ABŞ-da prezidentliyə namizədlər arasında mübarizə qızışır Dünya

ABŞ-da prezidentliyə namizədlər arasında mübarizə qızışır

Respublikaçı namizədlər İŞİD-ə qarşı mübarizə aparmağa söz verib, amma bir-birinə dəstək göstərməyib

Cavid

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə üç namizəd İŞİD-ə qarşı mübarizənin zəruriliyi məsələsində razılığa gəlsə də, bir-birinə dəstək verməkdən imtina edib. "Biz İŞİD-i yer üzündən tez bir zamanda və ən intensiv şəkildə silməliyik, başqa seçimimiz yoxdur"-deyə Respublikaçılar partiyasından prezidentliyə öncül namizəd Donald Tramp CNN tele kanalının Viskonsin ştatında keçirdiyi tədbirdə bildirib.
Respublikaıçlar partiyasından nominasiya almaq üçün Trampdan sonra nümayəndlərin sayına görə ikinci yerdə gələn Texas senatoru Ted Kruz da məsələ ilə bağlı mövqeyini bildirib. O deyib ki, ABŞ ilk növbədə "hava hücumlarında üstünlük əldə etməli, daha sonra isə kürd qüvvələrinə kömək etməlidir ki, onlar İŞİD-i məhv etsin."
Kruzun sözlərinə görə, bundan sonra quru qüvvələrin göndərilib-göndərilməməsi haqda qərar verilməlidir. Texas senatoru prezident Barak Obamanı tənqid edərək deyib ki, Amerika qüvvələri xarici ölkələrə onların qələbəsinə imkan verməyəcək şərtlərlə göndərməməli idi. Obama administrasiyası ABŞ hərbi qüvvələrinin İraq və Əfqanıstanda əməliyyatların idarə edilməsi məsələsi ilə bağlı hökumətin müqaviməti ilə qarşılaşmışdı.
Ohayo qubernatoru Con Keysiç isə İŞİD-ə qarşı mübarizənin Yaxın Şərqdə Körfəz ölkələrinin iştirakı ilə koalisiyaya həvalə edilməsinin tərəfdarıdır. Keysiç eyni zamanda Kruzun terrorizmin kökünün kəsilməsi məqsədilə müsəlman icmalarının polis tərəfindən nəzarət edilməsi fikrini təkfli edib. "Biz sivil dünyada insanların qütbləşməsinə imkan verə bilmərik. Dünyanın hər yerində bu təhlükənin qarşısının alınmalı olunduğu olduğunu başa düşən insanlar var və biz bir dünya olaraq işləməliyik. Çünki Pakistanda bir nəfər həlak olanda, günahsız kişi, qadın və uşaqlar Pasxa bayramında partladılanda biz də burada həyatımızı itiririk."
Donald Tramp həmçinin Birləşmiş Ştatların NATO-nu dəstəkləmək üçün olduqca böyük maliyyə ödədiyini və alyansda olan başqa ölkələrin də payı olmalı olduğunu deyib.O, eyni zamanda, NATO-nu köhnəlmiş struktur adlandırıb.
Con Keysiç başqa ölkələrin də daha çox iş görməli olduğu fikri ilə razılaşıb, lakin deyib ki, NATO-nu köhnəlmiş qurum adlandırmaq absurddur. Respublikaçılar partiyasından prezidentlik yarışlarında namizədlərin sayı çox olan vaxt onlar noyabr ayında seçkidə nominasiya olunacaq şəxsin kimliyindən asılı olmayaraq bir-birini dəstəkləməyə söz vermişdilər. Lakin kampaniya gərginləşdikcə namizədlərin bir-birinə münasibətində də dəyişiklik müşahidə edilir. Çərşənbə günü açıqlamalarında namizədlər əvvəlki fikirlərindən geri çəkildiklərini nümayiş etdirdi.
Donald Tramp əvvəlki fikrinə sadiq qalmadığını və partiya tərəfindən "olduqca ədalətsiz rəftarın" şahidi olduğunu deyib. Kruz nominasiya alacaq şəxsə dəstək verib-verməyəcəyini birbaşa bildirməsə də deyib ki, Trampın qələbəsi "qatarın yoldan çıxması" olacaq. O bildirib ki, məsələnin həllinə nominasiyasını özünün qazanması cavab ola bilər.
Keysiç isə deyib ki, dəstəyini kimə verəcəyini müəyyən etmək üçün o, kampaniyanın necə başa çatacağını görmək istəyir. "Əgər nominasiyanı mənim fikrimcə, ölkəyə zərər vuran və ölkəni parçalayan şəxs alsa, mən onu dəstəkləyə bilməyəcəm"-deyə Keysiç bildirib. O əlavə edib ki, hələ qarşıda kampaniya davam edir və o öz fikrini hadisələrin inkişafından asılı olaraq bildirəcək.