“Azərbaycan” qəzetinin səhifələrində -29-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində -29-cu yazı

Bir saat zindanda

Çərşənbə axşamı günü - 19.02.1946-cı il tarixində Baş prokuror cənab İbrahimi ilə birlikdə “Şəhri-nou” (Yeni şəhər – red.) zindanına getdik. Cənab İbrahimi şəxsən zindanın mətbəxinə və xəstəxanasına baş çəkdikdən sonra məhbusları görmək üçün onlar olan otaqlara getdilər.
Biz həbsxana kameralarında məhbusların müxtəlif simaları ilə tanış olduq. Bu məhbusların içində neçə il bundan qabaq 10-15 il həbsə məhküm olmuş məhbuslar var idilər. Zindanın mühiti içərisində oranın şəraitinə uyğun məhbuslarda bir sima, bir əxlaq və adət formalaşmışdı. Onların hərəkətləri, düşüncə tərzləri heç vəch ilə azad bir mühitdə yaşayan insanlara bənzəmirdi.
Onlar daima məhdud bir yerdə yaşayırlar. Onların bir-biriləri ilə münasibətləri həmişə bir cürdür. Mən fikir edirdim ki, bunların hər biri indiyə kimi neçə dəfə öz sərgüzəştlərini bir-birilərinə demişdirlər. Uzun gecələr bir-birləri ilə oturub keçmiş xatirələrini nəql etmişlər. Cənab İbrahimi onların hər tək-təkindən günahlarını və neçə ay zindanda olmalarını sual edən zamanda onlar hamısı bir-birilərindən qabağa düşür, öz günahsızlıqlarını bəyan etmək istəyirdilər.
Mən bir tərəfdə durub onlar danışanda onların qiyafələrini diqqətlə mütaliə edirdim. Qabaqkı məhbus sözünü qurtarana yaxın ayrısı da danışmaq istəyən zaman xüsusi hərəkətlər edərək udquna-udquna sözünü deyirdi. Onların içində mənim gözüm bəzi cinayatkar məhbuslara düşdü. Onlar keçmiş hökumətin dövründə minlərlə qanuna zidd işlər görürdülər. Amma dövlət onları cəzalandırmayaraq daim onların əməllərini təşviq edirdi. Buna görə də xalqın arasında böyük bir inamsızlıq yaranmışdı.
Məhbusların arasında cənab Abedininin məsum (!) qiyafəsi görsənirdi. Mən bu məsum qiyafəni ilk dəfə olaraq Marağada Rzaqulu xanın cənazəsi üstündə görmüşdüm. O gecə cənab kapitan Abidini zəhərli süngülərlə ölmüş kəndlinin başı üstə durub özünə haqqlı bir görkəm almışdı.
Oradakı mhbusların çoxu qabaqki hökumətin dövründə zindana düşmüşdülər. Qanun əsasında günahkarlara cəza vermək məntiqi bir işdir. Amma demək lazımdır ki, bu günahkarların çoxu qabaqkı hökumətin qurbanlıqlarıdırlar.
Doğru prinsiplərlə idarə olunan bir məmləkətdə, ictimai tərbiyə olan bir ölkədə heç vaxt günahkar bir insan tapıla bilməz. Düzdür ki, səhlənkarlıq və yanlışlıq insanda təbii bir işdir. Lakin bu yanlışlıqların əmələ gəlməsi təsadüfi olmayaraq böyük səbəblərə, əməllərə malikdirlər. Mədəniyyətin olmadığı bir ölkədə bu cür işlərin əmələ gəlməsi qəzəb doğurur. Ondan əlavə bizim ölkəmizdə indiyə kimi olan fərdlər qanun qarşısında bərabər bir hüquqa malik olmamışdırlar və cəza qanunlarının məzmun və mahiyyəti günahkarların ictimai mövqelərinə görə dəyişərdi.
İkincisi, iqtisadi şərait qarşısında da xalqımız bərabər bir hüquqa malik deyildi. İşsiz olan bir şəxs öz ailəsini idarə etməkdən ötrü hər halda oğruluq edəcəkdir. Bu oğruların çoxu zindandadırlar. Oğruların bəziləri də var idi ki, zindana getməzdilər. Onlar rayon polisləri tərəfindən oğruluq tapşırığı alaraq özlərini və rayon məmurlarının dolandırmağa borclu idilər. Qanunlarımız ayrı sahələrdə nöqsanlı olduğu kimi törədilən günahlar barəsində də böyük nöqsanlara malik idi.
Keçmiş hökumət dövründə maddi ehtiyac nəticəsində bir aftava oğrusunu tutub zindana salırdılar. Amma xalqın milyonlarla sərvətlərini mənimsəyən adamlar azad idilər. Böyük ictimai postlar da onların əllərində idilər. Bu cür oğruların toxunulmazlığı olduğu üçün qanun onların barəsində qüvvədə deyildir. Mən fikir edirdim ki, məhbuslar müqəssirdilərsə, keçmiş hökumətin qurbanlığı olmuşlar. Zindanın kameralarını bir-bir dolandıq. Cənab İbrahimi məhbusların yeməkləri barədə sual etdi. Hamısı istəyirdi ki, özünün zindana düşmə tarixini və səbəbini deyərək təqsirsizliyini isbat eləsin.
Axırıncı kamerada ürək yandırıcı bir mənzərəyə rast gəldik. Buradakı otaqlar fövqəladə soyuq idilər. Koridorlar darısqal və üfunətli olduğu üçün insana ürək bulandırması verirdi. Məhbusların kəsif havalı otaqları insanı gicəlləndirirdi. Oranın çirkli pəncərələrində qarlı dağların mənzərəsi gözə çarparaq zindanın mühitindən ayrı azad bir mühit olmağını da xatırladırdı.
Bütün məhbuslar ilə müsahibə etdikdən sonra saat 13-də eşiyə gəldik. Milli Hökumət qurulmamışdan qabaq burada 228 nəfər məhbus var idi və indi 120 nəfər vardır. Yolda İbrahimi “Necə idi, gördün?”- deyə məndən sual etdi. Mən isə bir az fikirləşdikdən sonra “Mən heç vaxt məhbus olmağımı arzu etmirəm”- deyə gördüyüm faciəli mənzərələri xatırladım.
Fəthi Xoşginabi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946
***

Firidun İbrahimi : "Qələbədən qələbəyə"
Polşanın qərbindəki şəhərlərdən biri qəhrəman Qızıl ordu tərəfindən azad olan zaman Qızıl ordunun dəstələri küçələrdən keçərkən və əsarətdən qurtarmış əhali tərəfindən böyük həyəcan içərisində alqışlanarkən qocaman bir müəllim divarın üzərində yazmışdı: “Yaşasın bizi qəddar düşmən çəngindən xilas edən Qızıl ordu!”
Neçə gün keçdi. Qızıl ordu irəliləməsinə davam edərək bir çox millətləri alman faşizminin əsarət çəngindən qurtardı. Şərqi və Mərkəzi Avropada millətlər azadlığa çatdılar. Qocaman müəllimin sözləri daima təkrar olunurdu. Belə bir xilaskarlıq sifəti birinci dəfə olaraq tarixdə bir orduya verilir. Qızıl ordu hər cəhətdən bu şərəfli sifətə layiqdir. Çünki bu ordunun həyat tarixçəsinin hər səhifəsi unudulmaz iftixarlar ilə doludur. Qızıl Ordu 28 il bundan əvvəl təzə qurulmuş Sovet sosialist dövlətinin mənafeyini və mövcudluğunu müdafiə etməkdən ötrü təşkil olundu. Bu qəhrəman ordu alman işğalçıları ilə amansız döyüşlərdə misli görünməmiş imtahanlardan çıxıb və öz ləyaqətini sübuta yetirdi.
1918-ci ildən bəri Sovet rəhbərləri ehtimal olunan təhlükələri nəzərə alaraq Qızıl ordunun əsasını möhkəmləndirməyə və bu ordunu son sistem təlimat və silahlarla təchiz etməyə böyük diqqət göstərmişlər. Müharibə əsnasında Sovet İttifaqı elə bir təcrübəli və mükəmməl orduya sahib oldu ki, o, sovet xalqlarının sosialist nailiyyətlərini müdafiə etməyə və Sovet İttifaqının dövlət mənafeyini təmin etməyə hər cəhətdən qadirdir. Almanlar təcavüzkar bir millət kimi müharibəyə sülhpərvər Sovet İttifaqından daha artıq hazırlıqlı idi.
Alman faşist ordusu 1941-ci ildə qəflətən Sovet İttifaqına soxuldu və hücumu davam etdirərək üç istiqamətdən Sovet İttifaqının mühüm mərkəzləri olan Leninqrad, Moskva və Qafqaz qapılarına doğru irəliləməyə müvəffəq oldu. Bu böhranlı günlərdə bütün azadlıqsevən və demokratik ölkələrdə sovet xalqlarının öz ana yurdlarını qəhrəmancasına müdafiə etmələrinə böyük ehtiramla baxırdılar. Sovet xalqlarının imanı, fədakarlıqları və sovet istrategiyasının alman istrategiyasından üstünlüyü gələcək qələbənin zəminini hazırladı.
Almanların “İldırım müharibə” haqqındakı planları yoxa çıxdı. Burada bir neçə dəfə olaraq almanların məğlubedilməzlikləri haqqındakı əfsanələr sarsıldı. Bu əziz torpaqlara quldurcasına soxulan alman faşist işğalçıları fənaya məhkum oldular. Qəhrəman qızıl ordu müdafiədən həmləyə keçdi, bütün dünya üzərə azadlıq şövqü ilə yaşayan millətlərə böyük sevinc və ümid bəxş etdi. Cəbhələrdə vəziyyəti tamamilə dəyişildi.
Almaniya üzərində böyük qələbələr çalmaq mövsümü çatdı. Faşist qüvvələri Qızıl ordu qabağında dizə çökdü və alman işğalçıları öz məğlubiyyətlərini etiraf etdilər. Bəşəriyyətin qəddar düşməni öz yuvasına pənah apardı, amma sonda öz yuvasında da məğlub olub, əzilib və qeyd-şərtsiz təslim olmağa məcbur oldu.
Ali baş komandan generalissimus Stalinin rəhbərliyi altında Qızıl ordu sərkərdələri parlaq təşkilatçılıq istedadı göstərdilər. Zabitlər və generallar qoşunu məharətlə idarə edib və sərkərdəlik sənətini ləyaqətlə nümayiş etdirməklə böyük və misilsiz nümunə göstərdilər.
Bu gün bütün dünyada qəhrəman Qızıl ordunun şanlı 28-ci ildönümü bayram edilir, bu bayramda milyonlarla insanlar iştirak edir və Qızıl ordu şərəfinə şadlıqlar göstərirlər. İllər boyu azadlıqdan məhrum edilmiş və irticaçı quldur hakimiyyətlər pəncəsi altında inləyən xalqlar bu günü səmimi qəlbdən alqışlayır və Qızıl orduya salam göndərirlər. Bütün dünyaya sübut olub ki, Qızıl ordu dünyada təhlükəsizliyin həqiqi mühafizi və layiqli dayağıdır. Qızıl ordunun dayağı da azad sovet xalqlarının ürəkləridir. Ona görə bu şanlı və şərəfli ordu həmişəlik yaşayıb və qələbədən qələbəyə qədəm qoyacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946
***

"Azərbaycan" qəzetində elan
Milli Məclisin 18 fevral 1946-cı il tarixində xalisələrin (dövlət torpaqlarının – red.) bölünməsi haqqında təsdiq etdiyi qanuna əsasən fevral ayının 20-dən etibarən aşağıda adları qeyd olunan yerlərdə dövlət xalisə torpaqlarının bölünməsinə başlamışdır. Bu yerlərin bölgüsü mart ayının 20-ə qədər qurtaracaqdır.
1. Miyandoab xalisələri. 2. Xoy xalisələri. 3. Əhər xalisələri. 4. Təbrizin ətrafı.
Azərbaycanı tərk edib və xaricdə Milli Hökumətin əleyhinə mübarizə aparan mülkədarların əmlakının bölünməsi haqqında sonradan elan veriləcəkdir. Bu adamlar bir ay içərisində Təbrizdə hazır olub öz etirazlarını müsadirə komissiyasına verə bilərlər.
Azərbaycan Kənd Təsərrüfatı naziri doktor Məhtaş.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946
***
"Azərbaycan" qəzetində elan
No 8086 – 4969 22.02.1946

Bu elana əsasən Azərbaycanın Kənd Təsərrüfatı və Sənaye Bankında, eləcə də onun şöbələrində cari hesabı olan şəxslərə xəbər verilir ki, bu tarixdən etibarən öz hesablarından istifadə edə bilərlər və eyni zamanda bank qabaqki qərar üzrə hamı və xüsusilə tacirlər üçün cari hesab açmağa hazırdır. Buna əsasən cari hesab açmaq istəyən şəxslərdən xahiş olunur ki, Təbrizdə Azərbaycanın mərkəzi Kənd Təsərrüfatı Bankına və ayrı şəhərlərdə bank şöbələrinə müraciət etsinlər.
Kənd Təsərrüfatı və Sənaye Bankı. Azərbaycan Milli Hökuməti. Kənd Təsərrüfatı Nazirliyi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.