“Azərbaycan” qəzetinin səhifələrində  - 24-cü yazı  Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 24-cü yazı 

Mədəniyyət tariximizdən bir elan:
Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi Təbrizdəki Sovet Mədəniyyət Evində “Azərbaycan xalqının böyük dövlət xadimi və istedadı şairi Şah İsmayıl Səfəvinin həyat və yaradıcılığına” həsr olunmuş təntənəli ədəbi gecə təşkil edir. Ədəbi gecədə “Şah İsmayıl Səfəvinin dövlət fəaliyyəti” haqqında cənab Katibi və “Şah İsmayıl Səfəvinin (Xətainin) ədəbi yaradıcılığı haqqında cənab Milani məruzə edəcəklər.
Ədəbi məclis mədəniyyət evində şənbə günü fevral ayının 16-da axşam saat 5-də təşkil olunacaqdır. Məruzələrdən sonra böyük konsert veriləcəkdir. Dəvət xüsusi dəvətnamə ilə olacaqdır. Sovet Mədəniyyət Evi müdiriyyəti.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 127, 15.02.1946

***

Qasım Firuzan: Qəhrəman fədailərimiz
Azərbaycanlı olan bir fərd qorxmaz və qorxu nədir bilməz

Tarixin qızıl səhifələri Azərbyacan xalqının cəngavərlik və qəhrəmanlıq xatirələri ilə doludur. Azərbaycan və onun namuslu anaları Səttarxanlar, Bağırxanlar, Doktor Əranilər kimi qəhrəman oğullar, həqiqi fədailər yetişdirmişdir. Onların nəsilləri olan bu günün və gələcəyin şanlı və qəhrəman fədailəri öz doğma yurdlarının müdafiəsi üçün bir qətrə qanları qalıncaya qədər hazırdırlar və hazır olacaqlar. Artıq Azərbaycan milləti dünyanın azad və demokratik millətləri kimi öz istiqlaliyyətlərinə qovuşub əbədi hürriyətlərini əllərinə aldılar.
İndi biz ölkəmizi qorumaq üçün iman, cəsarət və şövq ilə Azərbaycan xalq qoşunlarına özümüzü tezliklə tanıtdırıb vətən yolunda hər cür fədakarlığa hazır olmalıyıq. Bu bizim ən böyük vəzifəmiz və milli idealımızdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 128, 17.02.1946
Şah İsmayıl Ərdəbilə gəldikdən sonra siyasi fəaliyyətini genişləndirir, xüsusən Şah İsmayıl tərəfdarları, başqa sözlə desək, Qızılbaşlar onun ətrafına toplanmağa və yeni bir qoşun dəstəsi düşəltməyə başlayırlar. Məlum olduğuna görə Şah İsmayıl tərəfindən düzənlənən bu qoşunlar xüsusi paltar geyib və papaqlarına 12 qırmızı lent bağladıqları üçün tarixdə Qızılbaş ordusu adı ilə şöhrət qazanmışdır.
Şah İsmayıl Ərdəbil və Ərçivan şəhərlərini tutduqdan sonra Şimali Azərbaycana hərəkət edir. Əvvəl Gəncəyə, sonra da İrəvana gedir. Buradan kiçik Asiyanın şərq vilayətərinə gedən İsmayıl bu vilayətlərdə ehtiramla qarşılanır və bu vilayətlərdən onun ətrafına çoxlu mücahid toplanır. Beləliklə İsmayıl öz ətrafında 7000 nəfərdən ibarət bir qoşun cəm edir.
O zaman, yuxarıda göstərdiyimiz kimi, Azərbaycanda xirda feodal dövlətləri mövcud idi. Bu dövlətlər isə ticarətin tərəqqisinə, şəhərlərin böyüməsinə, kənd təsərrüfatının və əkinçiliyin inkişafına maneçilik törədirdi. Ona görə bütün əhali kiçik feodal dövlətlərinin vahid dövlətdə birləşməsinin tərəfdarı idi. Xüsusən, Azərbaycanın şimal hissəsində olan Şirvanşah dövlətini Şah İsmayıl öz dövlətinə birləşdirərək vahid Azərbaycan dövləti yaratması işində bu ideyadan çox istifadə etmişdir.
907 hicridə (1501miladi) İsmayıl Şirvandan cənuba qayıtdığı zaman Ağqoyunlu padşahı Əlvənd Mirzə Şərur nahiyəsində ona qarşıgəlir. Burada İsmayılın qoşunları ilə Ağqoyunlular arasında müharibə baş verir. Bu müharibədə İsmayıl öz hərbi və döyüş məharətini göstərərək Əlvəndin böyük ordusunu məhv edir.
(qurtarmadı)
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***

"Bizim bir məzhəbimiz olduğu kimi, gərək bir məsləkimiz olsun"
Tərəqqi etmək üçün fəaliyyət kafi deyil. Əvvəla hansı istiqamətdə fəaliyyət və hərəkətdə olmağın müvafiq olduğunu bilmək də şərtdir. Bir millət tərəqqi etmək və özünü xoşbəxt millətlərin cərgəsinə yetirmək üçün çalışmalıdır. Həm də çox çalışmalıdır. Xüsusən bizim kimi bir millət ki, hakimiyyət maskası altında bir qrup fitnəkar soyğunçu, xain ünsürlər əziz vətənimizi və müqəddəs ölkəmizi alçaq və qara diktatorluq dövründə bir müstəmləkə halına salıb məmləkəti bir xarabalığa və milləti fəlakətə sövq etdilər.
Biz bu gün hamımız əl-ələ verib çalışırıq. Eyni halda istiqamətimiz və hədəfimiz də məlumdur. Firqəmizin şüarları ilə hərəkət etmək, onun göstərdiyi yol ilə getmək bizim üçün ən düzgün yol və ən doğru hərəkətdə bulunmaqdır.
Firqəmizin məramı bizim üçün ən müqəddəs bir məramdır. Çünki onu doğuran və onu vücuda gətirən bizdə oyanan və günbəgün bərkiyən milliyyət hissidir. Bəzi xam və xain siyasətçilər belə xəyal edirlər ki, millətin qəlbində daşan və ruhunda dalğalanan bu ali hissləri və qüvvətli fikirləri boğmaq və təzyiq altında qoymaqla aradan apara bilərlər.
Daha bilmirlər ki, fikirlər və hisslər sıxışdırıldıqca qüvvəti və şiddəti artar və müqaviməti qeyri-adi bir hal alar. Ən sonu onun önünü almaq istəyənlərin məhvinə səbəb olar. Bəşəri bir fikrin və bir əqidənin əleyhinə qalxmaq, bu fikrin və bu əqidənin güclənməsindən başqa bir şeyə yaramaz.
Bu gün Tehranın düşüncəsiz və idraksız hakim təbəqəsi bilməlidir ki, qərnlər boyu gördüyümüz zülmlər və basqılar bizdə olan milliyyət hissini çox qüvvətləndiribdir və bizdə düşməni əzən və hər cür təcavüzə son qoyan bir qüvvə əmələ gətiribdir. İnsanda olan dini hiss kimi. Bu dini hiss çox təbii bir hissdir. O hiss mədəniyyətin nə səviyyədə olmasından asılı olmayaraq tələb edir ki, bir bütə, bir Allaha, bir yaradana inansın və habelə imanlı, vicdanlı və müqəddəs bir kitabı olsun.
İnsanda olan milliyət hissi də tələb edir ki, onun öz millətinin və məmləkətinin indisi və gələcəyi haqqında bir məramı, bir arzusu, siyasi bir məsləki və təriqəti olsun. Bu məramı andıran hər məramnamə milli hissi qüvvətli olan hər vətəndaş üçün müqəddəs bildiyi öz dini kitabı qədər əziz, müqəddəs və möhtərəmdir və onun müqəddəs vəzifələrindən sanılır. Bir adam dinsiz və məzhəbsiz yaşaya bilmədiyi kimi, bir vətəndaşın da gərək öz məmləkəti və milləti haqqında aşkar bir fikri və düşüncəsi, bir siyasi yolu və məsləki olsun ki, vətəninin tərəqqisi və millətinin xoşbəxtliyi uğrunda çalışıb millətinə və məmləkətinə düşmən olanların hər cür təcavüzkarlıqlarına və xainliklərinə qarşı mübarizə aparsın.
Qara diktatorluq dövündə din və məzhəb azadlığı olmadığı kimi siyasi azadlıq da yox idi. O dövrdə nə bir siyasi cəmiyyət var idi və olduğu surətdə də bir adamın o cəmiyyətə daxil olmağa və siyasi fəaliyyət göstərməyə cəsarəti yox idi. Bu gün Azərbaycan milləti azadlığın hər növündən faydalandığı kimi siyasi azadlıqdan da payı vardır. Bu yolda bir məramı olduğu kimi onun uğrunda, o mərama çatmaq üçün hər cür fəaliyyət göstərməkdə də azaddır. Onun siyasi məsləki və siyasi yolu firqəmizin məramı və onu andıran məramnaməsidir. Azərbaycan millətinə bu siyasi yolu qəbul etdirən yalnız rəhbərlərimizin iradə və ixityarı deyil, eyni zamanda onun öz demokratik ruhudur.
Məhəmməd – Fəxr.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***

Q. R. Cavidan: "Cavanlarımız - gələcəyimiz"
Cavanlar təşkilatı firqəyə aid bir təşkilat olmayıb firqənin rəhbəriyyəti altında işlədiyi üçün o tam demokratik bir təşkilatdır. Bu o deməkdir ki, cavanlar təşkilatı qondarma etibar ilə firəqə təşkilatı olmayıb, ancaq fəhlə və kəndli balalarını firqəmizin ruhu ilə ruhlandırb onları firqə sıralarına daxil olmaq üçün hazırlayır. Ona görə də cavanar təşkilatı firqənin rəhbəriyyəti altında işləməlidir.
Cavanların hədəfləri cavanların millətimizə olan əsas vəzifələrini yerinə yetirməklə bərabər firqəmizin cavanlara düzgün yollar ilə rəhbərlik etməsini təmin etməkdən ibarətdir.
Cavanlar bunu aydın bilməlidirlər ki, firqənin tapşırıq və göstərişlərini yerinə yetirmək də onların əsas vəzifələrindən birisidir və onunla da öz rəhbərləri olan firqəyə, millət və məmləkətimizin tərəqqi və səadətə yetməsinə köməklik etmiş olurlar. Cavanlar bunu da bilməlidirlər ki, əgər firqəmizin cavanlar təşkilatına rəhbərliyi olmazsa, onlar cavanlarımzı firqəmizin ruhu ilə və firqəmizin götürmüş olduğu siyasi hərəkət xətti (platforması – red.) ilə tərbiyə edə bilməzlər.
Demokrat firqəsinin sıralarını yeni tərbiyələnmiş cavanlarla doldurub və möhkəm etmək cavanlarımızın əsas məsələlərindən hesab olunur. Ona görə də cavanlar təşkilatı kənd və şəhərlərdə öz təbliğat və təşviqat işlərini canlandırıb firqə ruhu ilə cavanların tərbiyə edilməsinə diqqət etməlidirlər.
Cavanlar bunu xatırlamalıdırlar ki, onlara rəhbərlik edən demokrat firqəsi Milli Məclis və Milli Dövlət yaradaraq xaqımızın sinfi mübarizəsini aradan apardığı halda onlar da sinfi fikri tamamailə nəzərdən çıxarıb şəhər və ətraflarda təşkil edilmiş cavanlar təşkilatında mütəşəkkil və müntəzəm bir qüvvə yaratmalıdırlar. Xalqımzın bütün təbəqəsinə mənsub olan cavanlar açıq ürək və səmimi qəlb ilə firqəmizin demokratik tərbiyəsi ilə tərbiyələnsin.
Biz cavanlarımızın arasında elə yenilməz bir qüvvə yaratmalıyıq ki, firqəmiz ona etimad edə bilsin.
Cavanlar gələcəyimiz olduğu üçün firqəmiz onları tərbiyə edib yetişdirmək işinə daha yaxından rəhbərlik etdiyi halda, cavanlar da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib demokrat firqəsinin sıralarına daxil olmaq üçün əsas məlumat və hazırlıqla özlərini silahlandırmalıdırlar. Xalqımızın arzu və amallarının həyata keçməsinin məmurları siz cavanlarsız və ona görə cavanların üzərinə ağır vəzifələr düşmüşdür. Vəzifənin ağırlıına baxmayaraq, cavanlar öz ata və babaları gedən yoldan dönməyəcək bir vəziyyətdə, çiyin-çiyinə istismarçı siyasətlərlə bizi əzən Tehran mürtəcelərini öz güclü pəncələri ilə boğub məhv edərək Azərbaycan millətinə əbədilik olaraq səadtli bir həyat bxş edəcəklər.
Cavanlar bizim gələcək ümidimizdir. Xalqımızn gözü cavanlardadır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.