Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması Güney Azərbaycan

Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması

4-cü yazı

I Millətlərarası Azərbaycan Türk Dərnəkləri Qurultayının (3-6 noyabr, 1990-cı il, İstanbul) yekdilliklə qəbul olunmuş qətnaməsi əsasında Dünya Azərbaycan Türk Dərnəkləri Birliyi (DATDB) təsis olundu. 1993-cü ildən isə ABŞ-ın Los-Anceles şəhərində "Azərbaycan Kültür Cəmiyyəti" (mətbu orqanı "Azərbaycan" dərgisidir) fəaliyyət göstərir. 1994-cü ildə Kanadada Azərbaycan Milli Federasiyasının əsası qoyuldu. Qurum əsasən lobbiçilik, təbliğat, ticari-iqtisadi, mədəni işləri həyata keçirirdi. Bütövlükdə isə bəhs olunan dövrdə Avropa və Amerika ölkələrində təxmini hesablamaya görə 120-dən çox yeni milli mədəniyyət mərkəzləri və həmrəylik cəmiyyətləri formalaşmışdı. Onların yarısına qədəri qısa müddətdən sonra fəaliyyətini dayandırsa da, bu faktın özü təşkilatlanma prosesinin miqyası barədə müəyyən təsəvvür yaradır. Beləliklə, güney azərbaycanlıların təsisçiliyi və iştirakı ilə yaranmış qurumların proqramlarından göründüyü kimi, 80-ci illərin sonları - 90-cı illərin əvvəllərində Güney Azərbaycan milli hərəkatı İranda özünü milli-mədəni hərəkat çərçivəsində göstərdiyi zaman xaricdəki hərəkat müstəqillik, Vahid Azərbaycan uğrunda hərəkat kimi inkişaf etmişdi.
Təşkilatlanmanın sonrakı mərhələsi çoxsaylı müxtəlif yönümlü və potensiallı təşkilatların vahid mərkəz ətrafında birləşməsinə meylin artması ilə səciyyələnir. Avropadakı Azərbaycan milli mədəniyyət mərkəzləri arasında işbirliyi və əməkdaşlıq yaradılması məsələsi müxtəlif vaxtlarda və səviyyələrdə dəfələrlə qaldırılmışdı. Həmin ideya Avropadakı güneyli demokratik qüvvələrin daha qabaqcıl dəstəsi, xüsusilə də "Azərbaycan kültür ocağı"nın Fransa və Almaniya qurucuları fəallarının arasında hələ 80-ci illərin sonlarından dolaşmaqda idi. 1989-cu ilin oktyabrında Strasburqda fəaliyyət göstərən "Azərbaycan kültür ocağı"nın Berlindəki eyniadlı şöbəsi öz müraciətində buradakı mütərəqqi milli mərkəzlər arasında müntəzəm, qarşılıqlı faydalı əlaqələr yaradılması ideyasını irəli sürmüşdü. Bu, Avropadakı Azərbaycan milli təsisatlarının fəaliyyətində yeni bir mərhələnin baş¬landığını göstərirdi. İdeyanın reallaşdırılması bir çox səbəblər ucbatından xeyli müddət, yəni 1997-ci il, mayın 11-də Bonnda keçirilən növbəti toplantıyadək ləngidi. Məsələnin uğurlu sonluqla həllinin uzanmasının bu ideyanın müəlliflərindən - güneyli milli demokratlardan asılı olan və olmayan səbəbləri var idi. Birinci qrupdan olan səbəblər kifayət qədər subyektiv idi və daha çox liderlik iddiası, ümummilli birlik yaradılması mexanizminin həmin ziyalıların bilavasitə özləri üçün kifayət qədər aydın olmaması və s. faktorlarla bağlı meydana çıxırdı. İkinci qrupdan olan səbəblər isə obyektiv xarakter daşıyırdı. Avropadakı cənublular 80-ci illərin sonlarından etibarən Şimali Azərbaycandakı ictimai-siyasi atmosfer və proseslərdən şaquli asılılıq vəziyyətinə düşmüş, onların fəaliyyətində məhz Quzey faktoru aparıcı yer tutmağa başlamışdı. Cari problemlər mühacirətdəki cənublu milli-demokratlar üçün Qarabağ müharibəsinin, Quzeyin azadlıq uğrundakı mübarizəsi məsələlərinin fonunda aktual mövzu kimi dayanmırdı. Ancaq bu ideyanın nisbətən arxa plana keçməsi onun gündəlikdən birdəfəlik çıxarılması da demək deyildi. Avropadakı Azərbaycan milli-demokratik təsisatları arasında birlik və əməkdaşlıq yaradılması məsələsinə sonralar Quzeyin milli müstəqillik əldə etməsi ilə bərqərar olan yeni ictimai-siyasi reallıqlar şəraitində ən aktual bir mövzu kimi qayıdıldı. Bu ideyanın həyata keçirilməsi yolunda ilk əməli addım 1992-ci ilin iyul ayına təsadüf edirdi. Almaniyadakı cənublu milli-demokratik qüvvələrin müəyyən bir hissəsinin - təxminən 65-70 nəfərlik ziyalı kontingentinin iştirak etdiyi I Hannover toplantısını formal olaraq "Azərbaycan kültür ocağı"nın (Bonn və Berlin) Hannoverdəki yerli təşkilatı təşkil etsə də bu tədbir əslində bütün milli-demokratların birgə səyləri əsasında hazırlanmışdı. Onun işində Almaniyanın müxtəlif şəhərlərindən olan mütərəqqi milli ziyalılar iştirak edirdi. I Hannover toplantısı Almaniyadakı milli mərkəzlər arasında pərakəndəliyə son qoymağın və təkcə bu ölkədə deyil, ümumiyyətlə, bütün Avropadakı mütərəqqi milli qüvvələrin fəaliyyətinin əlaqə¬ləndirilməsinin zəruriliyi fikrini qüvvətləndirirdi. Növbəti toplantı 1994-cü ilin martında Berlində keçirildi. Qaldırılan məsələlər I toplantı dakından fərqlənməsə də, daha konkret və aydın qoyulmuşdu. Bu təşəbbüslər sonralar daha ardıcıl şəkildə davam etdirilmişdi. Analoji konfrans və toplantılar, o cümlədən I Kassel toplantısı (may, 1995), II Kassel toplantısı (oktyabr, 1995), I Bonn toplantısı (may, 1997) keçirildi.
1997-ci ildə Avropada Azərbaycan Cəmiyyətləri Birliyi (AACB) tipli bir əlaqələndirmə mərkəzinin yaradılması prosesinin öz başlanğıcını məhz həmin tarixdən götürdüyünü söyləmək olar. Adıçəkilən bu toplantılar ayrı-ayrılıqda konkret nəticə verməsə də, Avropa azərbaycanlıları arasında ümummilli həmrəyliyin və əməkdaşlığın yaradılmasına, səylərin vahid məqsəd uğrunda birləşdirilməsinə ciddi bir təkan oldu. Burada əsas cəhət AACB tələm-tələsik və heç bir hazırlıq olmadan deyil, uzunmüddətli inkişafın gedişində, beləliklə də daha realist və rasional məntiqi zəmin üzərində yaradılması idi. Belə rasionalizm isə AACB-ni Avropada monolit və demokratik Azərbaycan diaspor təşkilatının ilk rüşeymi və prototipi kimi nəzərdən keçirməyə müəyyən əsaslar verir. Amma AACB Avropada bu qəbildən olan ilk təsisat deyildi. Belə bir qurumun yaradılmasına hələ 1990-1991-ci illərdə Dünya Azərbaycan Türk Dərnəkləri Birliyinin təşkil olunması ilə qismən nail olunmuşdu. Amma DATDB və AACB əslində məzmununa, məqsədlərinə, keyfiyyət göstəricilərinə görə bir-birindən kəskin şəkildə fərqlənən ayrı ayrı proseslərin, azərbaycançılıq məsələsinə fərqli yönüml ərdən yanaşmaların məhsulu idi. DATDB AACB ilə müqayisədə xeyli dərəcədə formal, təşkilati baza və aydın surətdə dərk olunmuş məqsədlər olmadan, əslində "yuxarıdan" yaradılan bir qurum kimi meydana çıxmışdı. Sıralarında ictimai cəhətdən fəal cənublu mühacirlərin də bir çoxunu birləşdirən DATDB Avropadakı Güney Azərbaycan diasporunun milli-demokratik təbəqəsinin həyatında elə bir mühüm və ciddi hadisəyə çevrilə bilməyərək epizodik akt xarakteri aldı.
1997-ci ili Güney Azərbaycan diasporu üçün müəyyən dərəcədə canlanma ili adlandırmaq olar. Çünki bu ildə Güney Azərbaycan diasporunun milli-vətənpərvər təbəqəsinin həyatında mühüm hadisə baş vermişdi. 1997-ci il iyunun 27-dən 29-dək Amerikada yaşayan, əsasən Güneydən olan azərbaycanlılar ilk dəfə bir araya gələrək birlik nümayiş etdirib yüksək səviyyədə ümummilli tədbir keçirmişdilər. Bu tədbirə ABŞ-da yaşayan azərbay¬canlı elitası Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə toplaşmışdı. 65 professorun, 91 elmlər doktorunun və 300-dən artıq iş adamının toplaşdığı bu konqres Azərbaycan tarixində möhtəşəm bir hadisə idi. Yeni qurumun rəhbəri Ziya Sədrul Əşrəfi konqresin əsas məqsədi haqqında bunları demişdi: "Biz bir qüvvəyə çevrilməliyik. İran azərbaycanlıları bütün dünyaya dağılıb. De¬mokratik ölkələrdə yaşayırıq və bu demokratiyanın verdiyi imkanlardan istifadə edib dilimizi, kültürümüzü qorumalıyıq, ölkələrin siyasi həyatında fəal olmalıyıq". DAK-ın İdarə Heyəti 9 nəfərdən ibarət idi: doktor Ə.Nəzmi (DAK-ın sədri), M.Sələhşur (I katib), R.Şahbazi, Fərid (texniki mühəndislər), doktor M.Xeşti (maliyyə məsələləri üzrə), Ceyhun Mollazadə (beynəlxalq məsələlər üzrə) və H.Qarapapaq (təşkilati məsələlər üzrə sədr). Bu tədbir mühacirətdəki mütərəqqi milli qüvvələrin böyük bir hissəsini öz ətrafında toplayaraq hər cür məhdud ideoloji-nəzəri ixtilafların, siyasi fikir ayrılıqlarının fövqünə yüksələ bildi. Onun işində Azərbaycan diasporunun daha çevik və aparıcı təbəqəsinin, yəni ziyalıların və iş adamlarının nümayəndələri fəal iştirak etdi. Mühacirətdəki güneyli milli-vətənpərvər qüvvələrin başqa mühüm və faydalı təşəbbüsləri kimi, bu tədbir də güclü hücumlarla qarşılaşmışdı. Ona qarşı bir çox ittihamlar irəli sürülürdü. Səbəb isə mühacirətdəki cənubluların yetərincə siyasiləşmiş təbəqəsi arasında gedən mürəkkəb sosial-mənəvi-psixoloji, ideoloji-siyasi və nəzəri mübarizədə, nəzəri-konseptual çəkişmədə gizlənir. Güneylilərin sosial davranışı, siyasi mədəniyyət sistemindəki bu ziddiyyətlər, mürəkkəblik onlar hələ İranda olarkən yaranmışdı. Məsələni mürəkkəbləşdirən də odur ki, Avropa və Amerika ölkələrinin daha qabaqcıl, demokratik mühitinin buradakı güneylilərə təsiri də həmin ziddiyyətləri axıradək aradan qaldıra bilməyib. Problemə xaricdəki güneyli qüvvələr düşərgəsinin öz daxilində gedən sosial-siyasi, mədəni proseslər, yəni o qüvvələrin özlərinin qarşılıqlı münasibətləri baxımından yanaşsaq, deməliyik ki, öz cəbhə və məsləkdaşlarına qarşı daha çox yönəldilən bu cür ittihamların ortaya çıxması ən azı iki başlıca səbəbə bağlıdır.
Birincisi, bu illərdə xaricdəki cənublu milli-demokratik qüvvələr düşərgəsində iki böyük fraksiya (ideya cərəyanı) var idi. O fraksiyalardan biri radikal yönümlü milli-demokratik qüvvələrdən (yəni həm yaxın, həm də uzaq perspektivdə istisnasız olaraq yalnız Bütöv Azərbaycan uğrunda mübarizə aparanlardan), digəri isə federalistlərdən (yəni bütöv Azərbaycan ideyasını mərhələ-mərhələ həyata keçirmək taktikasını müdafiə edən, Quzeylə addım-addım birləşmək variantını irəli sürən təkamülçülərdən) təşəkkül tapmışdı. Milli məsələnin həlli yol və üsullarına münasibətdəki bu taktiki-strateji müxtəliflik adıçəkilən fraksiyalar arasında daimi nəzəri-konseptual çəkişmələrə, fikir ayrılıqlarına, barışmazlığa gətirib çıxarırdı. Bu cür fikir və mövqe toqquşmaları, taktiki və ideya-nəzəri ixtilaflar isə özünü bütün prinsipial məsələlərə münasibətdə labüdən, özü də əksər hallarda qeyri-məqbul formalarda göstərir. Los-Anceles konqresinin çeşidli adlar altında gözdən salınmasını belə qruplararası qarşıdurma kontekstində normal, məntiqi reaksiya kimi dəyərləndirmək olar. Konqres təşkilatçılarının özlərinin federalist-təkamülçü cinahın təmsilçisi olduqlarını bildirmələri nəzərə alınsa, bəlli olacaq ki, ittihamların kəskin şəkildə üzə çıxmasında qeyri-adilik yoxdur.

Yeganə Hacıyeva