AKP-nin yeni idarəçiləri kimlər oldu? Dünya

AKP-nin yeni idarəçiləri kimlər oldu?

Şənbə günkü V qurultayı Əhməd Davudoğlu "təzələnmə şöləni" adlandırdı. Əlbəttə, hüquqi kimlik daşıyan bütün qurumların ali orqanı olan qurultaylar "təzələnmək" üçün keçirilir və bu mənada AKP lideri Davudoğlu desə də, deməsə də, şənbə günkü "şölən" də bir "təzələnmə"dir. Ancaq şənbə günkü "təzələnmə"nin dünya siyasət müntəxəbatında rast gəlinməyən cəhətləri vardır; bəli, professor Əhməd Davudoğlu 27 avqust 2014-cü ilin fövqəladə qurultayında oturduğu AKP lideri kreslosuna bir daha oturdu; amma və lakin xüsusilə siyasi partiyaların qurultaylarının əsas "təzələmə" yeri olan Mərkəzi Qərar və İdarə Şurasının (MKYK) yeni siyahısında ölkəni 13 ildən bəri idarə edən partiyanın hal-hazırkı liderinin (eyni zamanda hökumət başçısının) deyil, partiyanın qurucu liderinin və hazırkı prezidentinin möhürünü görmək üçün Allahın hamıya verdiyi bir cüt göz kifayət edir. İddialara görə, 30 ildən bəri Ərdoğana yaxınlığıyla tanınan keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, hazırkı prezidentin baş müşaviri Binali Yıldırım qurultaya təqdim edilmək üçün Əhməd Davudoğlunun hazırladığı MKYK siyahısında öz adını görməyincə sədrliyə namizəd olacağını AKP liderinə çatdırmışdı. Ərdoğanın müdaxiləsiylə Binali Yıldırımın adı MKYK siyahısına daxil edilməklə qalmamış, Davudoğlunun siyahısı tamamilə tədavüldən qaldırılmışdı.
12 iyuldakı qurultayı Ankaranın "Arena" salonundan izlədim. Binali Yıldırımla bağlı iddianın doğru olduğuna inanıram. 30 avqustda prezident Ərdoğanın Beştəpə sarayında verdiyi Zəfər bayramı ziyafətində Binali Yıldırımı çox iddialı görmüşdüm; Kars-Tiflis-Bakı dəmiryolunun tikintisində yaranmış problemdən təzəlikcə xəbərdar olduğunu, işi öz nəzarətinə götürdüyünü və yaxın gələcəkdə problemin aradan qaldırılaraq işlərin tamamlanacağını özündən əmin və tərəddüdsüz şəkildə vurğulamışdı. Bu, mənə baş müşavirdən çox, baş nazirin açıqlaması təsiri bağışlamışdı. Binali Yıldırımın bu şəkildə özündən əmin danışmasının ilhamvericisi isə məlum idi: prezident Ərdoğan feili şəkildə hökumətin icraatlarını da siyasətin "seyri-səfər"ini də öz qüdrətli nəzarəti altında saxlayır. 12 sentyabrda "Arena" salonunda qurultay nümayəndələrinin səsverməsinə təqdim edilən MKYK siyahısı bunun örnəklərindən biriydi.
AKP-nin "təzələnmə şöləni"ninin təsdiqindən keçmiş MKYK siyahısı üzərində gəzinərkən, bir neçə kriteriyaya önəm verildiyini görürük:
Siyahıda Ərdoğan ailəsinin üzvü Bərat Albayrak var. Ərdoğanın siyasət həyatında və xüsusilə İstanbul bələdiyyə başqanlığından üz bəriki dönəmdə ona həmişə etibarlı olmuş adamlar qurucusu olduğu partiyanın MKYK-sında idi: ən sıxıntılı dönəmlərində onu məhkəmələrdə müdafiə etmiş Həyati Yazıcı, qurulduğu dönəmdə AKP-nin dünyada tanınmasında önəmli rolu olmuş keçmiş mədəniyyət naziri Ömər Çəlik partiyanın vitrinində qalmağa davam edirlər (bazar axşamı keçirilən ilk MKYK toplantısında Ömər Çəlik partiya sözçülüyünə gətirildi).
Gülən icmasıyla mübarizədə ən çox güvəndiyi iki şəxs olan keçmiş ədliyyə naziri Bəkir Bozdağ və keçmiş daxili işlər naziri Əfkan Alanın MKYK-da olması Ərdoğanın partiyanın gələcəkdəki hədəflərini təminat altına almasının başqa bir göstəricisidir. Türk siyasi həyatının son 30 ilinin hər mərhələsində yeri olmuş, AKP dönəminin ədliyyə naziri, baş nazirin müavini və məclis sədri Cəmil Çiçəkin, hamı siyasəti buraxacağını düşündüyü bir dönəmdə yenidən AKP-nin Mərkəzi Qərar və İdarə Şurasında "peyda olması" - AKP qurucularından olan keçmiş baş nazir, xarici işlər naziri və prezident Abdullah Gülün siyasət səhnəsinə qayıtmasını əngəlləmək məqsədi daşıyır. Hazırkı vəziyyətdə Cəmil Çiçəkin AKP-dən kənarda qalması (Türk seçicisi yaxşı tanıyan Ərdoğanın məntiqinə görə) 1 noyabrdan sonra ortaya çıxa biləcək çalxantı ehtimalına qarşı görülmüş tədbirdir. Mərkəz sağ üzərində təsir gücü olan Cəmil Çiçək, hazırda gözləmə mövqeyində durmağı tərcih etmiş Abdullah Gül və MQİŞ-dan kənarda qalmış Bülənt Arınçla birlikdə seçici üçün cazibə mərkəzi halına gələ biləcək potensial qüvvələr olduğuna görə, strateji həmlələr indidən yapıldı. Abdullah Gülə yaxınlığıyla tanınan Kayserinin keçmiş bələdiyyə başqanı Məhmət Özhasekinin "təzələnmə şöləni"ndə MQİŞ-ya daxil edilməsinin məqsədi də budur.
12 sentyabr patentli MQİŞ-da radikal mühafizəkarlara yer verilməsi AKP-nin bundan sonrakı dönəmdə dindar və milliyyətçi seçici təbəqələriylə daha çox əlaqələr quracağının və seçici kütlələri üzərindən siyasət yapılacağının ip uclarını verir. İqtisadiyyat naziri Nihat Zeybəkçi, professor Mustafa Şəntop, Məclis insan haqları komissiyasının keçmiş sədri Ayxan Səfər Üstün bunu simvollaşdıran isimlərdir ( din təmayüllü qurumlarda idarəçilikdən məclisə girmiş Üstün partiya sədrinin insan haqlarına cavabdeh müavini oldu).
Qurulduğu dönəmdə olduğu kimi, AKP yeni dönəmdə də qadınlarla əlaqəni gücləndirməyi hədəfləməkdədir ki, partiyanın qurucularından olan professor Ədibə Sözənin siyasətə bir müddət fasilə verəndən sonra yenidən MQİŞ-ya qayıtması, məclisin keçmiş vitse-spikeri Ayşənur Bahçekapılıya, Nükhət Hotara və seçici kütləsinin daha əvvəldən tanıdığı qadınlara MQİŞ-da yer verilməsi bunun açıq işarəsi sayıla bilər.
"Kürd məsələsi"ndə Ərdoğan və AKP, yenə keçmiş kənd təsərrüfatı naziri Mehdi Əkər və Cənubi-Şərq bölgəsinin güclü əşirətlərindən birinə mənsub olan Qalib Ənsarioğlunun MQİŞ-dakı fəaliyyətindən bəhrələnəcəkdir. Baş nazirin müavini Yalçın Akdoğanın MQİŞ-dakı varlığının həm "kürd məsələsi" həm də Gülən icmasıyla mübarizəni ehtiva edərək, Azərbaycanda dəbdə olan təbirlə desəm, "multifunksional" xarakterli olacağı "görünən kəndə xəritə lazım deyil"- qəbilindən bir təsbit olsa gərək.
Türkiyənin prezident üsuli-idarəsinə keçməsi üçün prezident Ərdoğanın birinci dərəcəli ilhamvericisi olan konstitusiya hüququ üzrə professor Burhan Kuzunun yeni MQİŞ-dakı gələcək fəaliyyətini şərh etməyə ehtiyac varmı?
Mövlud Çavuşoğlu, Nurəttin Canikli, Əziz Babuşçu kimi şəxslər isə 12 sentyabrda səsə qoyulan MQİŞ siyahısına Ərdoğana olan şəxsi sədaqətlərini ona daha çox hiss etdirdikləri üçün girə bildilər. Məşhur reklamda deyildiyi kimi, tamamən duyğusal. Çavuşoğlunun ikinci dəfə AKP sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsinə gətirilməsi də bunu göstərməkdədir.
13 ildən bəri iqtidarda olan AKP-nin 12 sentyabrda seçilən MQİŞ-sını partiyanın sədri Əhməd Davudoğlunun necə "mobilizə edəcəyini" noyabrın 1-də axşam 20-dən sonra görəcəyik... Oraya qədər, Seyid Əzim Şirvaninin "Allah kərimdir" – qəzəlini hər gün oxumağa, hamıdan çox, güman ki, professor Davudoğlunun ehtiyacı olacaqdır.
Nəticə: 14 avqust 2001-də Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və Əbdüllətif Şənərin qurduğu Ədalət və İnkişaf Partiyasında (AKP) özünü "partiyanın vicdanı" adlandıran Arınç da oyundan kənarda qaldı. Bir "Allah kərimdir" də Arınç üçünmü?...

APA Analitik Mərkəzi