Abbas Lisani yenidən məhkəməyə çağırılıb Güney Azərbaycan

Abbas Lisani yenidən məhkəməyə çağırılıb

Rejim güneyli fəala qarşı qondarma cinayət işi qaldırıb

İran rejiminin məhkəmə orqanları ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi və təsiri altında milli-mədəni fəallara, xüsusi ilə tanınmış fəallara qondarma dosyelər hazırlayaraq onların gələcək fəaliyyətlərini əngəlləməyə çalışır.
Son xəbərlərə görə, Ərdəbil məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqqında yeni qondarma ittihamlar irəli sürmək qərarına gəlib. Aprelin 29-da Ərdəbilin inqilab məhkəməsi Abbas Lisaniyə yazılı çağırış göndərib. Çağırışa əsasən azərbaycanlı fəal 2014-cü il iyunun 9-da məhkəmənin 1-ci şöbəsində olmalıdır.
Məhkəmə məsulları tanınmış fəalın dinc və demokratik çərçivədə apardığı mədəni fəaliyyətləri önləmək üçün onu qondarma ittihamlarla suçlayıb. Çağırış məktubunda Abbas Lisani ölkə təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunub, buna əsas kimi dəfələrlə bildirişlər yayması əsas gətirilib. Xatırladaq ki, bundan əvvəl də irəli sürülən bu kimi ittihamlar yetərli arqument olmadığından dəfələrlə istintaq şöbəsinə qaytarılıb.
Qeyd edək ki, adını çəkdiyimiz tanınmış güneyli milli-mədəni fəal son aylarda bir neçə dəfə təhlükəsizlik və məhkəmə məsulları tərəfindən çağırılıb və sorğu-suala tutulub. O əvvəlki illərdə də dəfələrlə həbs olunub və uzun müddət təqiblərə məruz qalıb. Abbas Lisani hər zaman təqib və təzyiqlərə məruz qaldığına görə, medianın və beynəlxalq insan haqları təşkilatlarının diqqət mərkəzində olub.
Məlumat üçün bildirək ki, onun barəsində məhkəmədə iki istiqamət üzrə təhqiqat işi açılıb. Belə ki, həmin işlərdən bir üzrə milli fəal bir məqaləsində İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bundan əlavə, ona hökumət əleyhinə "Çənlibel" adlı qurum yaratmaq, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAz TV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.
A.Lisani bu il fevralın 20-də Əhər şəhərində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 80-ə yaxın mübarizə yoldaşı ilə birlikdə həbs edilib. O, ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə və Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq iki dəfə aclıq aksiyası keçirib. Azərbaycanlı fəal martın 5-də iki həftəlik həbs həyatından sonra ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.
A.Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib. Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.