Ölkəmizdə plüralizm və tolerantlıq ənənələri Layihə

Ölkəmizdə plüralizm və tolerantlıq ənənələri

Azsaylı xalqların həyatı yerli mediada geniş şəkildə öz əksini tapır

I yazı

Azərbaycanın tolerant bir ölkə olması bütün dünyaya örnək göstərilib. Avropadan Azərbaycana gələn hər bir milli azlıqlar üzrə nümayəndə ölkəmizdəki tolerantlıq, azsaylı xalqlara göstərilən diqqət və qayğıdan, onların hüquqlarınan qorunmasından məmnun qaldığını bildirir. Azərbaycanda faəliyyət göstərən bütün dini konfessiyalara qanunvericilikdən irəli gələn bütün hüquq və azadlıqlar verilib. Həmin konfessiyalar və azsaylı xalqlar sərbəst şəkildə öz fikir və azadlıqlarını mətbuat orqanları və mədəniyyət mərkəzləri vasitəsilə ifadə edə bilirlər. Bundan əlavə bir sıra tədbirlərinin keçirilməsi, bayramlarının qeyd edilməsi də Azərbaycanda onlara verilən azadlıq nümunələrindən biridir. Azsaylı xalqlar Azərbaycanda plüralizm və sərbəst tolerantlıq ənənələrindən, onlara verilən hüquqlardan yetərincə istifadə edirlər.
Gəlin əvvəlcə plüralizm və tolerantlığın nədən ibarət olduğunu aydınlaşdıraq.
Plüralizm sözü axır iyirmi il ərzində cəmiyyətimizdə, ictimai həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Çox vaxt, onu yalnız istədiyimiz mənada səsləndiririk. Gəlin, ABŞ-ın Kolumbiya Universitetinin professoru Covanni Sartorinin "plüralizm" və onun ayrılmaz hissəsi bildiyi "tolerantlıq" anlayışını necə başa düşdüyünə bir nəzər salaq.
Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələr nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. 17-ci əsrə qədər adamlar fərqli mövqelərin, dinlərin və s. dövlətlərin dağılmasına səbəb olan qeyri-sabitliyə və münaqişələrə gətirəcəyinə inanırdılar. Yekdillik isə dövlətin zəruri şərti sayılırdı. Tədricən əks mövqe bərqərar olmağa başladı, və yekdilliyə şübhə ilə yanaşmağa başladılar. Elə bu yolla gedə-gedə biz bu günkü demokratiyaya çatdıq. Qədim imperiyalar, avtokratiyalar, despotizmlər, tiraniyalar - bütün bunlar birrəngli dünyalardır, demokratiya isə çoxrənglidir. Plüralizmdən və plüralist cəmiyyət yaratmaq niyyətindən danışanda, biz püralizmin ayrılmaz hissəsi olan tolerantlığı (özgə fikrə, mövqeyə dözümlük) da nəzərdə tuturuq.
Tolerantlıq qətiyyən laqeydlik demək deyil. Laqeyd olmaq maraq göstərməmək deməkdir, bu isə tolerantlığa aid oluna bilməz. Tolerantlıq relyativizm də demək deyil. Relyativist baxış bəsləyəndə, biz bütün mövqeləri qəbul etməyə üstünlük veririk. Tolerantlıq isə o deməkdir ki, bizim öz mövqelərimiz olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz halda, biz bununla belə digərlərinə səhv, yanlış mövqe tutmaq hüqutunu veririk.
Tolerantlıq həmişə gərginlik altında olur və heç vaxt tamamlanmır. Çünki əgər bir kəs nəyəsə doğrudan da ciddi münasibət bəsləyirsə, o, həmin o "nəyisə" reallığa çevirmək üçün cəhd göstərəcək. Əks təqdirdə, onun münasibətini doğrudan da "can yandıran" adlandırmaq çətin olar. Lakin digər tərəfdən, tolerant olan kəs bunu etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyəcək.
Onda tolerantlığın çərçivələri haradan keçir? Bunları demək çətindir. Lakin onu deyə bilərik ki, burada üç meyar mövcuddur. Birinci meyar ondan ibarətdir ki, biz nəyisə qəbuledilmöz hesab ediriksə, biz həmişə bunun səbəbini göstərməliyik (doqmatizm yolverilməzdir). İkinci meyar zərər prinsipi üzərində əsaslanır: zərərli davranış dözülməz, yolverilməzdir. Üçüncü meyar isə qarşılıqlıdır: tolerant (dözümlü) olaraq, biz əvəzində özümüzə qarşı tolerant münasibət gözləyirik.
Konsensus məsaləsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, konsensus heç də razılıq demək deyil: burada hər bir kəsin hansısa məsələyə fəal şəkildə razılıq verməsi tələb olunmur. Konsensusun əsas mənası nəyinsə qəbul olunmasıdır - lakin qeyri-müəyyən və passiv formada. Bununla belə, konsensus müəyyən mənada birləşdirən şəriklik hissidir.
Tolerantlıq mövzusunun təbliğində həmin dəyərlərə yer verməmək, onlara toxunmamaq mümkün deyil. Bunlar plüralizm, konsensus, paritet və sair ifadələrdir ki, onlar tolerantlıq, sülh və əmin-amanlığı təmin etmək üçün vasitələrdir.
Bəllidir ki, istənilən ifadə öz mənşəyinə və ehtiva etdiyi mənayə bağlı olur. Bu baxımdan biz "tolerantlıq" ifadəsini mənşə və məna baxımından ötən yazılarımızda ətraflı izah və təhlil etmişik. Lakin təbliğ etdiyimiz tolerantlıq mövzusuna çox yaxın olan, hətta, bir-birindən ayrılıqda məna belə kəsb etməyən dəyərlər mövcuddur. Tolerantlıq mövzusunun təbliğində həmin dəyərlərə yer verməmək, onlara toxunmamaq mümkün deyil. Bunlar plüralizm, konsensus, paritet və sair ifadələrdir ki, onlar tolerantlıq, sülh və əmin-amanlığı təmin etmək üçün vasitələrdir. Bu anlayışlar, hətta, siyasətçilərin belə bəzən qarışdıra biləcəyi səviyyədə bir-birinə yaxın olsalar da, onların hər birinin ehtiva etdiyi, bir-birindən sentimental sərhədlərlə ayrılan xüsusi mənalar var. Məsələn, başlayaq elə "paritet" sözündən. Bu söz siyasətə riyaziyyatdan gəlib və orada üçölçülü fəzanın bütün parametirləri nəzərə alınmaqla köçürülməsi prosesini özündə ehtiva edir. Yəni fiqurun köçrülməsi zamanı yeni bütün parametirlər razılaşdırılır. Siyasətdə isə bu ifadə adətən hər hansı bir komissiyanın yaradılmasında və ya hər hansı bir missiyada iştirakın təmin edilməsinin parametri kimi qəbul edilir. Paritetlik meyarı ondan ibarətdir ki, missiyada və ya komissiyada marağı olan tərəflərin nümayəndələr vasitəsilə iştirakı bərabər şəkildə təmin edilir. Həmin prametrin ən qısa şəkildə ifadəsi üçün isə simvalik olaraq "paritet" sözündən istifadə edilir. Sözün lüğəti mənasına gəldikdə isə latınca "paritas" ifadəsindən götrülüb, mənası bərabərlik deməkdir. Siyasi lüğətlərdə isə paritet sözünün mənası müqayisə edilə bilən halların, predmet və qrupların bərabərliyi kimi göstərilir. Anlayışın tolerantlıqla əlaqəsinə gəldikdə isə artıq bu izahatdan sonra iki dəyərin bir-biri ilə nə qədər sıx əlaqəyə malik olduğu aydın görünür. Meyarlardan biri bütün dini, mədəni, etnik-milli və irqi bərabərliyindən, digəri isə müxtəlif siyasi qrupların bərabərliyindən bəhs edir. Deməli, tolerantlıqla pariteti birləşdirən vahid və ənənəvi dəyər bərabərlikdir.
Onu da qeyd edək ki, hər bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan da var. Bu gün Azərbaycan öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilib. Bəllidir ki, hər bir xalqın mədəniyyətinin tanıdılmasında, təbliğində kütləvi informasiya vasitələrinin rolu çox böyükdür. Əgər mədəniyyət baxımından mürəkkəb vəziyyət yaranırsa, bu vəziyyətin şərh olunmasında, geniş ictimaiyyətə çatdırılmasında medianın, bu barədə yazan, televiziya və radio üçün materiallar hazırlayan jurnalistlərində üzərinə mühüm məsuliyyət düşür. Bu, Qafqaz kimi etnik baxımdan çox zəngin, müxtəlif xalqların və millətlərin yaşadığı region üçün xüsusilə əhəmiyyətlidir. Bəs görəsən Azərbaycanda Kütləvi İnformasiya Vasitələrində azsaylı xalqlara münasibət və əməkdaşlıq hansı səviyyədədir?
İctimai Televiziya və Radio Yayımları şirkətindən bildirilib ki, Azərbaycanda KİV hər zaman ölkəmizdə yaşayan azasaylı xalqlara qarşı həssaslıq nümayiş etdirib, etnik xalqların mediada söz haqqını tanıyıb: "İctimai Televiziya və Radio cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən, tamaşaçıya və dinləyiciyə yalnız həqiqəti çatdıran, vətəndaş cəmiyyətinin formalaşmasına və siyasi plüralizmə əsaslanan kütləvi informasiya vasitəsi olduğuna görə ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada milli azlıqlar üçün müxtəlif məzmunlu və formatlı verilişlər yayımlanırdı. İstedadlı jurnalistlər və rejissorlar tərəfindən hazırlanan verilişlərdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar geniş əksini tapır. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar haqqında hazırlanan verilişlər təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox maraqla qarşılanır.
Sonralar bir müddət müəyyən səbəblərdən bu cür verilişlərin hazırlanmasında fasilə yaranmışdı. Lakin son aylarda İctimai Televiziyanın baş direktoru Cəmil Quliyevin tövsiyəsi ilə efirə vəsiqə qazanan bir sıra maraqlı proqramlar sırasında azsaylı xalqlarla bağlı verilişlərə də geniş yer verilir. Artıq yenidən ölkəmizdə yaşayan azsaylı xalqların və milli azlıqların adət ənənələri, eləcə də onların musiqilərı geniş təbliğ olunur. "Yeni Gün" səhər proqramında ölkəmizdə yaşayan müxtəlif xalqların dillərində musiqilər təqdim edilir. Onu da qeyd edək ki, şirkətin "Carçıfilm" departamentinin əməkdaşları demək olar ki, hər ay azsaylı xalqların həyatı, mədəniyyəti və məişəti mövzusunda filmlər hazırlayır, tamaşaçılara təqdim edirlər".