Mövsümün uğursuz transferləri İdman

Mövsümün uğursuz transferləri

Topaz Premyer Liqasında mübarizə aparan klublar hər il olduğu kimi, yenə heyətlərində köklü islahatlar aparmaq işinə start veriblər. Bütün bunlar uğursuz transfer siyasətinin nəticəsidi ki, əksər futbolçular eyni komandada ən yaxşı halda 1 il qala bilirlər. Elə geridə qalan mövsümə nəzər yetirsək, komandaların kifayət qədər gərəksiz keçidlərinə şahidlik etmiş olarıq. Həm ötən mövsümlərarası, həm də qış fasiləsində alınan futbolçuların bir çoxu heç nə ilə yadda qalmayaraq, tezliklə yola salındı. Topaz Premyer Liqası klublarının yay və qışdakı uğursuz keçidləri...


"Qarabağ"

Son çempionun ötən yay heyətinə qatdığı oyunçuların heç də hamısı özünü doğrultmadı. Donetsk "Şaxtyor"undan gətirilən qapıçı Anton Kanibolotski mövsümü ehtiyatda keçirdi. Həmçinin, "Trabzonspor"dan icarəyə götürülən millimizin hücumçusu Ramil Şeydayev də özünə heyətdə yer tapa bilmədi. "Olimpiakos"dan böyük ümidlərlə icarəyə götürülən Tarik Elyunussinin isə başı zədələrini sağaltmağa qarışdı və ilk yarıdan sonra yola salındı. Ağdamlılar qış fasiləsində heç kimi transfer etmədilər.

"Qəbələ"

"Qırmızı-qaralar"ın mövsümlərarası fasilədəki transfer siyasəti uğurlu alınmadı. Yerlilərdən Elvin Məmmədov və Aqil Məmmədov ehtiyatda oturmağa gəlmişdilər və belə də oldu. Xavi Ernandes Qonzales avrokubok matçlarından sonra, Premyer Liqada debüt etmədən yola salındı. Endi Hallidey, Deyv Bultuis və Ekiqo Ehiosun da fiasko transferlərdən oldu. Nəticədə onlar "Qəbələ"də cəmi 6 ay qala bildilər. Mövsümün sonuna qədər tab gətirən Dion Malon da uğursuz keçidlərdən idi. Qışda isə bölgə təmsilçisi yalnız Təmkin Xəlilzadəni almaqla kifayətləndi ki, onun barəsində hələlik nə mənfi, nə də müsbət fikir söyləmək mümkündü.

"Neftçi"

Bürünc mükafatçının həm yay, həm də qış transferlərinin bəziləri heç nə ilə yadda qalmadılar. Hələ ötən ilin yayında kollektivə cəlb edilən Elnur Cəfərov meydandakı oyunundan çox qalmaqalla diqqət çəkdi. Elə Rəşad Sadiqovun da əvvəlki formasından uzaq olması gözdən qaçmır. Görünür, yaş öz sözünü deyir. "Rudar"dan alınan Mateo Mujek 6 ay ərzində cəmi 2 görüşdə meydana çıxdı və mövsümün ikinci yarısını "görə bilmədi". "Ağ-qaralar" qış transferləri ilə də azarkeşlərini məyus etdi. Yerlilərdən İlkin Qırtımov, əcnəbilərdən isə Fransisko Xavyer Qarsiya, Lukas Qomez və Mayk Kampaz "Neftçi" səviyyəsində oyunçu olmadıqlarını göstərdilər.

"Zirə"

"Zirə"nin yay fasiləsində anlaşdığı 2 oyunçu - Nicat Qurbanov və David Manqanın varlığı ilə yoxluğu bilinmədiyindən, yanvarda hər ikisinə "yaxşı yol" deyildi. İkinci yarıda Meksika təmsilçisi "Murselaqos"dan icarəyə götürülən Comal Evans Uilyamsa da 6 ay dözmək mümkün oldu.

"Sumqayıt"

"Gənclik şəhəri" təmsilçisinin ötən yay "Qəbələ"dən icarəyə götürdüyü Ramin Həsənov qış fasiləsi yaranan kimi, gəldiyi kimi də getdi. "Zirə"dəki uğursuzluğu "Sumqayıt"da unutdurmaq üçün ikinci yarıda bu komandaya qoşulan Nicat Qurbanov burda da yarıtmadı. "Keşlə"də əsas heyət üzvü ikən qışda "Sumqayıt"a keçməyi üstün tutan Elnur Abdullayev də Samir Abasova heç cür kömək edə bilmədi.

"Keşlə"

Transfer qadağasına görə mövsümlərarası fasilədə heç kimlə anlaşa bilməyən "Keşlə" qış fasiləsində kifayət qədər gücləndi. Təbii ki, yeni gələnlər arasında lazımsızlar da oldu. "Neftçi"dən gətirilən Məqsəd İsayev cəmi 6 oyunda meydan üzü gördü. Səudiyyə Ərəbistanı və Çexiyadan yeni macəra üçün gələn Herve Tçami ilə Pablo Podio da yalnız boş yer doldurmaqla məşğul oldular.

"Səbail"

Premyer Liqanın debütantında ümidləri doğrultmayan oyunçu kifayət qədər idi. Onların çoxu komandada cəmi 6 ay qala bildi. Lakin böyük ümidlərlə gətirilənlərdən Amit Quluzadə, Edqaras Zarskis, Renan Telleş, Nurlan Novruzov və Murad Ağayev zəif çıxışla yadda qaldılar. Nəticədə ilk 3 oyunçu qışda, digər ikisi isə mövsüm başa çatan kimi göndərildi. İkinci yarı üçün kollektivə cəlb edilən Vahit Orazsaxedov və Ruslan Əmircanov da özlərini göstərə bilmədiklərindən, artıq "Səbail"in üzvü deyillər.