TUMİB gənclərlə birlikdə dini radikalizmə yox dedi Güney Azərbaycan

TUMİB gənclərlə birlikdə dini radikalizmə yox dedi

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhərinin kəndlərində "Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği" adlı yeni layihənin icrasına başlayıb. Bu çərçivədə Maştağa qəsəbəsində tədbir keçirilmişdir. Tədbirin məqsədi həyata keçiriləcək layihə haqqında iştirakçılara məlumat vermək, dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərləri, multikulturalizmi, tolerantlığı təbliğ etmək, bu istiqamətdə Azərbaycan Respublikasının qanunlarında din-dövlət münasibətləri və dini dözümlülük haqqında məlumat vermək, ideoloji maarifçilik işləri aparmaq, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və dini dözümlülüyə sahib tolerant gənclərin yetişməsinə nail olmaqdır.
Tədbiri açıq elan edən DQİDK-nin Bakı şəhər Sabunçu rayonu üzrə məsul nümayəndəsi Xalid Məmmədov iştirakçıları salamlayaraq tədbirin qısa mahiyyəti haqqında məlumat verdi və sözü Sabunçu rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Məhəmməd Əsədova verib. Natiq Sabunçu RİH-nin bu kimi maarifləndirici tədbirləri haqqında geniş məlumat verdi və gəncləri dini radikalizmə qarşı mübarizədə aktiv olmaya səslənib.
Daha sonra söz TUMİB sədri Çingiz Bayramova verilib. Natiq Azərbaycan hökumətinin din siyasəti, xarici təriqətlərin Azərbaycandakı zərərli fəaliyyətlərinə qarşı ideoloji mübarizə və maarifçiliyin, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs edib. O, qeyd etdi ki, Azərbaycanın Əhməd Cavad, Hüseyn Cavid, Əliağa Vahid kimi milli ziyalılarının təbliği Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalıdır. Natiq gəncləri ulu öndər Heydər Əliyevin sistemləşdirdiyi "azərbaycançılıq" ideyası ətrafında və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə çağıraraq Heydər Əliyev Fondunun Bakı şəhəri və kəndlərində apardığı mədəni quruculuq fəaliyyətindən də bəhs danışıb.
Çingiz Bayramovdan sonra çıxış edən DQİDK-nin Bakı şəhəri şöbəsinin müdir müavini Ceyhun Əliyev DQİDK-nin sədri Mübariz Qurbanlının salamlarını iştirakçılara çatdıraraq DQİDK-nin dini radikalizmə qarşı gördüyü tədbirlər haqqında məlumat verdi və gəncləri milli dövlətçilik ənənəsinə sadiq olmağa dəvət etdi.
Daha sonra söz TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verildi. Natiq tarix boyu Azərbaycanda müxtəlif din və məzhəb mənsublarının qardaşcasına birlikdə mehriban yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək dinin təbliğində xarici sektaların təsirindən qorunmaq üçün Mir Məhəmməd Kərim əl-Bakuvi, Əbu Turab Axundzadə, Molla Ruhulla kimi milli din xadimlərinin maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı.
Daha sonra söz yerli din xadimi və kəndin ağsaqqalarından olan Hacı İmrana verildi. Natiq qəsəbədəki dini vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan hökumətinin din siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, gənclər fəal iştirak etdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və aktiv iştirakçılara diplom verildi.