“Partlayış xüsusi xidmət orqanları tərəfindən təşkil olunub” Dünya

“Partlayış xüsusi xidmət orqanları tərəfindən təşkil olunub”

"Türkiyənin paytaxtı Ankarada baş verən və 100-ə yaxın insanın ölümü, 200-dən artıq şəxsin yaralanması ilə nəticələnən partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib". Baş nazir Əhməd Davudoğlu məsələ ilə bağlı açıqlamasında terror hadisəsinin İŞİD, yaxud PKK tərəfindən törədilməsi ehtimalından söz açıb.
Türkiyə mətbuatı terrorçu-intiharçının polisin gözündən yayınaraq mitinq keçirilən əraziyə gəlməsini nəzərə alaraq belə bir iddia ilə çıxış edir ki, Ankara partlayışı əvvəlcədən ən xırda ayrıntılarına qədər planlaşdırılmış və hətta partlayışın törədildiyi 10-cu ay, 10-cu gün və saat 10 rəqəmləri xüsusi olaraq hesablanmışdı. Türkiyədə növbədənkənar parlament seçkilərinə 3 həftə qalan bir müddətdə terror hadisəsinin törədilməsilə bağlı bir neçə versiya irəli sürülə bilər". Bunu siyasi ekspert Tofiq Əsgərov deyib. Onun fikrincə, ən maraqlı ehtimallardan biri ondan ibarətdir ki, partlayış xüsusi xidmət orqanları tərəfindən təşkil olunub: " Polis tərəfindən güclü mühafizə olunan əraziyə terrorçuların daxil olması və məlum Suruç hadisələrində eyni partlayıcıdan istifadə edilməsi bu versiyanın səslənməsinə əsas yaradır. Bununla ictimaiyyətin PKK-çılara və Suriyaya qarşı mövqeyini xeyli sərtləşdirmək olar. Son məlumata görə, artıq Türkiyə ərazisindəki PKK mövqelərinə qarşı hərbi qüvvələrin hücumları başlayıb və onlarla terrorçu məhv edilib. Xatırladaq ki, Suruç hadisələrindən sonra da, hakimiyyət İŞİD-ə qarşı genişmiqyaslı antiterror kampaniyasına start vermişdi. Amma əks arqumentlər də güclüdür: Ankarada partlayış baş vermiş mitinqin HDP və sosialist siyasi qüvvələri dəstəkləyən qüvvələr tərəfindən təşkil olunması bu versiyaya inamı azaldır. Çünki belə olan halda məsuliyyətin PKK-nın üzərinə atılması müəyyən qədər çətinləşir. Həmçinin belə bir addımın siyasi rikləri də böyükdür. Çünki bu barədə hansısa əsaslandırılmış informasiyanın sızması AKP-nin nəinki qarşıdan gələn seçkidə mandatdan məhrum olması, hətta ümumiyyətlə Türkiyə siyasi səhnəsindən silinməsi ilə nəticələnə bilər".
Onun sözlərinə görə, bir məqam nəzərə alınmalıdır ki, kürdlərin mitinqinin partladılması HDP-ni seçkiqabağı dövrdə kütləvi nümayişlər keçirmək imkanından məhrum etdi: "HDP həmsədri Demirtaş bu barədə bəyanat da yaydı və bildirdi ki, təhlükəsizliyi nəzərə alaraq seçkiqabağı kütləvi mitinqlərin keçirilməsini məqsədəuyğun saymır. Belə vəziyyət HDP-nin parlament seçkilərində növbəti dəfə uğura imza atacağını sual altına qoyur. Faktiki kürdlər sivil mübarizə vasitələrindən məhrum olurlar. Eyni zamanda, bu terror hadisəsi əhali arasında təşvişə və seçki öncəsi insanların hakimiyyətin ətrafında daha sıx birləşməsinə səbəb olacaq. Baxmayaraq ki, hadisə ilə bağlı hakimiyyətə qarşı coxlu sayda etiraz mitinqləri baş verir.
Digər versiya isə ondan ibarətdir ki, Ankaradakı terror Suriya kampaniyasında Əsədin tərəfində olan Rusiya, yaxud İran xüsusi xidmət orqanları tərəfindən törədilib. Burada məqsəd Türkiyənin Suriyada mövqelərindən geri çəkindirmək ola bilər. Çünki, Suriyada Əsədə qarşı mübarizə aparan müxalif qüvvələrə göndərilən canlı və hərbi qüvvələr əsasən Türkiyə ərazisindən keçirilir. Ankaranın mövqeyinin dəyişməsi Suriyada qüvvələr balansının ciddi dəyişikliyinə səbəb ola bilər.
Hər halda, hansı qüvvələrin terroru təşkil etməsindən asılı olmayaraq, hadisədən AKP-nin siyasi divident qazanacağı şübhəsizdir".