“Traxtur-Saypa” oyununa giriş pulsuz olacaq Güney Azərbaycan

“Traxtur-Saypa” oyununa giriş pulsuz olacaq

İran üzrə futbol klublarının super liqa rəqabətləri son həftələrinə yaxınlaşdıqca, müsabiqələr təyinedini mərhələyə keçir.
Super liqa müsabiqələrinin qalibi uğrunda mübarizə aparan əsas komandalardan biri də Təbrizin "Traxtur" takımıdır və hazırda cədvəlin 2-ci yerində qərarlaşıb. "Traxtur" klubu bu həssas şəraiti nəzərə alaraq növbəti müsabiqədə tərəfdarların daha çox toplanması üçün stadiona girişi pulsuz elan edib. Klub yaydığı bəyanatda bildirib ki, ""Traxtur" hazırda özündən irəlidə olan komandadan sadəcə bir imtiyaz (bal) geridədir və super liqa müsabiqələrinin qalibi olmaq "Traxtur" üçün olduqca realdır. Bunun üçün tərəfdarların daha da aktiv olması gərəkir."
Super liqa rəqabətlərinin 26-cı həftəsində "Traxtur"la Kərəcin "Saypa" komandası aprelin 16-ı (fərvərdinin 27-i) yerli vaxtla saat 17:30-da Təbrizin səhənd stadionunda qarşılaşacaq. Bu müsabiqədən bir gün sonra Təbrizin "Qostəreşe fulad" takımı ilə Məşhədin "Pədidə" komandası qarşılaşacaq. Müsabiqə aprelin 17-i (fərvərdinin 28-i) yerli vaxtla saat 17:30-da Məşhədin Samin stadionunda start götürəcək.
Müsabiqələri GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.