Türkiyədə kürd üsyançıları müharibə istəyir, yoxsa sülh? Dünya

Türkiyədə kürd üsyançıları müharibə istəyir, yoxsa sülh?

Heç bir şəkildə rəsmi danışıqlar baş tutmadı və heç nə dəyişmədi

Cavid

Sülh danışıqlarının sarsılması ilə üsyançı qrupların liderləri Rəcəb Tayyip Ərdoğan hökumətinə qarşı uzun və qanlı münaqişə başlatmağa hazırlaşırlar. Türkiyə ilə döyüş vəziyyətində olan kürd üsyançı qüvvələrin əsas bazasına gedən yol İraqın şimalındakı dağlardan keçir. İraqın İranla sərhədə yaxın yerləşən bu hissəsində iraqlı kürdlər nəzarəti PKK tərəfindən idarə olunan keçid məntəqələrinə ötürür. AK-47 avtomatları ilə silahlanmış əsgərlər ikili qruplar şəklində maşınları dayandırır və içəridəki sərnişinləri nəzərdən keçirirlər.
"Foreign Policy" yazır ki, kürd üsyançı qüvvələrinin de-fakto rəhbəri Cəmil Bayık əslində Türkiyə mediasının iddia etdiyi kimi İrana sığınmayıb. Türkiyənin üsyançıları İraqın şimalındakı dağlarda yerləşən bazalarından çıxarmaq üçün hava hücumları təşkil etməsinə baxmayaraq, Cəmil Bayık olduğu yerdə qalmaq niyyətindədir.
PKK qərargahının yerləşdiyi Qəndil dağlarında müsahibə verən Bayık deyib: "Gördüyünüz kimi burdayam." İyul ayının sonunda İraqın kürdlər yaşayan kəndi Türkiyənin PKK bazasını hədəf götürdüyü bildirilən bir reyddə qismən dağılıb. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə, hücumda səkkiz nəfər silahsız sakin də həlak olub.
"Müharibə deyirsizsə, bu, elə müharibədir – Türkiyənin daxilindəki hücumlar da, yüzlərlə insanın həbs edilməsi də. PKK-nın da özünü müdafiə etmək hüququ var." – 1978-ci ildə PKK-nın qurulmasında iştirak etmiş və uzun müddət Abdullah Öcalana sadiq qalmış Bayık deyib.
Türkiyənin PKK-nın özünüidarə hüququ əldə etmək istədiyi cənub-şərqi ötən altı ay ərzində minlərlə kəndin zorla boşaldılmasından sonra baş verən toqquşmalar nəticəsində 1990-cı illərdən bu yana görünməmiş dərəcədə xarabalığa çevrilib. Türkiyə iyulun sonundan bu yana İraqın şimalında və Türkiyədə öldürülən şübhəli üsyançı sayının 900-dən çox olduğunu, üsyançılar isə yüzlərlə türk əsgəri öldürdüklərini bildirirlər. Göründüyü kimi tərəflərdən heç biri geri çəkilmir.
Döyüşlərin kəskinləşməsi PKK ilə Türkiyə arasında razılaşdırılmış iki illik atəşkəsə son qoydu. 2013-cü ilin əvvəlində Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanla gizli danışıqlar aparıldıqdan sonra Öcalanın razılıq verdiyi atəşkəsin 30 illik üsyana son qoymaq üçün rəsmi danışıqlarla nəticələnəcəyi gözlənilirdi. PKK Türkiyəni liberallaşdırmaq və kürdlərə etnik zəmində siyasi və mədəni hüquqlar vermək üçün qanun və konstitusiyada dəyişikliklər edilməsini, eləcə də, regional muxtariyyət və Öcalanın azadlığa buraxılmasını, Türkiyə hökuməti isə üsyançı qrupun tərksilah edilməsini və PKK döyüşçülərinə Türkiyəyə sərbəst qayıtmaq hüququ verilməsini istəyir.
Ancaq heç bir şəkildə rəsmi danışıqlar baş tutmadı və heç nə dəyişmədi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan onun idarə formasını tənqid edən jurnalistləri cəzalandıraraq və öz prezidentlik müddətini uzatmaq üçün konstitusiyada dəyişikliklər edilməsini tələb edərək getdikcə hakimiyyəti daha çox əlində cəmləşdirdi. Ərdoğanın İslamçı köklərə sahib olan partiyası iyunun 7-də keçirilən seçkilərdə parlamentdə həlledici çoxluğu qazana bilmədi. Seçkilərdən sonra partiyası təkbaşına iqtidarda qala və koalisiya formalaşdıra bilməyən Ərdoğan noyabrın 1-də yeni səsvermə keçirilməsinə çağırdı.
PKK və Türkiyənin hərbi qüvvələri arasında döyüşün yenidən canlanması Ərdoğanın partiyasına millətçi dəstəyini artıra, ya da Xalqların Demokratik Partiyası – HDP lehinə reaksiyaya səbəb ola bilər. Hər iki halda, bu döyüşlərin seçkiqabağı kampaniyalara təsir göstərəcəyi dəqiqdir. Hücum mövqeyində olan PKK qüvvələri qurudan hücumlar təşkil edir, əldəqayırma partlayıcılardan istifadə edirlər. Onlar belə bir xəbərdarlıq da ediblər ki, üsyançılar tezliklə dağlardan enib şəhərlərin içində mövqe tuta bilərlər. Türkiyənin üsyançı qrupa qarşı hava və quru hücumları təşkil edən hərbi qüvvələri də hücum mövqeyindədir. Aralarında yerli bələdiyyə başçılarının da olduğu yüzlərlə kürd fəal həbs edilib, komendant saatları qoyulub və üsyançıların tez-tez keçdiyi İranla İraq sərhədlərinə yaxın yerləşən kəndlərə giriş qadağan olunub.
PKK qüvvələrinin iyulun 22-də iki polis məmurunu öldürməsi və Türkiyənin buna İraqın şimalında yerləşən PKK düşərgələrinə hava hücumları ilə cavab verməsindən sonra atəşkəs pozuldu. Üsyançı qrup polis məmurlarının öldürülməsinə mərkəzi komandanlıq tərəfindən icazə verilmədiyini, lakin bunun yerli PKK üzvləri tərəfindən hadisədən iki gün əvvəl əksəriyyəti Kobani şəhərindəki kürdlərə yardıma gedən gənc kürd fəalların olduğu 33 nəfərin həlak olması ilə nəticələnən kamikadze hücumuna cavab olduğunu bildirdi. Həmin hücumu İslam dövlətinin törətdiyi bildirilsə də, kürdlər Türkiyənin də köməyi olduğunu düşünürlər.
Bayık Türkiyənin döyüşə başlamaq üçün bəhanə axtardığını, PKK tərəfindən danışıqların necə təşkil ediləcəyi ilə bağlı strategiyalar müəyyənləşdirilməsi və komissiyalara nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürülməsinə baxmayaraq, hərəkətə keçmədiyini bildirir. Kürd siyasətçilər fevral ayında üsyançı qrupun silahlı mübarizədən əl çəkməsilə bağlı yeni planı elan etmək üçün baş nazirin müavini Yalçın Akdoğan ilə birgə mətbuat konfransı keçirdilər. Həmin vaxt isə hökumət demokratik islahatlar keçirdi. Ərdoğan tərəflər arasında hər hansı bir razılaşma olduğunu təkzib etdi. Bayık bildirir: "Atəşkəs iyul ayında pozulmayıb; Türkiyə atəşkəsi çoxdan pozub. Biz danışıqlar keçirilməsinin tərəfdarıyıq, ancaq bu, baş tutana qədər əgər Türkiyənin istədiyi müharibədirsə, müharibəyə davam edəcəyik."
Keçmişdə qrupun Livanda yerləşən təlim akademiyasının idarə edilməsinə, sonra isə İraqın şimalında yerləşən, arxa cəbhənin müdafiəsi üzrə təyin edilmiş bazalara görə məsuliyyət daşıyan Bayık apardığı döyüşlərə görə yox, qrupun birliyini necə saxlamaq lazım olduğunu bildiyinə və Öcalanın azadlığa buraxılması ilə kürdlərə özünüidarə hüququ verilməsini daima diqqət mərkəzində saxlamasına görə reputasiya qazanıb. Bayık PKK-nın atəşkəsi bərpa etmək üçün tələblərini də açıqlayıb: "Atəşkəsin bərpa edilməsini hər iki tərəf istəməli və Türkiyə danışıqlara hazır olduğunu bildirən bəyanat verməlidir."
Başqa sözlə desək, artıq təktərəfli atəşkəslər olmayacaq. PKK eyni zamanda atəşkəs razılaşması olacağı halda hər iki tərəfin öhdəsinə düşəni etdiyindən əmin olmaq üçün monitorinq komitəsi yaradılmasını və İmrali adasında həbsdə saxlanılan Öcalanla görüşə bilmək istəyir.
Bayık təkidlə bildirir ki, PKK liderinin həbsdə olması qrupun digər başçıları ilə birbaşa danışıqlar aparılmasına mane olmamalıdır. O, bunların texniki problemlər olduğunu, Öcalana PKK rəhbərliyi ilə görüşməyə imkan verildikdən sonra bu işin çarəsinə baxıla biləcəyini qeyd edib.
PKK ötən iki il ərzində sülh əldə etməyə çalışsa da, bir tərəfdən də müharibəyə hazırlaşırdı. Öcalanın 2013-cü il atəşkəsinə əsasən vəd etdiyi kimi qrupun Türkiyədən geri çəkilməsi planlaşdırılırdı. Ancaq türk əsgərlərinin tərk edilmiş mövqelərdə yeni və daha möhkəm postlar qurduğunu görən üsyançılar geri çəkilmək fikrindən daşındılar. PKK qüvvə və silahlarını geri göndərdi və yerli, PKK tərəfdarı qurumlar vasitəsilə regionda siyasi üstünlüyünü genişləndirməyə başladı.
PKK ABŞ tərəfindən xarici terror təşkilatı adı alsa da, beynəlxalq səviyyədə də irəliləyib. Onun Suriyadakı qolu YPG (Xalq Qoruma Birlikləri) Suriyanın şimalında İslam dövlətinə qarşı gedən döyüşlərdə ABŞ hərbi qüvvələri ilə birgə mübarizə aparır. İraqın şimalında Kürdistan yerli hökuməti PKK-nın dağ düşərgələrini tərk etməsini istədiyini bildirsə də, üsyançılar ötən il Maxmur və Sincar dağları ətrafında iraqlı kürdlərin cihadçıların hücumlarını dəf etməsində həlledici rol oynamışdı.
Bütün bunlar gələcəkdə sülh sazişi bağlanması ehtimalının reallaşmasını çətinləşdirir. Məsələn, PKK-nın tərk-silah edilməsini tələb etmək silahların təkcə türk əsgərlərinə yönəldiyi vaxtlarda olduğu qədər asan deyil.
Bayık belə bir sualla sözünə davam edir: "Sincarda baş verənlərdən sonra bizdən silahları yerə qoymağımızı istəmələri nə qədər doğrudur? Hal-hazırda İŞİD-ə qarşı vuruşan beynəlxalq koalisiya qərar verməlidir. Beynəlxalq birlik Türkiyənimi, yoxsa İŞİD-ə qarşı mübarizə aparan qrupumu dəstəkləyəcək?" Bayık Sincarda baş verənlər dedikdə isə ötən il Sincar dağlarında minlərlə yezidini İslam dövlətindən xilas edən PKK-nın apardığı mübarizəni nəzərdə tutur.
Ərdoğan iki il əvəl atəşkəs elan edildikdən sonra danışıqları irəli aparmaq üçün heç bir cəhd göstərmədi, böyük ehtimalla ona görə ki, döyüşlərin dayanmasının kürdləri öz tərəfinə çəkdiyi mənasına gəldiyini düşünməyə başlamışdı. İyun ayında keçirilən seçkilər ərəfəsində kürdlərin dövlətlə heç bir problemi olmadığını iddia edən Ərdoğan ölkədə heç vaxt kürd problemi olmadığını bildirmişdi.
Səsvermə isə onun yanlış fikirdə olduğunu göstərdi. Kürdlərin tərəfində olan HDP partiyası 13 faizlə parlamentə daxil oldu. Yeni dəstək isə əvvəllər Ərdoğanın partiyasına səs verən mühafizəkar kürdlərdən gəldi. HDP partiyasının qələbəsi PKK ilə sülh əldə edilməsi üçün daha çox siyasi imkan yaradacağa bənzəsə də, PKK açıq şəkildə bildirdi ki, HDP PKK-nın razılaşmaya nail olmaq üçün nə edib-etməməli olduğunda elə böyük bir rol oynamayacaq.
Bayık bunu da bildirib ki, kürdlərin siyasi partiyası Türkiyəni demokratikləşdirmək və kürdlərə istədikləri hüquqları vermək üçün qanun və konstitusiyada dəyişiklər edilməsinə səy göstərməlidir: "Bizim tərk-silah olunmağımızın vaxtı gəlib-gəlmədiyinə qərar vermək HDP partiyasına qalmayıb. Onlar bunu tələb edə bilərlər və ediblər də, lakin biz tələblərimiz yerinə yetirilənə qədər bunun baş tutmayacağını açıq şəkildə bildirmişik."
Cəmil Bayık müsahibənin sonunda dediklərini təkrar edib: "Lazım gələrsə, bu müharibəyə hələ uzun müddət davam edə bilərik."