İranda şallaq cəzası artır Güney Azərbaycan

İranda şallaq cəzası artır

İki qəzvinli fotoqraf 75 zərbə şallağa məhkum edilib

Bütün beynəlxalq təzyiqlərə və xəbərdarlıqlara baxmayaraq İran İslam Respublikasında insan haqları sahəsində vəziyyət getdikcə ağırlaşır.
Güney Azərbaycanın Qəzvin şəhərinin ümumi məhkəməsinin 102-ci şöbəsi iki nəfər fotoqrafı 75 zərbə şallağa məhkum edib.
Valinin mədəniyyət işləri üzrə müşaviri və Qəzvinin Mədəni İrslər Təşkilatının rəisinin şikayətinə görə məhkəməyə çağırılan fotoqraflardan biri mətbuata bildirib ki, Qəzvinin ümumi məhkəməsinin 102-ci şöbəsinin ilkin qərarına əsasən, o təhqir ittihamı ilə 25 və digər fotoqraf həmin ittihama görə 50 zərbə şallağa məhkum edilib.
Qeyd edək ki, bundan öncə valinin mədəniyyət üzrə müşaviri sözü gedən fotoqraflardan şikayət edib. Buna səbəb foqoqrafların müşavirin kitablarının biri ilə bağlı yazdıqları tənqidi qeydlər olub.
Xatırladaq ki, rəsmi məlumatlara görə, İranda son iki ay müddətində 211 nəfərə şallaq vurulub. Lakin qeyri-rəsmi məlumatlar bu sayın daha çox olduğuna təkid edir.