Ohanyanın nazirliyində general şoku Dünya

Ohanyanın nazirliyində general şoku

Seyran Ohanyan Ermənistanın Müdafiə Nazirliyində yeni kadr dəyişikliyinin olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Ermənistanın müdafiə naziri Seyrah Ohanyan "Azadlıq Radiostansiyası"na müsahibəsində 3 yüksək rütbəli generalın ordudan qovulmasından sonra hələlik yeni istefaların planlaşdırılmadığını deyib.
"Hələlik belə bir plan yoxdur", - deyə Ohanyan vurğulayıb.
Ermənistan Milli Məclisinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komisiyyasının sədri Koryun Naapetyan ötən gün verdiyi açıqmasında Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahında araşdırmalar aparıldığını bildirib. Onun fikrincə araşdırmalardan sonra başqa vəzifəlilərin də məsuliyyətə cəlb edilməsi və istefası istisna edilmir: "Bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətsizlik ediblər. Fikrimcə, təhlil aparıldıqdan sonra müvafiq qərar qəbul ediləcək".
"Vəzifələrindən azad edilən 3 generalla bağlı cinayət işi açılıbmı" sualına Koryun Naapetyan "hələlik cinayət işi açılmayıb"-deyə cavab verib.
Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna səbəb kimi Ermənistanın sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar olması göstərilir. 3 erməni generalın vəzifələrindən qovulmasından sonra Ermənistanda təlaş yaşanır. Hətta bəzi iddialara görə, Seyran Ohanyanın da yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacağı planlaşdırılır.