“Türk dili rəsmən tanınmalıdır” Güney Azərbaycan

“Türk dili rəsmən tanınmalıdır”

Azərbaycanlı millət vəkillərinin qeyri-fars dillərinin tədrisinə qarşı çıxış edən İranın təhsil naziri Məhəmməd Bəthayiyə qarşı etirazları davam edir.
Məlumata görə, Urmiyənin millət vəkili Hadi Bahaduri ikinci dəfə olaraq məsələyə münasibət bildirib. O bu barədə "Nəsr" agentliyinə danışıb.
" Məhəmməd Bəthayinin sözləri insana Rzaxan dövrünü xatırladır. O zaman məktəblərdə hətta ana dilində danışmaq belə qadağan edilmişdir. Türk dili İran əhalisinin 40 faizinin dilidir. Bu dil lüğət dairəsi, fel, tarix və s. nöqteyi-nəzərindən ölkənin ən güclü dilidir, ona görə də böyük mənəvi sərvət kimi qorunub saxlanılmalıdır. Biz təhsil nazirindən fars dili ilə yanaşı yerli dillərin tədrisini azad edən konstitusiyanın 15-ci maddəsinin icrasını gözləyirik.
Nazirin bu sözləri yanlış təfəkkürdən irəli gəlir və çox təəssüfvericidir. Bütün qövmlərə hörmət olunmalıdır. Belə açıqlamalar Azərbaycan əhalisinin canfəşanlıqlarına düzgün qarşılıq ola bilməz. Biz hələ də türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına çalışırıq. Dövlət bunu etməklə 15-ci maddənin icrasına şərait yaratmalıdır"- deyə millət vəkili bildirib.
Hadi Bahaduri əlavə edib ki, "bugünlərdə parlament tətilə çıxıb, deputatlar qayıtdıqdan sonra təhsil naziri mövzu ilə bağlı hesabat vermək üçün parlamentə çağrılacaq."
Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) millət vəkili Şəhabəddin Bimiqdar da bu barədə mətbuata danışıb. Konstitusiyanın 15-ci maddəsini xatırladan millət vəkili türk dilinin ölkədə rəsmən tanınmasını tələb edib.
"Təhsil naziri ana dillərinin tədris olunmasının qadağan olduğunu deyibsə, o zaman bu adam ölkənin düşdüyü vəziyyəti dərk etmir. Biz parlamentdə bütün qanunlar, o cümlədən 15-ci maddənin icra edilməsinə çalışırıq. Həmin maddə ölkədə yerli dillərin rəsmən tanınmasına imkan verir, ona görə də bu dillər rəsmən tanınmalıdır.
Biz iki il əvvəl ana dilinin tədrisi ilə bağlı bir layihə hazırladıq, lakin parlamentdə qəbul olunmadı. Hazırda yeni layihə üzərində çalışırıq, hazırlandıqdan sonra parlamentə təqdim olunacaq. Ötən il isə bəzi millət vəkilləri ana dilinin tədrisi ilə bağlı təhsil nazirinə xəbərdarlıq ediblər. Nazir isə bütün iclaslarda təkliflərlə razılaşdığını elan edib"- deyə Şəhabəddin Bimiqdar bildirib.
Binab şəhərinin millət vəkili Ziyaolla Ezazi isə nazirdən üzr istəməsini tələb edib:
"Təhsil nazirinə ikidilli bölgələr haqda səsləndirdiyi fikirlər barədə xəbərdarlıq edirəm. Nazir bu açıqlamasına görə üzr istəməlidir, əks halda biz millət vəkilləri olaraq qanun çərçivəsində lazımi tədbirləri alacayıq".
Ziyaolla Ezazi ölkənin təhsil sistemindəki problemlərə də işarə edib. O bildirib ki, təhsil sahəsində islam inqilabının ideyalarından uzaqlaşmışıq: "Məktəblər sözün əsl mənasında fərqlənir. Pulu olan yaxşı məktəblərdə oxuyur, olmayanlar isə belə imkandan məhrumdur. Bu vəziyyət dəyişməlidir"- deyə o vurğulayıb.
Təhsil nazirinə etiraz bildirən millət vəkillərindən biri də Ərdəbil, Nəmin, Nir və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədridir.

Bu barədə "Fars News" xəbər agentliyinə danışan millət vəkili təhsil nazirinin açıqlamasını çiy söhbət adlandırıb.
"Təhsil naziri son günlərdə yerli dillərin məktəblərdə tədris olunmasını təhlükəli adlandırıb, bu barədə bəzi sözlər dilə gətirib. Bu məsuliyyətsiz açıqlama həm qanun baxımından, həm də elmi cəhətdən çox məntiqsizdir.
Hazırda ölkə, xarici düşmənlərin müxtəlif ssenariləri və daxildəki bir sıra məsulların yanlış idarəçilik problemi ilə üz-üzədir. Belə bir vəziyyətdə çiy sözlərlə çıxış edənlər, nifaq salan qüvvələrlə birlikdə ölkədəki birliyə zərbə vururlar"- deyə millət vəkili bildirib.
Südeyif Bədri sözlərinin sonunda vurğulayıb ki, "biz əhalinin nümayəndəsi kimi bu məsələni araşdırırıq. Təhsil naziri millət vəkillərinin qarşısında cavab verməlidir."