Urmiya gölü faciə ilə üzləşib Güney Azərbaycan

Urmiya gölü faciə ilə üzləşib

Göl quruyarsa əsən küləklər duzu havaya sovuracaq

Problem Güney Azərbaycandan kənarda yaşayan soydaşlarımızı da narahat edir

II yazı

Urmiya gölü ilə bağlı yaranmış faciəli durumun ilk acı nəticələri haqqında mətbuatda gedən xəbərləri ağrı-acısız oxumaq mümkün deyil. "Təbrizin səsi" və "Öyrənci" qəzetlərinin yazdığına görə, Təbiəti Mühafizə İdarəsinin başçısı Məhəmməd Cavad Məhəmmədzadənin dediklərinə əsaslanaraq deyə bilərik ki, gölün qurumuş bölgəsində yaranmış ağır ekoloji vəziyyət buradan 40 kəndin sakininin başqa bölgəyə köçməsinə səbəb olub. Güney Azərbaycanın qərb bölgəsində çap olunan "Ağ-rı" qəzeti özünün 29 aprel 2012-ci il tarixli (№126) nömrəsin-dəki "Həftənin dərdi-dili" bölümündə "Məbada Azərbaycan Sis-tan kimi olsun" sərlövhəli məqalədə yazır: "Vaxtilə Sistanın məhsuldar zəmiləri özünün bol buğdası ilə İranın şərq və mərkəz bölgələrini taxıl ilə təmin edirdi. 1316-cı ildən sonra Hamun gölünə tökülən suların istiqaməti dəyişdikdən sonra, dövlət gölün qurumasının qabağını almaq üçün heç bir tədbir görmədiyindən bu göl qurudu, bu yerlərin ekologiyası kökündən dəyişdi. Quru küləklər ildə ən azı 170 gün əsməyə başladı. Məcburiyyət qarşısında yerli əhali başqa bölgələrə, əsasən Gülüstan, Xorasan, Kirman, İsfahan və başqa yerlərə mühacirət etmək məcburiyyətində qaldı. Allah eləməsin ki, bu fəlakət bizim də başımıza gəlsin".
İran İslam Şura Məclisində Marağadan olan deputat Yusif Nəcəfi Məclisdəki çıxışında (onun çıxışını "Sərab" qəzeti çap edib) iştirakçıların diqqətini Urmiya gölünün quruması ilə bağlı törənəcək fəlakətin böyüklüyünə cəlb edərək deyib: "Aparılan hesablamalar göstərir ki, Urmiya gölündə 11 milyard ton duz var. Şərqi və Qərbi Azərbaycan 70 min km2-dir. Göl qurusa, əsən küləklər bu duzu havaya sovuracaq. Bu zaman bu iki əyalətin hər m2-nə 180 kq duz səpilə bilər. Bu, böyük fəlakət deməkdir!". İran İslam Şura Məclisinin başçısı Laricaninin iştirakı ilə keçirilən iclasda İqtisad Komisionunun məsul işçisi bildirib ki, gölə başqa mənbədən (Arazdan) su çəkmək üçün dövlətin illik büdcəsində hələlik heç bir vəsait nəzərdə tutulmayıb. Halbuki Simnana əlavə su çəkmək üçün Urmiya gölünə lazım olacaq vəsaitdən iki dəfədən də çox pul ayrılıb (bax, buna deyərlər ögey-doğmalıq!).
Salmas şəhərinin Məclisdəki deputatı Ələkbər Ağayi öz çıxışı zamanı Urmu gölündəki vəziyyətə köməkliyi nəzərdə tutan layihənin icrasına nə vaxt başlanacağını bu işlə məşğul olan nazirliyin nümayəndəsindən soruşduqda o, cavabında "Biz hələ bu layihəni mütaliə etməmişik"- deyib. Salman Zakir (Urmiyanın Məclisdə nümayəndəsi) öz çıxışında göstərib ki, "iqtisadi quruculuq işləri" ilə məşğul olanlar öz layihələrində gölün qurumasının qarşısını almaq üçün görüləcək ilk tədbirlərə lazım olan vəsaiti hansı səbəbdənsə iki qat artıq göstərirlər. O deyib: "Siz işi görməmək, büdcədə vəsaitin tapılmasında çətinlik yaranması xatirinə belə edirsiniz. Bunu etmək istəyənlər Azərbaycandakı insanların fəryadın eşitmək, onlara kömək etmək istəmirlər".
Aparılan hesablamalarda göstərilir ki, hazırda dövlətin hərbi işlərə bir ildə xərclədiyi pulun 1,3 faizi Urmiya gölünə sərf olunarsa, gölü fəlakətdən xilas etmək mümkündür. Urmiya gölünü fəlakətdən xilas etmək üçün ən əvvəl gölün sahibi olan insanların harayına səs verilməli, onlara kömək sözdə yox, əməldə göstərilməlidir. Yerli, səriştəli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin köməyi ilə vəziyyətdən optimal çıxış yolları axtarılıb tapılmalıdır. Bunun üçün dövlət büdcəsindən bölgəyə ayrılan vəsaitdə gölün xilası ilə bağlı xüsusi ayrılmalar nəzərdə tutulmalı və bu ayrılmalar təyinatına uyğun olaraq sərf olunmalıdır. Ayrılan vəsait halal əl-lər vasitəsilə göldəki suyun heç olmasa sabit saxlanılmasına sərf olunmalıdır. Bu işdə müasir hidrotexnikadan və başqa ölkələrin təcrübəsindən istifadə olunması mühüm şərtlərdəndir. Gölün ətrafı boyunca yeni meşə və yaşıllıq zonlarının salınması, buradakı landşaftın qorunması və çoxaldılması, əlavə su mənbələrinin gölə tərəf istiqamətləndirilməsi vəziyyəti xeyli yüngülləşdirə bilər.
Son mənzilini gölə tökülməkdə tapan çay (Cığatı, Soyuqbulaq, Gadar, Baranduz, Şəhər çay, Nazlı, Zola, Sofi, Leylançay və b.) sularının illik miqdarı 5-6 milyard m3-ə çatır. Bu çayların sularını payız və qış mövsümündə bəndlərə və su anbarlarına toplayaraq, yay mövsümündə gölə axıtmaq əvəzinə, ayrı-ayrı şəxslər su satışı ilə məşğul olaraq daha artıq varlanırlar.
Gölə böyüklü-kiçikli 40-a qədər çaylardan su gəlir. Son 15-20 ildə bölgədə əsasən dövlət məmurları ("Sepah", "Bəsic", "Mücahidine eslam", "Canbazane islam" və s.), eləcə də varlı iş adamları tərəfindən möhtəkirlik məqsədi ilə 70-dən çox şəxsi su sədlərinin inşası Urmiya gölünə tökülən çayların sularını başqa istiqamətə yönəldib. Bundan başqa gölün yaxın ərazisində qazılmış çoxsaylı su quyuları da gölə gələn qurund sularının tükənməsinə səbəb olan amillərdən biridir. Bunlar hamısı göldə suyun səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdir.
Urmiya gölündəki suyun səviyyəsi 10 il ərzində 6,5 m-dən çox aşağı düşüb. Güney Azərbaycanın qərb bölgəsinin rəsmisi Rəsuli Əsgərzadənin hesablamasına görə, Urmu gölünü indiki quraqlıq vəziyyətindən xilas etmək üçün 20 milyard m3 su gərəkdir.
Yaranacaq faciənin miqyasını və dəhşətlərini dərk edən Behişti adına Tehran Universitetinin azərbaycanlı tələbələri bu məsələyə həsr olunmuş xüsusi elmi-nəzəri konfrans təşkil ediblər. Konfransda gölün getdikcə quruması səbəbləri araşdırılmış və fəlakətə son qoymaq üçün bir çox zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Urmiya gölünün quruması ilə bağlı fəlakətdən xilas olmaq vasitələrindən biri də bölgəyə, onun iqtisadi və infrastruktur problemlərinə ürək yanğısı ilə yetişə bilən bacarıqlı kadrların cəlb olunmasıdır. Bölgəyə mərkəzin buyruğu ilə təyin olunan, Tehrandakı bürokratların çaldığı hava ilə oynayan məmurlar nə bölgənin ehtiyac və dərdlərinə, nə də gölün faciəli şəkildə qurumasına əlac edə bilməzlər. Necə deyərlər, "gözdən yaş çıxması üçün gərək ürək yana".
Bölgənin dəyərli sərvəti və neməti sayılan Urmiya gölünün gündən-günə qurumasına, gələcəkdə törənəcək böyük faciəyə biganə qalmayan vətənsevər insanlar vaxtaşırı rejimin təzyiq və təqiblərindən qorxmayaraq gölün qurumuş hissələrinə axışır, insanları köməyə çağırırlar. Onlar gölün susuzluqdan cadar-cadar olmuş yerlərinə su tökməklə rejim başçılarının diqqətini gölün faciəsinə yönəltmək istəyirlər. Bu məqsədlə Urmiyadan, Təbrizdən, Salmasdan, Xoydan, Ərdəbildən, Qoşaçaydan, Marağa, Mərənd və s. yerlərdən gölün sahilinə gələn aksiya iştirakçılarının təşkil etdikləri etiraz mitinqi polis və hərbi qüvvələr tərəfindən dəfələrlə dağıdılır, həbslər aparılır. Dinc aksiyalara qarşı güc tətbiqi göstərdi ki, hakimiyyəti və onun yerlərdəki məmurlarını gölün acı taleyi yox, xalqın etiraz səsini boğmaqla ölkədəki "sabitliyi" qorumaq maraqlandırır.
Urmiya gölünün faciə ilə üzləşməsi Güney Azərbaycandan kənarda yaşayan soydaşlarımızı da narahat edir. Təəccüb doğuran bir cəhət də budur ki, İran ali orqanı – İran Şura Məclisində oturan deputatlardan bəzisi Urmiya gölünü qurumaq fəlakətindən xilas etmək yolları haqda düşünmək və dövləti xilasetmə işinə çağırmaq əvəzinə ictimaiyyəti gölü qurumaqdan qurtarmağın mümkünsüzlüyünə inandırmağa çalışırlar. Onlar bu haqda fikirlərini Məclisin tribunasında səsləndirməkdən və mətbuatda yazmaqdan çəkinmirlər.
Urmiya gölünün qurumasına (mətbuatın yazdığından bəlli olur ki, artıq gölün 70%-i qurumaqdadır) ölkə rəhbərliyində göstərilən biganəlik beynəlxalq ictimaiyyəti də narahat etməyə başlayıb. BMT-yə, UNESCO-ya olan müraciətlər öz təsirini göstərib və informasiya vasitələrində verilən xəbərlərə görə, BMT Urmiya gölünü quraqlıq fəlakətindən xilas etməyə hələlik 135 milyon dollar vəsait ayırmağı qərarlaşdırıb (əlbəttə, gölü tam xilas etmək üçün bu vəsait yetərincə deyil).
Urmiya gölü UNESKO-nun "Beynəlxalq Qoruq" kitabına salındığından bu təşkilatın nümayəndələri daha artıq narahatlıq keçirirlər. Bunu son vaxtlar onların çıxışlarından və mətbuatda gedən yazılarından görmək olur. Urmiya gölünün harayına Tehran səs vermir, görək BMT nə edəcək.
Urmiya gölünün quruması ilə bağlı Tehran rejiminin ortaya atdığı çıxış yolu Araz çayının axarının istiqamətinin gölə yönəldilməsidir. Rejimin qulluğunda olan Məclis deputatları, İqtisad və Quruculuq Nazirliyində işləyən bəzi mütəxəssislər başqa vasitələri bir kənara qoyaraq, Urmiya gölünün xilas olmasını Araz çayındakı suyun məcrasını gölə yönəltməkdə görürlər.
Məlum olduğu kimi, ikiyə parçalanmış Azərbaycana sərhəd olan Araz çayı əsrlər boyu hər iki sahildə yaşayan insanlar üçün həyati önəm daşıyan su mənbələrindəndir. Bu çay on min hektarlarla torpaqda bol nemət yetişdirmək, məişətdən əlavə kənd təsərrüfatı, bağ-bağat, heyvandarlıq və b. işlər üçün əvəzolunmaz təbii nemətdir. Azərbaycanın Araz sahilli bölgələri, Mil, Muğan və Aran rayonlarındakı təsərrüfatları Arazsız düşünmək mümkün deyil. Bundan əlavə, Araz kimi nəhəng çayın axar istiqamətini dəyişmək çox böyük və ciddi ekoloji dəyişiklik yaradar, təbii tarazlığın pozulmasına səbəb olar. Bu baxımdan, Araz çayının axarını Urmiya gölünə yönəltmək təkcə yuxarıda saydığımız fəlakətlərə səbəb olmaqdan əlavə, iki ölkə arasında mövcud olmuş anlaşmalara, eləcə də sərhəd çayları haqqında beynəlxalq konvensiyaya, BMT-nin sərhədlər haqqındakı təlimatı ilə daban-dabana ziddir.

Əkrəm Rəhimli,
iqtisad elmləri üzrə fəlsəfə doktoru