyası müsəlmanlarının adından xahiş edilirdi ki, həmin məktub ordu komandanı Vehib paşa vasitəsilə Osmanlı padşahına çatdırılsın ki, o da bu məzlum türk yavrularını öz himayəsi altına almaq üçün iradə göstərsin, əks təqdirə məhv olacağıq. Həmçinin xahiş edilirdi ki, bu məktub həmin günlərdə Batumda toplanmış sülh konfransında səsləndirilsin.
İrəvan quberniyasında yaşayan müsəlmanları ermənilərin törətdikləri qırğınlardan xilas etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Osmanlı ordusunun 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətində deyilirdi: “İrəvan quberniyası ərazisindəki otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaçaraq gələn yaralı və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində üzülməkdə olduqlarından, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
Kazım Qarabəkir paşa 27aprel 1918-ci ildə general Nazarbekova göndərdiyi bir teleqramda erməni silahlı dəstələrinin İrəvan quberniyasının müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar barədə konkret faktlar sadalamış, məsələnin iç üzünün araşdırılmasını tələb etmiş və qırğınları törədənlərin şiddətlə cəzalandırılmasını istəmişdi.
Bütün bu qırğınları ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin Erməni fraksiyası İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün Müsəlman fraksiyasına müraciət etmişdi. Çünki müstəqillik aktının elan olunması üçün Ermənistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bəy Usubbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.
Mayın 29-da Müsəlman Milli Şurasının iclasında baş nazir Fətəli xan Xoyski çıxış edərək Erməni Milli şurasının nümayəndələri ilə iki respublika arasında sərhədlər məsələsi ilə bağlı apardığı danışıqlar haqqında məlumat verir. F. Xoyski bildirir ki, ermənilərə siyasi mərkəz lazımdır, lakin Aleksndropolun (Gümrünün) Türkiyənin əlinə keçməsindən sonra belə mərkəz yalnız İrəvan ola bilər. İclas İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsini tarixi zərurət və labüd bədbəxtlik kimi qiymətləndirir. İclasda iştirak edən 28 nəfər Milli Şura üzvündən 16 nəfər İrəvanın ermənilərə güzəştə gedilməsinə “hə”, bir nəfər “yox” deyir, üç nəfər isə bitərəf qalır.
Lakin İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi. İyunun 1-də keçirilən Milli Şuranın iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də, nəticəsi olmur. Milli Şura bu məsələni müzakirə etmədən protokola əlavə edilməsini tövsiyə edir. Həmin iclasda İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır. Mir Hidayət Seyidov, Bağır Rzayev və Məmməd Yusif Cəfərov İrəvana gedəsi nümayəndə heyətinin tərkibinə seçilirlər.
İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında müqavilə imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.
Batum müqaviləsinin 3-cü maddəsində qeyd edilirdi ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlərin müəyyənləşdirilməsinə aid bağlanan protokollar Osmanlı imperatorluğu hökumətinə təqdim ediləcək. Həmin müqavilənin 5-ci maddəsində Ermənistan Respublikası onun ərazisində hər hansı quldur dəstəsinin yaradılmasına və silahlanmasına qarşı mübarizə aparmağı, bütün bandaları tərksilah etməyi, 6-cı maddəsində isə Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adət-ənənələrinə hörmət etməyi, müsəlmanların və digər dinlərə mənsub olanların mülki və siyasi hüquqlarına sahib olmasını öz öhdəsinə götürmüşdü. Lakin Erməni Milli Şurasının nümayəndələri Batumda sülh danışıqlarında (11 may - 4 iyun) iştirak etdikləri və Osmanlı dövlətinin mərhəmətinə sığındıqları bir vaxtda Korqanovun, Nazarbekovun, Silikovun, Andranikin, Dronun, Njdehin komandanlığı altında erməni silahlı qüvvələri əvvəlcə Qars vilayətində, sonra isə İrəvan quberniyasının qəzalarında müsəlmanlara qarşı kütləvi qırğınlar törədirdilər. Həmin dövrdə Qarabağda, Zəngəzurda və Stepan Şaumyanın sədri olduğu Bakı Xalq Komissarları Sovetinin nəzarət etdiyi ərazilərdə erməni vəhşilikləri davam edirdi.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yarımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin. Lakin İrəvan quberniyasının türk qoşunlarının nəzarətindən kənarda qalan bölgələrində ermənilər qırğınları bir gün də olsa dayandırmamışdılar. Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı Dağlıq Qarabağa ərazi iddiası irəli sürmüşdü…

Elçin Qaliboğlu