“Müharibə ehtimalı çox yüksəkdir” Layihə

“Müharibə ehtimalı çox yüksəkdir”

Elxan Şahinoğlu: “Cənubi Qafqazda sabitlik üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”

Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Bunun əksinə olaraq erməni separatçıları təxribat törətməkldə davam edir və müharibəyə səbəb olacaq müxtəlif addımlar atırlar. Buna misal olaraq separatçıların İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi”ni, separatçıların yeni “prezidenti”nin “təyinatlar”ını və indi də ortaya atdıqları “yol xəritəsini”, Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq üçüncü magistral yolun tikintisini göstərmək olar.
Xatrıladaq ki, Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat verib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə müsahibəsində bu məsələlərlə bağlı suallarımıza aydınlıq gətirməyə çalışdı.
-Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?
-Erməni separatçıları İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi” keçirdilər. Separatçıların yeni “prezidenti” ikinci mərhələdə “təyinatlar” verməyə başladı. Separatçılar həm də “yol xəritəsi”reallaşdırmağa çalışırlar. İlk olaraq yunanlardan başlayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac var. Məsələ burasındadır ki, Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyan iyunun 10-da açıqlama verərək Kipr Respublikası ilə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqlarını bildirib.
Bu, qeyri-rəsmi qrup deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən bu ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər. Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur. Əslində erməni separatçılarıyla adı çəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər.
İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var. Yunanıstanla Türkiyə arasındakı münasibətlər son zamanlar gərginləşib. Görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir. Rəsmi Afina istəsə Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir.
Erməni separatçıları məqsədlərini gizlətmirlər. Onlar yunanlarla yaratdıqları qrupun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır.
Azərbaycan bu əlaqələri görməzlikdən gələ bilməz. Əks halda erməni separatçılarının formalaşdırdıqları “dostluq” qruplarının sayı artacaq. Separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar. Tərtib etdikləri “yol xəritəsinin” əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir. Əlbəttə, hazırkı pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb.
Separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələ ki, bu, onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər. Bu baxımdan Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyatı yoxdur. Əgər belə bir cavab verərlərsə, bu, erməni separatçılarına tərs şillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik...
-Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikasl üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatını necə dəyərləndirmək olar? Bu bizə hansı dividentləri verir?
-Bu, Avropa Parlamenti tərəfindən çox vacib bir bəyanat idi. Ermənilər növbəti təxribata əl ataraq üçüncü yolu çəkirlər. Dünən Müdafiə nazirinin açıqlaması oldu ki, o biri yollar nəzarət altındadır. Onda məntiqi sual yaranır. Əgər 2 yol nəzarət altındadırsa üçüncü yol nəyə laızmdır? Görünür ermənilər o biri 2 yolun Azərbaycan ordusunun müşahidəsi altında olmasından çəkinərək üçüncü yolun çəkilməsinə qərar veriblər. Amma başqa bir msələ var ki, Ermənistanın vəziyyəti gərindir. Epidemioloji və iqtisadi vəziyyət ağırdır. Hətta bu ağır vəziyyətdə belə təxribatlarını davam etdirdilər. Necə ki, Paşinyan təxribatını davam etdirərək Şuşada “andiçmə” mərasimi təşkil etmişdi. Halbuki virüs dönəmində dünya karantin rejiminə əməl edir. İndi növbəti təxribat kimi də üçüncü yolu çəkməyə çalışırlar. Baxmayaraq ki maliyyə mənbələri yoxdur. Yəqin bu işdə onlara erməni lobbisi də dəstək verir.
- Həmsədrlər həmişəki kimi seyrçi mövqedədir. Bu qurumla əməkdaşlıq bundan sonra necə qurulmalıdır?
-Bəli bu sual çox önəmlidir. Yəni ermənilər təxribatlarına davam edərkən, Paşinyan Şuşaya gəlib qondarma andiçmə mərasimi keçirərkən, işğal altındakı topaqlarda hərbi təlimlər edərkən, Şuşa, Kəlbəcər və Laçında növbəti məskunblaşma siyasəti apararkən nədən Minsk qrupu susur, açımama vermir? Minsk qrupunun hazırladığı həll planı işə düşmür. Özlərinin hazırladığı həll planını Ermənistan qəbul etmir, bununla belə həmsədrlər Ermənistana təsir və təzyiq göstərmir. Yaxşı, münaqişənin həlli bir yana qalsın, niyə erməni separatçılarını bu təxriabtalardan çəkindirmirlər? Niyə demirlər ki, Şuşada “andiçmə” mərasimi keçirmək, məskunlaşdırma siyasəti aparmaq, üçüncü yolu çəkmək olmaz? Bir tərəfədn Minsk qrupu müharibənin olmamasını deyir, amma ikinci bir tərəfdən bu təxrbatlarla müharibəni yaxınlaşdırırlar. Və yaxud Dağlıq Qarabağda 2 Azərbaycan vətəndaşını hələ də girov saxlayırlar. Bunu da Minsk qrupu onlardan soruşmur. Soruşmadıqca vəziyyət gərginləşəcək. Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Azərbaycan torpaqlarının işğal məsələsi həll edilməyənə qədər Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Bunu avropadakılar anlamalıdırlar. Çünki müharibə ehtimalı çox yüksəkdir. Əgər istəyirlərsə ki, Cənubi Qafqazda müharibə yox, sülh, sabitlik, inkişaf olsun, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, Ermənistanın təxribatlarına son qoylmalıdır. Bu olmadıqca özlərinin arzulamadıqları müharibəni daha da yaxınlaşdırırlar.
-Pandemiya qlobal təsirlər yaratdı. Bu, geosiyasi vəziyyətə necə təsir edir? Bu baxımdan postpandemiya dövründə Qarabağ probleminin həlli perspektivlərini necə dəyərləndirmək olar?
-Pandemiyadan əvvəl də onsuz danışqlarda bir irəliləyiş yox idi. Görüşlər olsa da irəliləyişlər nəzərə çarpmırdı. Sadəcə Minsk qrupunun turistik səfərləri var idi. İndi də onlayn konfranslar keçirib guya münaqişəni müzakirə edilər. Yenə də ciddi bir nəticə yoxdur və ola da bilməz. Pandemayadan sonra da danışıqlar prosesində irəliləyişin olacağını ehtimal etmirəm. Çünki Ermənistanın siyasətində dəyişən bir şey yoxdur. Yenə də status və referendum məsələsindən yapışıblar. Azərbaycan bununla heç bir zaman razılaşmaz. Mərhələli həll planı işə düşməlidir. Ermənistan da bununla heç bir zaman razılaşmayacaq. Yəni Ermənistan hakimiyyətinin keçmiş nümayəndələri Paşinyan qədər təxribatlara əl atmırdılar. Yaxud Serj Sarkisyan, Köçaryan Şuşada “andiçmə” mərasimi keçirmirdilər. Paşinyan separatçılıq və sepatratçılara dəstəkdə onlardan daha çox irəli gedib. Aydındır ki, danışıqlara 25 il də davam etsək bir nəticəsi olmayacaq. Bu ili də itirimiş il kimi saymaq olar, heç bir irəliləyiş əldə olunmadı.

Əli Zülfüqaroğlu