Güney azərbaycanlılar bərbad məktəblərdə təhsil alır Güney Azərbaycan

Güney azərbaycanlılar bərbad məktəblərdə təhsil alır

Güney Azərbaycanın bütün əyalətləri, o cümlədən Qərbi Azərbaycanda şagirdlərin əksəriyyəti köhnə və təhlükəli məktəb binalarında təhsil alır.
Qərbi Azərbaycanın məktəblərin yenidənqurma, inkişaf və təchizi idarəsinin rəisi Qəhrəman Rəhmani "İsna" xəbər agentliyi ilə danışığında Çaldıran və Tikantəpə şəhərlərində məktəb binalarının bərbad vəziyyətdə olduğunu deyib.
"Çaldıran və Tikantəpə şəhərləri, dərs otaqlarının qeyri-standart olması baxımından Qərbi Azərbaycan Əyaləti üzrə birinci yerdədilər. Bu şəhərlərdə məktəblərin 85 faizi sökülüb yenidən tikilməlidir"- deyə o bildirib.
Qəhrəman Rəhmani sözlərinin davamında qeyd edib ki, "Qərbi Azərbaycan Əyalətində savadlılıq səviyyəsi 83.01 faizdir. Bu rəqəm tikantəpədə 74.08 və Çaldıranda 72.09 faizdir. Bu statistik məlumat əyalətin orta hesabı ilə sözügedən şəhərlər arasında uçurum olduğunu göstərir. Ona görə də bu şəhərlərin təhsil müəssisələrinə xüsusi diqqət yetirmək lazımdır."
Təhsil müəssisələri baxımından Qərbi Azərbaycan Əyalətinin ölkə üzrə 29-cü yerdə olduğunu bildirən Qəhraman Rəhmani Çaldıranda məktəblərin sökülüb yenidən tikilməsi üçün 60 milyard tümən vəsaitə ehtiyac olduğunu deyib.
"Ötən il Çaldıran şəhəri üçün nəzərdə tutulan 97 projedən yalnız bir dərs otağına malik olan 10 məktəb binasında tərmir-bərpa işləri aparılıb və ya tikilib. Müqavimət İqtisadiyyatı layihəsi ilə əlaqədar tikiləcəyi bildirilən 4 məktəbdən isə yalnız biri üçün vəsaiti ödənilib"- deyə o sözlərinin sonunda bildirib.
Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib. Ümumiyyətlə son illərdə Azərbaycan əyalətlərində təhsil müəssisələrinin əsas problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən qismən də olsa, öz həllini tapıb. Dövlətin bu məsələyə laqeyd münasibəti bölgədə təhsil səviyyəsinin aşağıda qalmasına səbəb olub.