Güneyli məhbus Tehranın Evin həbsxanasına köçürülüb Güney Azərbaycan

Güneyli məhbus Tehranın Evin həbsxanasına köçürülüb

39 gündən bəri aclıq aksiyası keçirən Lətif Həsəninin tələbləri yerinə yetirilməyib

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri 39 gündən çoxdur keçirdiyi aclıq aksiyasından sonra tələbləri yerinə yetirilməyərək Tehranın Evin həbsxanasına köçürülüb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, buna baxmayaraq doktor Lətif (Araz) Həsəni hazırda aclığı davam etdirir.
O, mayın 18-dən Təbriz şəhərinin mərkəzi həbsxanasında onunla birgə saxlanılan, 37 gün aclıq aksiyası keçirmiş digər azərbaycanlı fəal Ayət (Yürüş) Mehrəlibəyliyə dəstək vermək, eləcə də siyasi məhbusların hüquqlarının kobud şəkildə pozulmasına etirazını bildirmək üçün aclıq aksiyasına başlayıb. Onun digər tələbi də Təbriz zindanında saxlanılan məhbusların ailələrinin yaşadığı şəhərlərin həbsxanasına köçürülməsidir. Azərbaycanlı siyasi məhbusun bu müddət ərzində kəskin şəkildə pisləşib. Əzəm Piri Vəlikəndi həyat yoldaşının ürək xəstəsi olduğundan, səhhətində yaranmış problemlərdən əziyyət çəkdiyini və xeyli çəki itirdiyini bildirib. A.Həsəni bu il iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına qaldırılıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.