İrəvanda qiyamçılara qarşı hücum başladı- Video Dünya

İrəvanda qiyamçılara qarşı hücum başladı- Video

Qiyamçılar Sarkisyanın pilotsuz uçuş aparatını vurublar

Cavid

İyulun 17-də səhər saatlarında patrul xidməti alayının binasını ələ keçirən qiyamçılar artıq 9 gündür ki, müxalif "Təsis Məclisi" hərəkatının lideri, siyasi məhbus Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.
Qeyd edək ki, alayın binasını ələ keçirən qiyamçıların hamısı Ermənistanda birinci Qarabağ müharibəsinin qəhrəmanları kimi tanınır və yüksək dövlət mükafatları ilə təltif olunublar. Erməni əsgərləri Sarkisyan rejimini müxtəlif cinayətlərdə ittiham edir və Ermənistan hakimiyyəti ilə qarşıdurmanı davam etdirirlər.
Erməni cəmiyyətinin demokratik kəsiminin böyük əksəriyyəti qiyamçıların tələblərini haqlı sayır və onları dəstəkləyir.
Son məlumatlara görə, polis qiyamçıların ələ keçirdikləri post-patrul binasının divarlarından birini uçurmağa başlayıb.
Ermənistanın Gala TV-si hesab edir ki, buna, qiyamçılara qarşı hücumun başlaması da demək olar.
O da bildirilir ki, İrəvanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb.
Bunu qiyamçlarla hökumət arasında vasitəçilik edən Vitali Balasanyan deyib.
"Onlar alayın ərazisində avtomobil yandırdılar, buna baxmayaraq, dövlət orqanları silahı yerə qoyana qədər danışıqları davam etdirəcək", - deyə Balasanyan yerli mediaya bildirib.
Məlumata görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.
Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək.
Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir.
"Təsis Məclisi"nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.
"Məhz bu münasibətə etiraz olaraq, silahlılar alayın ərazisindəki polis maşınlarından birini yandırıblar", -deyə Yenigomşyan bildirib.
Digər bir məlumata görə isə İrəvanda polis keşikçi-patrul xidməti (KPX) alayını ötən bazar günü ələ keçirən silahlı dəstə girov saxladığı son dörd polis əməkdaşını azad buraxıb, lakin silahı yerə qoyub təslim olmağa hazırlaşmır.
Bunu iyulun 17-dən bəri polis tərəfindən mühasirəyə alınmış KPX alayı ərazisinə ilk dəfə daxil olmuş jurnalistlərlə görüş zamanı silahlı "qiyamçılar" deyib.
Onların tələbi ilə KPX alayı binası ilə polis tərəfindən yük maşınları ilə bağlanmış Xorenatsi küçəsinin "neytral hissəsində" mətbuat məntəqəsi yaradılıb.
Əsaslı yoxlama keçib, telefonları və ya telefon kartlarını təhvil verdikdən sonra jurnalistlər yük maşınları arasından keçib silahlı dəstənin nəzarət etdiyi əraziyə buraxılıblar.
Polis KPX alayını ələ keçirən silahlı qrupun sayı bilinmir. Onun əsasını Qarabağ müharibəsi veteranlarından ibarət "Sasna tsrer" – "Sasunlu çılğınlar" - könüllülər dəstəsinin üzvləri təşkil edir.
Lakin onların arasında daha gənc silahlılar da var.
"Biz silahlı üsyana qalxmışıq, ölkəmizi azad etmək missiyası ilə əlimizə silah almışıq. Bizim tələblərimiz dəyişməyib. Siyasi məhbuslar, o cümlədən, Jirayr Sefilyan azadlığa buraxılmalı, Serj Sarkisyan istefa verməlidir", - silahlı dəstənin üzvü Varujan Avetisyan dedi.
Varujan Avetisyanın sözlərinə görə, son məqsəd – "rejimi kənar etmək, Ermənistan Respublikasında əsaslı sistem dəyişikliyinə nail olmaq üçün xalq etimadı hökumətini" yaratmaqdır.
Onun sözlərinə görə, Sefilyanın azad edilməsi və Sarkisyanın istefasına nail olmayınca silahlı dəstənin buranı tərk etməyəcəyini dedi.
Varujan Avetisyan hazırda ölkədə "iki siyasi polyus" yarandığı və onlardan birinin "üsyançılara güclü dəstək" olduğunu deyir: "Bir qütbü biz və küçəyə çıxan xalqdır, ikincisi – hələ ki mövcud olan rejim. Bu yaxşıdır. Çünki siyasi məkanda inhisarçı yoxdur və bu, tədricən əsaslı dəyişikliklərə gətirər".
"Biz terrorist deyilik, - Avetisyan deyir. – Biz üsyana qalxmış insanlarıq, hakimiyyəti xalqa qaytarmaq üçün əlimizə silah almışıq".
"Yalquzaq" döyüş ləqəbli Araik Xandoyan polis alayına hücum edəndə, kiməsə zərər yetirmək ya girov götürmək fikri olmayıb.
"Biz dünən söz verdik ki, onlar evə gedəcəklər. İlk gündən bütün polis əməkdaşlarını biz öz könüllü olaraq buraxmışıq, bizi heç kəs məcbur etməyib. Amma onlar [hakimiyyət] bizi aldatmağa çalışırlar. Bizim tələbimiz nədir? Bütün siyasi məhbusları – küçələrdən, mitinqlərdən tutub apardıqları insanları azad etsinlər", - BBC müxbirinə Araik Xandoyan deyib.
"Heç kəsin bizi, əlimizə silah aldığımıza görə, qınamağa mənəvi haqqı yoxdur... Mən bunu sizin üçün, mənim səkkiz yaşlı qızım, altıaylıq nəvəm, 100 yaşlı babam və nənəm üçün edirəm", - Ararik Xandoyan deyir.
"Biz bura kimisə girov götürmək məqsədilə gəlməmişik. Yaranmış vəziyyətdə onlar bizim ərazidə qalıblar. Bizimlə oturub-durub, müxtəlif məsələlər ətrafında söhbət ediblər.", - Varujan Avetisyan deyir.
Prezident Sarkisyanın "silahı yerə qoyub hakimiyyətə təslim olmaq" çağırışına Mxitar adlı döyüşçü ciddi yanaşmır, ehtimal edir ki, "onlar cəsarət etməz, çünki biz son gülləyədək vuruşmağa hazırıq, onlar öz həyatını bu hakimiyyət üçün verməyə hazır deyil".
Varujan Avetisyan hökumət qüvvələrinin məsələni silahla həll etmək ehtimalını istisna etmir.
"Georqi Kutoyanla (MTX rəisi) razılığa gəlmişdik ki, polisləri buraxandan sonra burada KİV nümayəndələrinin olması təmin olunar, mətbuat məntəqəsi yaradılar, internet və telefon rabitəsi çəkilər. Biz həmçinin razılaşdıq ki, proses azı 15 gün, maksimum 1 ay davam edə bilər", - Avetisyan deyir.
Lakin, onun sözlərinə görə, "rejim növbəti dəfə yalançı çıxdı, bizi aldatmaq istəyirlər". Belə olan halda isə, silahlı dəstəyə qarşı hücum əməliyyatı tətbiq ediləcəyini "istisna etmək olmaz".
"Lakin nəticədə onlarla, bəlkə, yüzlərlə insan həlak ola bilər, və bunun üçün məsuliyyət hakimiyyət və bilavasitə prezidentin üzərinə düşür", - silahlı dəstənin üzvü Avetisyan deyir.
Daha bir məlumata görə, dünən gecə saatlarında Yerevanın mərkəzində vəziyyət gərgin olaraq qalır. Bir müddət əvvəl qiyamçılar post-patrul binanın üzərində fırlanan pilotsuz uçuş aparatını vurublar.
Onu iki atəşlə Arayik Xandonyan vurub.
Jurnalistlərdən biri bildirib ki, faktı müxalifət liderlərindən biri Varujan Avetisyan da təsdiqləyib.