KİV haqqında qanuna yeni dəyişiklik təklif olunur Layihə

KİV haqqında qanuna yeni  dəyişiklik təklif olunur

KİV il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq

Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. Milli Məclisdən verilən məlumata görə, "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisə təqdim edilib. Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq. Bəs bu dəyişiklik Azərbaycan mediası mənsubları tərəfindən necə qarşılanır. "Xalq Cəbhəsi" media təmsilçiləri arasında qısa sorğu keçirib.
Məhərrəm Ağalaroğlu (Oxucu.info saytının rəhbəri): "Qanun layihəsinə dəyişikliyin olmasına ehtiyac olduğunu düşünürəm. Hesab edirəm ki, qanunun qəbulu nəticəsində jurnalistikanı, jurnalistləri gözdən salan KİV-lər düzgün informasiya siyasəti aparmağa məcbur olacaqlar. Təbii ki, burada incə məqam da var, dəqiqləşdirilməmiş informasiyaların yayılması məsələsi, bəzi şəxslər bunu qərəzli yazı kimi təqdim edib mətbuatı cəzalandıra bilər. Bununla belə düşünürəm ki, qanunun qəbuluna ehtiyac var.
Onu da qeyd edim ki, qanunun qəbulu ilə problemlərin həll olunacağını da gözləmək sadəlöhvlük olardı. Çünki ölkəmizdə KİV-i qeydiyyatdan keçirmək elə də çətin məsələ deyil. Uzağı 10-15 manata qəzet, jurnal qeydiyyatdan keçirmək mümkündür. Fikrimi əsaslandırmaq üçün deyim ki, bunu Mərbuat Şurasının "reket" jurnalistika ilə bağlı "qara siyahı"sı mövcuddur. Bu siyahıya düşən mətbu nəşrin təsisçisi qısa zamanda başqa adla yeni bir qəzet təsis edib fəaliyyətini davam etdirir. Təbii ki, bunlar da öz növbəsində mətbuatın, jurnalistlərin nüfuzunun aşağı düşməsinə səbəb olur".
Aqil Ələsgər (Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru): "KİV haqqında qanunda dəyişikliyin olması zəruridir. Çünki qanun qəbul olunduğu vaxtla bu günki zaman arasında ciddi fərq var. Azərbaycanda KİV dedikdə, əsasən yazılı mətbuat nəzərdə tutulur. Bu gün isə onlayn mətbuat qəzetləri bazarda sıxışdırmış durumdadır. Onlayn medianın özü ilə bərabər gətirdiyi problemlər isə heç də üzərindən keçiləsi məsələ deyil. Öncəliklə, onlayn medianın hüquqi bazasının qanunla tənzimlənməsi lazımdır. KİV haqqında qanun dəyişdiriləcəksə, bu mütləq şəkildə nəzərə alınmalıdır. Qanunda nəzərdə tutulan "bir il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb olunan medianın fəaliyyəti dayandırıla bilməsi" isə hesab edirəm ki, daha münasib bir forma ilə dəyişdirilə bilər. Çünki bu sui-istifadəyə yol açacaqdır. Deyək ki, birinin "A" adlı qəzetdən xoşu gəlmir və ya aralarında problem varsa, bundan yararlanmağa çalışacaqdır. Və bu KİV üçün cəza üstünə cəza anlamına gəlir. Ancaq xüsusilə onlayn medianın məsuliyyətli olması üçün hüquqi baza yaradılmalıdır."
Alim Hüseynli (Olaylar İA-nin əməkdaşı): "Hesab edirəm ki, "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklər ölkədə fəaliyyət göstərən media qurumlarının məsuliyyıtinin daha da artırılmasına yönəlib. Məlumdur ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, kütləvi informasiya vasitəsinin il ərzində məhkəmənin qərarı ilə 3 dəfə məsuliyyətə cəlb edilməsi onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması üçün əsas yaradır. Bu sayın 2-yə ebdirilməsi KİV-lərdə məsuliyyət hissinin artırılmasına hesablanıb: Düşünürəm ki, bu dəyişikliyin müsbət nəticə verəcəyi danılmazdır. Ən azından mətbuat orqanı dərk edəcək ki, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumat vermək, böhtan, şantaj xarakterli iazılab çap etmək məsuliyyətə səbə ola bilər. Hesab edirəm ki, bu yenilik təkcə jurnalistlərin deyil, bütövlükdə mətbuat orqanının məsuliyyətli olmasına təsir edəcək. Yəni, mətbuat orqanı düşünəcək ki, onun jurnalistinin qərəzli məlumat yayması nəticə etibarilə redaksiyaya zərbə ola bilər".
Nahid Canbaxışlı (Vətəninfo.az İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru): "Təbii ki, ölkədə medianın daha da demokratikləşməsi, müasir media qaydalarının Azərbaycanda tətbiqi mərhələli şəkildə həyata keçdikcə, medianın hüquqi sferasını tənzimləyən qanunvericilikdə də yeniliklər labüddür. Artıq əvvəllər olduğu kimi Azərbaycanda iki cəbhəli media mövcud deyil. Əvvəllər yazılı mətbuat və televiziya vardırsa, bu gün artıq virtual media da bu sıraya daxil olub. Mən deyərdim ki, bu gün televiziya və yazılı mətbuat virtual medianın arxasınca gəlməkdədir. Dünənə qədər köşklərdə yüzlərlə qəzetlər görürdüksə, bu gün virtual məkanda bir-birindən fərqli medialarla rastlaşırıq. Belə olanda da virtual medianın fəaliyyəti də KİV haqqında qanunla tənzimlənməyə məcburdu. Müxtəlif xəbərlər və araşdırmalara görə, dünən yazılı mətbuat KİV haqqında qanuna görə məhkəmə çəkişmələrində idilərsə, artıq bunu virtual mediaya da aid etmək olar. Şəxsən Vətəninfo.az İnformasiya Agentliyi fəaliyətinin 3 ili ərzində 4 dəfə məhkəmə çəkişməsi ilə rastlaşıb ki, biz bu məhkəmələrin hər birində qalib gəlmişiksə, burda KİV haqqında qanunun rolu böyükdü. Çünki hər bir media orqanı qanunlara söykənməlidi. Belə olduqda həm özünə güvən,eyni zamanda da yayımladığın xəbərin məsuliyyəti daha ciddi olur".
Rövşən Ziya (Xəzərinfo.Az saytının icraçı direktoru): "KİV haqqında" qanuna dəyişikliyin edilməsi ilə bağlı Milli Məclisə müraciəti müsbət dəyərləndirirəm. Çünki bu gün ölkədə reketçilik fəaliyyəti ilə məşğul olan mətbuat orqanlarının bir çoxu 2-3 dəfə şantaja, təhqirə məruz qalan şəxslər trəfindən məhkəməyə cəlb olunub və cərimələniblər. Təklif olunan dəyişiklik qəbul olunsa, düşünürəm ki, bu orqanların fəaliyyətinə xitam verməklə yanaşı, öz halal zəhmətləri ilə dolanan digər jurnalistlərin rahat nəfəs almalarına səbəb olacaq. Bu təklifdə bir məqam var ki, onu da diqqətə çatdırmaq istəyirəm. Belə ki, dəyişikliyə görə, kütləvi informasiya vasitəsi il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Yəni, Azərbaycanda normal fəaliyyət göstərən bəzi sayt və qəzetlər haqlı olaraq tənqid etdikləri şəxslər tərəfindən dəfələrlə məhkəmələrə cəlb olunaraq, külli miqdarda cətiməyə məruz qalıblar. Bu dəyişiklik həmin orqanların fəaliyyətinə də ciddi təsir göstərəcək. Fikrimcə, Milli Məclis bu dəyişikliyi qəbul edən zaman bu məsələni də diqqətdə saxlamalı və ayrıca bənd əlavə etməlidir. Əksə halda həmin KİV-lərdə çalışan onlarla jurnalistin taleyi şübhə altına alınacaq".
İlham Əliyev ("Səs" qəzetinin şöbə müdiri): "Azərbaycan müstəqllik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin tərkib hissəsi olan söz və mətbuat azadlığı da tam şəkildə təmin olunub. Ölkə Konstitusiyasının 47-cı və 50-ci maddələrində də öz əksini tapan şərait və imkanlardan təəssüf ki, bəzi mətbu orqanlar suistifadə hallarına yol verirlər. Əksər hallarda İsa Qəmbərin, Əli Kərimlinin və digər müxalifət partiya yetkililərinin təsiri altında olan qəzetlər xalqını sevən, dövlətinə bağlı olan şəxslər haqqında cürbəcür iftira və böhtanlar yazırlar. Bunula da, Azərbaycan Respublikası Konstitiusiyasının müvafiq maddələrini, Cinayət Məcəlləsinin müəyyən bəndlərini, jurnalistlərin peşə davranış qaydalarını və nəhayət etik tələbləri köbud şəkildə pozurlar. Bu baxımdan "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərə - kütləvi informasiya vasitəsi il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması barədə təkliflər qanunda olan boşluğun aradan qaldırılmasına və insan hüquqlarının təminatına imkanlar yaradacaq.
Məlumdur ki, müstəqil Azərbaycan demokratik, hüquqi dövlətdir. İnsanlar sərbəst surətdə fikirlərini ifadə edə və istənilən məsələyə münasibət bilirə bilirlər. Halbuki, müstəqilliyimizin ilk illərində mətbuatın üzləşdiyi ciddi problemlər, jurnalistlərin döyülməsi, təhqir olunması kütləvi xarakter daşımasından bu gün də danışılır və yazılan məqalələrdə öz əksini tapır. Amma Ümummilli liderimiz Heydər Əliyev xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra mətbuatın inkişafına mane olan amillər tamamilə aradan qaldırıldı. 2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".
Birmənalı şəkildə demək olar ki, bu gün mətbuatın inkişaf etməsi və jurnalistlərin sosial məişət problemlərinin həll edilməsi baxımından Azərbaycan mətbuatı Cənubu Qafqazda ən inkişaf edən mətbuatdır. Bunu dəyərləndirməmək və etiraf etməmək mümkünsüzdür. Sevindirici haldır ki, dövlətimiz bu gün də mətbuata böyük diqqət və qayğı göstərir".

Cavid