AFFA hakimi söyən futbolçuları cəzalandırdı İdman

AFFA hakimi söyən futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında U-17 liqasında keçirilən "Səbail" – "Neftçi" matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Komitə görüşdə qırmızı vərəqə alan "Neftçi"nin oyunçularına müvafiq cəzalar tətbiq edib. İkinci sarı vərəqədən sonra meydandan qovulan Vüqar Quliyev 1, kobud oyuna görə birbaşa qırmızı vərəqə alan İlkin Əbiyev 2 oyunluq diskvalifikasiya olunub. Qarşılaşmanın son dəqiqələrində hakimi təhqir etdikləri üçün meydandan qovulan "ağ-qaralar"ın digər üzvləri Nihad Qurbanlı və Abbas Abbasov isə 4 oyunluq cəzaya məruz qalıb.
Bundan başqa, həvəskarlar liqasının "Balaxanı" – "Bərdə" matçında ikincilərin oyunçusu İlkin Fərhadov referinin ünvanına söyüş işlətdiyindən, eyni formada cəzalandırılıb. Həmçinin U-14 Liqasında keçirilən "Zirə" – "Qəbələ" oyununun 29-cu dəqiqəsində "Zirə"dən Rza Əliyev və Cavidan Bilalzadə, "Qəbələ"dən isə Nuğay Rəşidov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə almışdılar. Adıçəkilənlərin hər biri qarşıdakı 4 matçda komandalarına kömək edə bilməyəcək.