Ermənistanın işğalçılıq siyasəti xarici mətbuatda Layihə

Ermənistanın işğalçılıq siyasəti xarici mətbuatda

I yazı

Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal etməsi, yüz minlərlə soydaşımızın yurdlarından didərgin salınması, tarixi abidələrimizin dağıdılması xarici mətbuatda da yetərincə işıqlandırılıb. Xarici mətbuatda erməni işğalçılığı ilə bağlı nəşr olunan yazılara qısa nəzər yetirək. Koreyanın "The Korea Post" jurnalında "Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etmişdir: 511 nəfər həlak olmuş, 321 nəfər əsir götürülmüş, 58 min nəfər isə didərgin salınmışdır" sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistanın ərazi iddialarının nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizinin işğalından, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlıların öz yurdlarından didərgin salınmasından danışılıb, Kəlbəcərin işğalı və yerli əhaliyə qarşı törədilmiş amansızlıqlar, o cümlədən rayonun tarixi abidələrinə və təbii sərvətlərinə dəymiş zərər haqqında məlumat verilib.
Yazıda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalına dair qəbul edilmiş 822 saylı qətnamə barədə danışılıb, ermənilərin beynəlxalq hüquq normalarına zidd olaraq Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşmasına toxunulub. Avstriyanın Vyana Universitetinin "Gedenktage" ("Xatirə günləri") nəşrində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "Xocali soyqırımından 22 il sonra" sərlövhəli məqaləsi dərc edilib.
Müəllif S.İmanov məqaləsində hər il olduğu kimi bu il də fevralın 26-da xalqımızın Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bu dəhşətli faciənin qurbanlarının xatirəsini dərin hüznlə yad etdiyini oxucuların diqqətinə çatdırmışdır. Yazıda Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədildiyi bildirilir.
"Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov yazıda xüsusi vurğulayır ki, Xocalı qətliamı Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış soyqırımı aktı olub dinc əhalinin qətlinə, məhv edilmsinə yönəlib. Azərbaycan hökumətinin, Rusiyada fəaliyyət göstərən "Memoral" İnsan Haqqları Mərkəzinin, "Human Rights Watch" və başqa beynəlxalq təşkilatların məlumatlarında bildirilir ki, Xocalı faciəsi ermənilər tərəfindən keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin köməyi ilə törədilib. Məqalədə bildirilir ki, Xocalı qətliamında 613 insan etnik mənsubiyyətinə görə öldürülmüşdür. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmuşdur. Xocalı sakinlərindən 1275 nəfəri əsir götürülmüş, 150 nəfər itkin düşmüş, 487 nəfər isə yaralanıb.
İranın nüfuzlu Mehr xəbər agentliyinin veb-saytında Xocalı soyqırımı barədə fars və ingilis dillərində geniş material və fotosessiya yerləşdirilib. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasında keçirilmiş anma mərasimindən hazırlanan materialda faciənin təfərrüatları barədə oxuculara ətraflı məlumat çatdırılıb. Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının səbəb və nəticələrindən bəhs olunur. Qeyd edilir ki, artıq bir sıra ölkələrdə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş və soyqırımı kimi tanınıb.
Azərbaycan Latın Amerikası Assosiasiyasının prezidenti Natiq Atakişiyevin Meksikanın "Excelsior" qəzetində "İşğal və soyqırımı" adlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən bildilib ki, məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti çərçivəsində 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi soyqırımından ətraflı bəhs edilib. Müəllif dinc və müdafiəsiz mülki azərbaycanlılara qarşı törədilmiş misli görülməmiş qəddarlığın Ermənistanın Dağlıq Qarabağda və digər işğal edilmiş Azərbaycan ərazilərində apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu faktlarla bildirib. Qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş bu vəhşi qəddarlığın Xocalı hadisələri ilə bitmədiyini qeyd edən N.Atakişiyev bu soyqırımının nifrətin çoxşaxəli təzahürlərindən yalnız biri olduğunu vurğulayıb.
Xocalı soyqırımının həyata keçirilməsi ilə milli mənşəyinə görə bir qrup insanın bütövlükdə və ya qismən məhv edilməsi məqsədinin güdüldüyünü bildirən müəllif bunun 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyada təsvir edilən cinayətkarlıq olduğunu vurğulayıb.
Müəllif Xocalı faciəsinin günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınmasına xidmət edəcəyini bildirib. Məqalədə dünya ictimaiyyəti tərəfindən Ermənistanın Azərbaycan torpaqlarının işğalının pisləndiyi qeyd edilmiş, bununla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin bir sıra dövlətlərin, eləcə də ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi sənədlər xatırlanıb.
İtaliyanın "İl Caffe Geopolitico" portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib. Məqalədə bildirilir ki, donmuş münaqişələr sırasında olan Dağlıq Qarabağ probleminin kökləri hələ 1980-ci illərin sonlarına təsadüf edir. Qanlı müharibə ilə nəticələnən bu gərginlik on minlərlə insanın həyatına son qoyub, bir milyon azərbaycanlının məcburi köçkünə və qaçqına çevrilməsinə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də, bu rejimə heç vaxt tam əməl olunmayıb. Problemin həlli istiqamətində bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu səy göstərir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal geri çəkilmələri barədə dörd qətnamə qəbul edib. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam edir.
Məqalədə diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsi regionun geosiyasi tarazlığına böyük təsir göstərir. Müəllif yazır: "Əslində beynəlxalq hüququn prinsipləri bu münaqişənin həllində açar rolunu oynayır. Belə ki, qondarma "Dağlıq Qarabağ Respublikası" dünyada heç bir dövlət və beynəlxalq birlik tərəfindən tanınmayıb. Azərbaycan haqlı olaraq bu qondarma rejimin danışıqlarda üçüncü tərəf kimi iştirakına hər zaman etiraz edir, Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb edir". Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə müqayisə edən müəllif bildirir: "Azərbaycanda son on ildə inanılmaz inkişaf prosesi müşahidə olunur. Ermənistanda isə bu göstəricilər Azərbaycandan dəfələrlə aşağıdır".
Koreya Respublikasında nəşr olunan nüfuzlu "The Koreaa Herald" qəzetində "Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir" sərlövhəli məqalə dərc edilib. Məqalədə cari ilin iyulunda üç azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsi, H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, digər iki azərbaycanlının isə harada saxlanıldığı barədə heç bir informasiyanın olmamasından bəhs edilir.
Yazıda soydaşlarımızın öz ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində girov götürülərək erməni mətbuatında "diversiya qrupu" kimi qələmə verilmələrinin əsassız olduğu göstərilir. Girov götürülmüş şəxslərin əvvəllər də işğal olunmuş ərazilərə səfər etdikləri və bu səfərlərə aid videoları "Youtube" internet portalında yerləşdirdikləri vurğulanaraq, bunun "diversant qrupu"na xas olmayan hərəkət olduğu sübut edilib.
"The Koreaa Herald"ın məqaləsində, həmçinin Kəlbəcər rayonunun 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi 822 saylı qətnamə və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumat verilir.
Pakistanın "Daily Pardez", "Daily Azkaar" qəzetləri və "Pakistan in the world" İnformasiya Agentliyi "Azərbaycan köçkünlərinin acı taleyi" adlı məqalə yayıb. "Daily Pardez" qəzetinin baş redaktoru Tazin Axtarın müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı bildirilir. Müəllif yazır ki, Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub və məcburi köçkün vəziyyətinə düşüb. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri çoxsaylı qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Məqalədə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyi və ölkə parlamentinin 2012-ci ilin fevralında, 2013-cü oktyabrında bununla bağlı iki qətnamə qəbul etdiyi xatırlanır. Qeyd edilir ki, 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması adi hala çevrilib.
Məqalədə bu ilin iyul ayında Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülməsindən bəhs edilir, bu, etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirilir.Onların Ermənistan tərəfinin iddia etdiyi kimi diversant deyil, ata-baba yurdlarını ziyarətə gedən sadə insanlar olduqları bildirilir. Müəllif saxlanılmış azərbaycanlılara qarşı irəli sürülən ittihamların gülünc olduğunu və heç bir məntiqə sığmadığını, Ermənistanın Cenevrə Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu vurğulayır.

Cavid

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində dərc olunur.