Eşqinlə uçurdum, Azərbaycanım! Güney Azərbaycan

Eşqinlə uçurdum, Azərbaycanım!

Mirzə Hüseyn Kəriminin, Məftun Yədulla Əmininin, Valehin (Mahmud Dəstpişinin), Yəhya Şeydanın şeirləri haqqında

Dərin ictimai-fəlsəfi vüsət lirikanın bədii dəyərini şərtləndirən mühüm estetik amil kimi o zaman özünün təsdiqini tapır ki, poetik fikri gerçəkliyin adi fakt və hadisələri deyil, bu faktlar, hadisələr arasındakı əlaqələr düşündürür. 50-80-ci illərdə Güney Azərbaycanda fəaliyyət göstərən şairlərin yaradıcılığında lirik qəhrəmanın həyata analitik münasibətinin ictimai siqlətini şərtləndirən qlobal problemləri dünya bədii fikrinin əsas inkişaf yönümü ilə müəyyənləşdirə biliblər. Dünya, zaman, ömür kimi məfhumların poetik şərhi müxtəlif ictimai məzmunlu epoxaların şərtləndirdiyi bədii gerçəkliklərdə obrazlı fikrin fəlsəfi-psixoloji tutumunu sərrast ifadə edib.
Şifahi və yazılı poeziyanın bu sahədəki zəngin ənənələrini, həmçinin, Azərbaycan şeirinin klas¬sik nümunələri sırasına daxil olmuş bir sıra şeirlərin müqabilində 50-80-ci illərdə Güney Azərbaycan poeziyasında bu tipli uğurlu şeirlərin yaranması real tarixi şəraitin bu mövzuya aşıladığı məzmun çaları ilə bağlıdır. Burda əsl poetik uğur və mühakimələr, başqa sözlə "filosofluq" iddiaları ilə meydana çıxmır. Zamana görə aşılanan mənanın yaşadığımız günlər üçün ictimai siqləti lirik qəhrəmanın həyata müasir sosial problemlər mövqeyindən yanaşması ilə bağlıdır. 50-80-ci illərin uğurlu lirik nümunələri "arzu", "hicran", "əhd-peyman", "xəzan""zaman", "sədaqət" , "azadlıq", "vətən" və s. məfhumlarla ictimai-sosial məzmun qazanır.
Həyat haqqında lirik düşüncələrin fəlsəfi tutumunu gerçəkliyin konkret hadisələri, predmetləri, adi məişət detallarının şərhi yolu ilə artımı 50-80-ci illərdə Güney Azərbaycan şeirində nəzərə çarpan bədii keyfiyyətlərdəndir. 1931-ci ildə Marağada anadan omuş Mirzə Hüseyn Kəriminin şeirlərindəki məcazların zənginliyilə yanaşı, lirik-psixoloji vüsət, mənalı düşüncələr axarı orijinal intonasiya çalarları ilə əyaniləşir. Onun əsərlərindəki lirik-psixoloji düşüncələri tamamlayan poetik müraciət müəllif niyyətinin yüksək bədii ifadəsi kimi səslənir.
Müasir oxucu ilə lirik ünsiyyətin yadda qalan anları lirik qəhrəmanın daxili yaşantılarının özünə uyar həyati detallarla "qovuşması"ndadır. Bu zaman gerçəkliyin poetik məna verilən tərəfi ilə ictimai-fəlsəfi tutumlu fikir elə qaynayıb-qarışır ki, hansının başlanğıc olduğunu müəyyənləşdirmək çətinlik törədir. Məhz həqiqi poetik istedad da belə məqamda üzə çıxır.
Dağın yanması (vulkan püskürən dağ) şair Məftun Yədulla Əminini mənalı poetik düşüncələrə sövq edir. Burda yanar dağ obrazdır. Şairin poetik düşüncəsinə əsasən yanar dağ bütün dünyaların dərdini qandığı üçün yanır. Şairin özünün də ürək yanğısı ilə qələmə aldığı cəmisi dörd misradan ibarət olan şeirdə yanar dağ poetik obraza çevrilərək döyünən ürək, duyan, düşünən insan ömrü kimi mənalandırılır:

Bütün dünyaların dərdin qanar dağ,
Sual etsən sükut ilə yanar dağ.
Səhəndin üstü qardır, altı qandır,
Bu coşğun dərddən bir yanar dağ.

1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlər xalqın həyatının bütün incəliklərini, romantikasını, ağrı-acısını, sevincini, kədərini gözəl duyduqları üçün, əsərlərində xalq həyatının ümumi mənzərəsini canlı lövhələrlə, poetik səhnələrlə əks etdirməklə yanaşı, milli dəyərlərə, soykökə bağlı olduqları üçün, yaradıcılıqlarındakı xalq ruhu, milli kolorit, dil sadəliyi olduqca qabarıq şəkildə daim özünü büruzə verib. Əsasən xalq şeirindən, aşıq qoşmalarından bəhrələndikləri üçün, onun forma və şəkillərindən, ifadə və ibarələrindən də məharətlə faydalanıblar. Lakin bu şairləri əsas etibarilə narahat eləyən, düşündürən, pərişan eləyən xalqın milli istiqlalı, azadlığı, zülm əlindən qurtulması, şahların cəlladlığı, fars şovinizmi, Azərbaycan xalqına qarşı haqsızlıq, qeyri-bərabərlik olub. Əlbəttə, şah rejiminin iti qılıncının günahsız adamları ağına-bozuna baxmadan kəsdiyi bir dövrdə bütün bunlara qarşı çıxmaq, zülmü-ədalətsizliyi açıq-aşkar bəyan etmək olduqca təhlükəli idi və həmin şairi nəinki ən yaxşı halda zindan gözləyirdi, onun ailəsini, bütün qohumları da məşəqqətli günlərə düçar olacaqdılar. Lakin xalqının yolunda hər cür əzaba-əziyyətə hazır olan, hətta yeri gələndə ölümün gözünə belə dik baxmağı bacaran söz sərrafları heç bir şeydən qorxub-çəkinmədən, bütün bu problemləri dərin fəlsəfi ifadələrlə oxucusunun nəzərinə çatdırmaqla, sadə xalqın bilmədiyi bir çox mətləblərdən onu hali etməklə yanaşı, həm də onu maairfləndirir, gələcəyə açıq gözlə baxmağa, öz azadlığı, milli istiqlalı uğrunda mübarizə aparmağa səsləyirdi.
Xalqın dünənindən, bu günündən və sabahından bəhs etmək üçün şairlərin tez-tez müraciət etdikləri mövzulardan biri də ana dili məsələsidir. Xalqın varlığının ümdə əlaməti, beynində, şüurunda, təfəkküründə qoruya-qoruya yaşatdığı doğma dilin uzun bir dövr üçün qayğıdan məhrum olmasında daim söz ustaları, söz sərrafları özlərini günahkar hesab edir. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, əgər ətrafında baş vermiş mənfiliklərə, problemlərə görə ilk növbədə özünü qınaq obyekti olaraq seçirsə, bu, onun xəlqiliyini, vətənpərvərliyini göstərir, vicdanlı olmasına dəlalət edir. Şairlər xalqın həyatının bütün bəşəriyyətə açılan güzgüsüdür. Şübhəsiz ki, Güney Azərbaycan şairləri də tək İranda və yaxud Azərbaycanda baş verən təlatümlü hadisələrə biganə qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə daim acıyıb, imkan daxilində bütün əyrilikləri, haqsızlıqları xarakterizə ediblər.
Şübhəsiz ki, burda sadə xalqın, daha doğrusu, şahların, xa¬qanların fironluğu nəticəsində inanılmaz dərəcədə əziyyət çəkən kəndlilərin olduqca acınacaqlı həyatına acıyan, onların dərdlərini, qəm-möhnətlərini özünkü hesab eləyən Şəhriyar yaradıcılığındakı əsas ali məqsəd hər şeydən öncə xalqının taleyini bütün problemlərdən vacib hesab etməsindədir. Şəhriyar Azərbaycanı həqiqətən sevən bir şair kimi öz əsərlərində Azərbaycanı, eyni zamanda Azərbaycan xalqını dünyaya tanıtmağa çalışıb. O, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini, nəcib sifət¬lərini, humanizmini göstərməklə yanaşı onun yaşadığı həyatı, adət və ənənələrini də öz qüdrətli qələmi ilə təcəssüm etdirib. Xalqın həyatında, məişətində nə varsa, hamısını bədii boyalarla, poetik lövhələrlə göstərib, bir sözlə, sadə xalqın həyatını, adət-ənənələri, bayramları, mərasimləri hər cəhətdən yüksək bir formada əks etdirib.
Məlumdur ki, xalq ədəbiyyatı özünün bütün inkişaf mərhələlərində xalqın estetik tərbiyəsinə xidmət etmiş mənəvi silaha çevrilib, əsl tərbiyə məktəbi olub. Xalqımızın yaradıcı insanları, sənətkarları isə ağız ədəbiyyatını yazılı ədəbiyyata çevirərək, eyni zamanda bu xəzinəni qiymətsiz yeni gövhərlərlə bəzəyərək, bu tərbiyə məktəbinin vəzifələrini ləyaqətlə yerinə yetiriblər.
Bu baxımdan 1950-1980-ci illərdə Güney Azərbaycanda folklora söykənərək fəaliyyət göstərən şairlərin zəhmətini, əməyini qiymətləndirməmək, dəyərləndirməmək ən azı günah olar.
Şübhəsiz ki, şifahi xalq ədəbiyyatı nümunələrindən bəhrələn¬məyin əsas amillərindən biri oxucuya poetik ideyanın mahiyyə¬tini, məğzini ən sadə üsulla, asan bir şəkildə çatdırmaqdır. Buna 1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlərin bir çox nümunələrini misal gətirmək olar.
Hamıya məlumdur ki, Ana vətənimiz Azərbaycana o taylı, bu taylı şairlərimiz çox sayda şeirlər həsr ediblər. Hər şair də özünəməxsus ifadə tərzi ilə Ana vətəni böyük məhəbbətlə vəsf ediblər. Güney Azərbaycanın istedadlı şairlərindən olan Valehin (Mahmud Dəstpişi) bu səpkidə yazılmış şeirlərində Azərbay¬canın bədii xəritəsi - təbii zənginlikləri, sərvətləri şairin özünəməxsus rəngarəng boyaları ilə cilalanıb.
Mahmud Dəstpişi bədii yaradıcılığında folklor ölçüləri saxlamaqla yanaşı, şairlərin işlətdiyi ümumi deyim və məcazlardan qaçmağa çalışan, yeni boyalar, yeni rənglər axtaran, həyata poetik baxmağı bacaran bir şairdir. O, başqalarının görə bilmədiyi, yaxud görüb seçə bilmədiyi mətləbi şairanə idrakla sənət dilinə çevirə bilir. Şair keçmişi də, bu günü də düşünəndə, ona yalnız şair qəlbi ilə yox, təfəkkür gözü ilə baxır, bütün varlığıyla sevdiyi Ana vətənin hər guşəsində məna axtarır. Onun hadisələrə bədii-fəlsəfi mövqeyi həmişə aparıcıdır:

Dədəmdən, babamdan qalıbsan mənə,
Od nişanlı yurdum, Azərbaycanım!
Mən də çöskü saldım odlu sinənə,
Yosma koma qurdum, Azərbaycanım!

Hər yerdə dərdimi aça bilmədim,
Hər bulağın suyun içə bilmədim,
Quşum sənə qondu, uça bilmədim,
Səni deyib-durdum, Azərbaycanım!

Mən sənin oğlunam, sən mənim anam,
Kim anasın danıb, mən səni danam?
Odlu ürəyində qaynayan qanam,
Köksündə oturdum, Azərbaycanım!

Dedim, sinən üstə bəxtəvər oldum,
Fələk ayrı saldı, mən gedər oldum,
Köçəri quşlarla həmsəfər oldum,
Eşqinlə uçurdum, Azərbaycanım!

Dirilik-şərəfdir, təlaş-iftixar,
Dirilik-məhəbbət, vüsal intizar,
Gördüm ki, məhəbbət əbədi qalar,
Nifrətə od vurdum, Azərbaycanım!

("Azərbaycanım". "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası". 4-cü cild. Bakı-1994. səh.218).
Vətənpərvərlik mövzusu bu illər ərzində kifayət qədər özünü göstərib. Həyat hadisələrini nəzmə çəkməyin çox mahir ustalarından biri olan Yəhya Şeyda əsərlərində qələmə aldığı həyatı tam sərtliyi və təzadları ilə əks etdirməyi, onun işıqlı və qaranlıq tərəflərini qabarıq göstərməyi, onu dərin analitik təhlildən keçirməyi bacarır. Şair hadisələrin mahiyyətinə nüfuz etməyi, məzmun, mündəricə gözəlliyini aşkara çıxarmağın olduqca peşəkarcasına öhdəsindən gələ bilir. Bütün bunlarla yanaşı şairin əsərlərində mübarizə ruhu vüsətli və əzəmətli səslənir. Yaradıcılığında poeziyamızın sənət günəşi dahi Mövlanə Füzulinin təsiri duyulan Yəhya Şeydanın əruz vəznində qələmə aldığı "Böyük amil" əsəri poetik fiqurlarla, təşbihlərlə, istiarələrlə, eyni zamanda klassik şairlərimizin ənənələrini davam etdirərək dünyanın bütün eybəcərliklərindən, çirkinliklərindən tamamilə kənar bir yerdə, xərabətilərdə "saqi" (klassik ədəbiyyatda saqi eyni zamanda həm lirik "Mən" kimi, eyni zamanda cənnətdə şərbət paylayan obraz kimi nəzərdə tutulur) obrazı ilə Azərbaycanın şanlı tarixinə nəzər salaraq bir çox mətləbləri izah eləməklə yanaşı, oxucusunu yalançı siyasətbazlara, düşmənlərə qarşı səfərbər edir:

Vüqar Əhməd,
professor