Ermənistanın işğalçılıq siyasəti videokonfransda səslənib Layihə

Ermənistanın işğalçılıq siyasəti videokonfransda səslənib

Siyasi partiya rəsmiləri də fikirlərini bildiriblər

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi cari ilin 27 may tarixində silahlı münaqişələr zamanı mülkü əhalinin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının (TŞ) videokonfrans vasitəsilə həyata keçirilmiş açıq müzakirələrində iştirak edib və çıxış səsləndirib.
Daimi nümayəndəliyin çıxışında müzakirə olunan məsələnin BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət və xüsusilə də, Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunur.
Dünyada mülki əhalinin yeni və yaxud uzun müddətdir davam edən, aktiv və ya atəşkəs ilə dayandırılmış silahlı münaqişələrdən əziyyət çəkdiyi, on minlərlə mülki vətəndaşın öldürüldüyü və ya zərər çəkdiyi, milyonlarla insanın isə öz doğma yurdlarından didərgin düşdüyü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Çıxışda Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada, 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölüm ilə nəticələnən məcburi deportasiyası qeyd olunub, həmçinin 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülkü infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub.
Həmçinin çıxışında Daimi Nümayəndəliyimiz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salındığını vurğulayaraq, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyini bəyan edib.
Bununla yanaşı, Ermənistan tərəfindən sözügedən ərazilərdə hərbi quruculuq işlərin aparılması, ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətinin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyü qeyd olunub. Bu fəaliyyətin regionda sülh, təhlükəsizlik və sabitliyə təhdid yaratdığı, ö cümlədən bununla yüz minlərlə insanın azadlıq və hüquqlarının pozulduğu ifadə edilib.
Daimi Nümayəndəliyimiz bu yaxında dərc edilmiş “Azərbaycan ərazilərində müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hərtərəfli hesabata istinad edərək, hesabatın Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edən dəlilləri əks etdirdiyini vurğulayıb.
Çıxışda BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı münaqişələr zamanı zərər çəkmiş mülki əhalinin qorunması məsələsinin daima diqqət altında saxlanılmalı olduğu və silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq olmaları üçün tələbin mütəmadi olaraq bəyan edilməsinin vacibliyi vurğulanıb.
Onu da qeyd edək ki, bir müddət bundan öncə Azərbaycan-Ermənistan cəbhə xəttində “gərginlik” yaşanıb.
Rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib ki, Azərbaycan tərəfi bənzər addımlarla erməni tərəfinin müdafiəsini yoxlayır.
Vladimir Yevseyev qeyd edib ki, bunun döyüş kəşfiyyatı olduğunu düşünmür, lakin Azərbaycan tərəfindən aprel ssenarisinin təkrarlanmasını da istisna etmir.
“Hansısa hərbi uğurdan sonra Azərbaycan döyüş əməliyyatlarına başlamaq üçün artıq hazır olan daha ciddi qüvvələrini işə sala bilər. Buna görə də cəbhə xəttində istənilən qızışdırma münaqişənin eskalasiyasına hamilədir”, - deyə rusiyalı hərbi ekspert bildirib.
Analitik Karen Bekaryan deyib ki, bu gün biz əslində xarici siyasətə görə cavabdeh vəzifələrin ad siyahısına malikik, bu vəzifələrdə insanlar var, lakin biz təəssüf ki, Ermənistan Respublikasının xarici siyasətinin cavabdehlərinə sahib deyilik.
Onun sözlərinə görə, son həftə ərzində Qarabağ ətrafında kifayət qədər çətin vəziyyət formalaşıb.
“Son çıxışlarında Azərbaycan Prezidentinin söz tərkibi, bundan sonra Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilmiş bəyanatlar müharibə xronikasını xatırladır. Bu müddət ərzində biz Xarici İşlər Nazirliyinin daş səssizliyinə sahibik”, - deyə Karen Bekaryan bildirib.
Erməni analitik bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi buna nəinki cavab vermir, heç işləmir də.
Bildirək ki, Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təminatı məsələsi ölkə gündəmində mühüm yer tutur.
Maraqlıdır, siyasi partiyalar bu mühüm məsələnin həlli üçün bütün digər fəaliyyəti bir kənara qoya bilərlərmi? Yəni siyasi təşkilatlar müəyyən müddət ərzində sırf Qarabağ problemi ilə məşğul olub bu istiqamətdə hansısa işlər görə bilərmi?
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyir ki, müxalifətə bütün problemləri bir kənara qoyub ancaq Qarabağ məsələsi ilə məşğul olmaqla bağlı təklif vermək olmaz:
“Siyasi partiyaların fəaliyyət sahəsi genişdir. Bura sosial-siyasi, ictimai və iqtisadi məsələlər də daxildir. Siyasi partiyaların fəaliyyətinin prioritetliyinə ölkədə olan problemlər və onların həllinə yanaşma təsir göstərir. Məsələ bundadır ki, Qarabağ probleminin həlli müxalif düşərgəsinin üzərində deyil. Bu problemin həlli ilə bilavasitə iqtidar məşğul olmalıdır. Ona görə hakimiyyət bu problemin həllinə çalışmalıdır. Çox təəssüf ki, son 30 ildə Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş əldə olunmayıb. Əksinə, hər dəfə Ermənistanda hakimiyyət dəyişdikcə, Qarabağ məsələsində biz uduzuruq. Buna görə də müxalifətə digər sosial problemləri bir kənara qoyub, Qarabağ problemi ilə məşğul olmaq barədə təklif vermək doğru olmazdı. Çünki müxalifətin işıqlandırdığı problemlər daha tez həllini tapır”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Dağlıq Qarabağ probleminin siyasi partiyaların həll edəcəyi məsələ olmadığını deyir:
“Ərazi bütövlüyümüzün bərpa olunması partiyaların həll edəcəyi bir məsələ deyil. Əgər bu məsələ bizə aid olsaydı, böyük məmnuniyyətlə bütün fəaliyyətimizi bu istiqamətdə davam etdirərdik. Bu problem dövlətin həll edəcəyi məsələdir. Biz hərbi əməliyyatlar başlayarsa, həm siyasi, həm mənəvi cəhətdən lazım olan bütün dəstəyi göstərə, əhalinin ruhlandırılması və bütün diqqəti qələbəyə yönləndirməkdə kömək edə bilərik”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Qarabağ probleminin həlli məsələsinə partiya olaraq aktiv yer verdiklərini bildirib:
“Bizim partiya - BAXCP hər zaman öz fəaliyyətində Qarabağ məsələsini proritet olaraq əsas tutub. Mütəmadi olaraq Qarabağ probelminin həlli istiqamətində öz təkliflərini verib. Qarabağ məsələsinin həlli üçün işlərin görülməsinə gəldikdə isə, bu gün Qarabağ probleminin həlli üçün Ermənistana ciddi şəkildə dəstək verən Rusiya ilə müzakirələr, danışıqlar aparmalıyıq. Hər kəs bunu çox yaxşı bilir ki, Rusiyanın bu məsələdə neytrallığını təmin etmiş olsaq, qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad edə bilərik. Rusiya dünyanın hərbi baxımdan çox güclü dövlətlərindən biridir. Və bizim qarşımızda duran da Rusiyadır”.
Ümid Partiyasının mətbuat katibi Elşad Barat Qarabağ mövzusunda bütün müzakirələrə açıq olduqlarını, lakin digər işləri kənara qoymayacaqlarını qeyd edib:
“Ümid Partiyası yarandığı gündən bəri fəaliyyətinin ana xəttini Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən mübarizəyə bağlayıb. Bizim üçün Qarabağ məsələsi hər zaman gündəmdə olan məsələdir. Biz bu mövzunu daim diqqətdə saxlamışıq, saxlayacağıq da. Buna görə də hesab etmirəm ki, biz digər işlərimizi kənara qoymalıyıq. Digər siyasi partiyaların bu barədə nə düşündüklərini mən deyə bilmərəm, ancaq biz Ümid Partiyası olaraq Qarabağ mövzusunda bütün müzakirələrə açığıq”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyir ki, təmsil etdiyi partiya zaman-zaman Qarabağ məsələsini diqqətdə saxlayıb və bundan sonra da saxlayacaq:
“Təkcə partiyalar yox, media nümayəndələri, digər sahənin əməkdaşları da daxil bütün vətəndaşlar Qarabağ məsələsini gündəmdə saxlmalıdırlar. Liberal Demokrat Partiyası olaraq pandemiya dövründə səfərlərdə olmamışıq. Amma səfərlərdə olanda bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişik. Yəni partiyaların işi yalnız sosial problemləri yox, bu məsələni də işıqlandırmaqdır. Hesab edirəm ki, Qarabağ məsələsində iqtidar, yaxud da müxalif anlayışı olmamalıdır. Hamımız bir yumruq kimi problemi beynəlxalq təşkilatlara, bütün dünyaya çatdırmalıyıq”.

Cavid