Ya geri çəkil, ya da riskə gir Dünya

Ya geri çəkil, ya da riskə gir

Obama özündən sonra gələcək prezident üçün çətin vəziyyət yaradıb

Cavid

Obama administrasiyasında Suriyada 50-dək xüsusi qüvvə yerləşdirilməsinin xüsusi bir dəyişiklik yaradacağına inanan çox az insan tapmaq olar. Prezident də əslində Amerikanın hərbi müdaxiləsinin bu cür artırılmasına ötən bir il yarım tədrici irəliləmələri təsdiqlədiyi səbəblərdən dolayı icazə verib. O düşünür ki, "nəsə " etməlidir. Ancaq onun etdikləri işə yaramayacaq. ABŞ bir neçə ay içində yenidən belə bir ziddiyətli vəziyyətlə üzləşəcək – ya geri çəkil, ya da riskə gir. Prezident Obama indiyə qədər belə vəziyyətlərdə müdaxiləni artırmaqla qarşılıq verib.
"Washingtonpost" yazır ki, ABŞ-ın İslam Dövlətinə qarşı hərbi fəaliyyəti 2014-cü ilin iyununda Bağdadda yerləşən səfirliyini qorumaq üçün 275 əsgərin bura göndərilməsi ilə başladı. Bundan iki ay sonra əsgərlərin sayı 1000-i keçdi. Göndərilən qüvvələrin bir qismi yezidiləri qorumaq üçün nəzərdə tutulmuşdu. 2014-cü ilin noyabrına qədər Vaşinqton kürdlər və İraq ordusuna "təlim, məsləhət və kömək" məqsədilə daha 1500 qüvvə göndərilməsinə qərar verdi.
Mika Zenko "Foreign Policy" jurnalında yazdığı bir məqalədə ABŞ-ın hərbi müdaxiləsinin tədrici artımını göstərən zaman qrafiki verir. O, qeyd edir: "8 avqust, 2014-cü il tarixində ilk həftə 25 hava hücumu və təhlükə altında olan yezidilərə ərzaq və su yardımı ilə başlayan fəaliyyət hər həftə havadan 600 bomba atılması və 5000 nəfər suriyalı üsyançıdan ibarət adsız bir qrup üçün döyüş sursatlarının təmin edilməsi ilə tədricən genişləndi". Və bütün bunlar Suriyaya xüsusi qüvvələr göndərilməzdən əvvəl baş verib. Buna baxmayaraq, İslam Dövlətinin gücü azalana oxşamır. Bu isə təəccübləndirici deyil. Suriyanın mübarizəsi Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Rusiya kimi bir çox xarici qüvvənin müxtəlif qruplara yardım etmələri, "müttəfiqlər"in çox vaxt bir-birlərilə ziddiyyətdə olmaları ilə mürəkkəb və amansız bir hal alıb. ABŞ-ın məhdud müdaxiləsinin bu mənzərəni necə dəyişə biləcəyini təsəvvür etmək mümkün deyil. Vyetnam müharibəsi haqqında yazılmış ən yaxşı kitab Lesli Qelb və Riçard Bets tərəfindən yazılmış "Vyetnamın İroniyası: sistem işə yaradı" adlı kitabdır. Kitabın müəllifləri Kennedi və Conson administrasiyalarının müdaxilələrinin uğurlu olmayacağını düşündüklərini, ən yaxşı halda bəxtlərinin gətirə biləcəyinə ümid etdiklərini, ancaq şanslı olacaqlarını gözləmədəklərini yazırlar. Bu administrasiyaların hər ikisi müdaxiləni artırırdı, çünki onlar düşünürdülər ki, "nəsə" etməlidirlər. Beləliklə, 1960-cı ildə Vyetnamda 100-dən artıq məsləhətçisi olan ABŞ-ın 1968-ci ilə qədər yarım milyondan çox hərbi qüvvəsi var idi. Kennedi administrasiyasında çalışmış tarixçi Artur M.Şlezinger 1967-ci ildə yazırdı: "Geriya baxsaq, Vyetnam diqqətsizlik siyasətinin qələbəsidir. Bugünkü vəziyyətimiz uzun-uzadı müzakirələrin yox, aldığımız kiçik qərarların nəticəsidir".
İndiki vəziyyəti Vyetnamla müqayisə etmək düzgün deyil. Ancaq yenə də, Amerikanın tədrici müdaxiləsinin altında yatan məntiq olduqca tanış gəlir. Obamanın Suriyanın vətəndaş müharibəsinə daxil olmaq istəməməsini dəstəkləmişdim. ABŞ-ın müdaxiləsinin vəziyyəti hərbi cəhətdən necə yola qoyacağı və ya burdakı humanitar vəziyyəti necə düzəldə biləcəyini anlamıram. Suriya Prezidenti Bəşər əl-Əsəd hakimiyyətdən devrilər, Dəməşq xaosda batar və Suriya ordusu yeraltına çəkilib üsyançı qisminə düşərsə, insan hüquqları bərpa olunacaqmı? Ancaq bu gün ABŞ-ın məhdud siyasət izlədiyini demək çətindir, belə ki, hazırda Amerikanın İraq və Suriyada aktiv şəkildə fəaliyyət göstərən 3500-dən çox qüvvə yerləşdirmiş olması administrasiyanın öz prinsiplərini pozur:
- ABŞ İraqda qüvvə saxlaya bilməz, çünki İraq parlamenti onları toxunulmazlıqla təmin edən qanunu qəbul etməkdən imtina edib (Bu gün belə bir qanun mövcud deyil).
- İslam dövlətinə qarşı bu cür böyük, milyardlarla dollarlıq müdaxiləyə qanuni şəkildə icazə verilməsi şübhəlidir – bu səlahiyyətin verilməsi üçün konqres səs verməlidir.
Son olaraq, Obamanın uyğunsuz fəaliyyətlərinə və qərarsızlıqlarına baxmayaraq, ABŞ-ın Suriyada müdaxiləsini məhdud saxlayacağını düşünürəm. Ancaq o da Kennedi administrasiyasının Lindon Consonu çıxılmaz vəziyyətdə qoyduğu kimi özündən sonra gələcək prezident üçün çətin vəziyyət yaradacaq. ABŞ-ın yeni prezidenti Amerikanın Suriyada hərbi fəaliyyət göstərməsinin heç nəyi həll etmədiyini görərək reallıqla üzləşəcək. Ancaq o vaxta qədər ABŞ hökuməti bu münaqişədə öhdəliklər götürmüş, hərbi qüvvələr göndərmiş, milyardlar xərcləmiş və həyatlar itirmiş olacaq. Həmin vəziyyətdə yeni prezident geri çəkiləcək, yoxsa bəxtinin gətirəcəyinə ümid edərək riskə girməli olacaq?