Tramp üçün mümkün 5 sürətli qələbə Dünya

Tramp üçün mümkün 5 sürətli qələbə

Rusiya, Suriya, Türkiyə…

"TİME" jurnalı – (ABŞ) yazır ki, Donlad Tramp nə ediyini yaxşı bildiyini digər dünya liderlərinə sübut etməkdən ötrü "ağır döyüşlər" aparır. Lakin Birləşmiş Ştatlar üçün mövcud olan vacib münasibətlər var ki, yaxşı və ya pis – növbəti Amerika prezidenti bunları yaxşılaşdıra bilər. Bunlardan mühüm olan beşi ilə tanış olaq.
1. Rusiya
Gəlin aydın olandan başlayaq. Rusiya ilə "gərginliyin azaldılması" Obama administrasiyasının xarici siyasət sahəsindəki ən böyük uğursuzluğu olub. Obama və onun dövlət katibi Hilları Kilnton, Rusiya ilə qarşıdurma məsələsində müsbət tərəflərin az olduğunu və bunun Amerikaya qiymətli bir şey gətirməyəcəyini anlaya bilmədilər. Bu isə Dövlət Departamentini tərk etdikdən sonra seçkilərə qoşulan Hillari Klintonun populyarlığına öz təsirini göstərib. Hazırda Putin Trampın timsalında dünyanın işlərinə Amerikanın daha az müdaxilə etməsini arzulayan şəxslə qarşılaşır. Tramp tərəddüd etmədən Krımı Rusiyaya güzəştə gedəcək və Ukraynanın digər hissəsi ilə bağlı Rusiyaya qarşı Obama tərəfindən yürüdülmüş sərt xətdən imtina edəcək. Tramp təhlükəli qarşıdurmaya doğru gedən spiralın gərginliyini necə zəiflətdiyindən tərif dolusu danışacaq. Bu təhlükə kiber məkanda xüsusən seçilir.
2. Suriya
Tampın sürətlə qazana biləcəyi çoxsaylı siyasi xallar mürəkkəb qlobal problemlərin həlli nəticəsində deyil, "qələbə" çalınması mümkün olmayan döyüşlərdən imtina nəticəsində baş tuta bilər. Tramp anlayır ki, əgər bütün oyunçuların maraqlar kaleydoskopu nəzərə alınsa, onda bu gün ABŞ-ın Suriyanın bütün hissələrini yenidən bir yerə yığması mümkün deyil. Bunun əvəzinə isə, Tramp bildirəcək ki, onu yalnız İŞİD-ə vurulacaq zərbələr maraqlandırır.
Digər tərəfdən isə o bu məqsədə nail olmaq istiqamətində yorulmadan işləyəcəyinə söz verir. Böyük ölçüdə bu ruslar üçün yaxşı xəbərdir. Çünki belə olan halda, Moskva Yaxın Şərqdə özünün ən etibarlı müttəfiqini dəstəkləməkdə davam edəcək. Bunun pis bir nəticə olduğunu söyləmək olmaz. Ona görə ki, belə bir vəziyyətdə silahlı münaqişə tez başa çatar və onun ardından isə kövrək sülh əldə oluna bilər.
3. Türkiyə
Ağ Evdəki oval kabinetdə Trampı prezident görmək istəyən daha bir güclü lider Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. O deyib ki, Tramp Amerika demokratiyasının yeni erasının təmsilçisidir. İyul ayında Tramp açıq şəkildə bildirmişdi ki, Ərdoğanın dövlət çevrilişinə cəhddən sonra jurnalistlərə və akademik sferadakı nümayəndələrə qarşı sərt tədbirlər görməsini düzgün addım sayır. Trampın Ərdoğanın düşməni Fətullah Güləni ekstradisiya etməsi tamamilə mümkündür. Obama isə bu cür addım atmaqdan imtina edir. Rusiya təyyarəsinin vurulması hadisəsindən sonrakı dövrlə müqayisədə, indi Türkiyə ilə Rusiyanın münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Trampın Putin kimi Ərdoğanla da əməkdaşlığının yaxşılaşmasını nəzərə alsaq, onda deyə bilərik ki, iki qonşu dövlət arasındakı münasibətlərin yaxşılaması üçtərəfli müzakirələrin aparılmasına gətirər. Onda Donald Tramp sülhyaradıcı və ya ən azından regiona sabitlik gətirən bir rol oynaya bilər.
4. Yaponiya
Mövcud müttəfiqlərlə münasibətlərdəki vəziyyət getdikcə mürəkkəbləşməyə başlayır. Belə ki, Tramp özünün seçki kampaniyası ərzində "Öncə Amerika" şüarı altında bu münasibətləri daima "avtobus təkəri altına tullayırdı".
Məlumdur ki, Tramp belə hesab edib ki, əgər Yaponiya özünün nüvə silahını əldə etsə, onda bu Amerika üçün daha yaxşı olacaq. Çünki belə olarsa, onda Yaponiya özünün təhlükəsizliyini Amerikanın (outsourcing) hesabına təmin etməyəcək. Onun bir biznesmen kimi dünya haqqındakı təsəvvürləri işgüzar praktikaya əsaslanır. Ancaq iş ondadır ki, əsl həqiqətdə Yaponiyanın baş naziri Sindzo Abe də, öz ölkəsini "əzələli" görmək fikrindədir. Son beş il ərzində Yaponiya durmadan hərbi xərclərini artırıb. Hərçənd ki, onun hərbi büdcəsi hələ də, Ümumi Daxili Məhsulun 1%-dən aşağı səviyyədə qalmaqda davam edir.
Bundan Amerika yox, Yaponiya karlı çıxır. Çünki Çin hər il getdikcə daha da böyüyür və güclənir. Sindzo Abe ümid edirdi ki, Trans Sakit okean əməkdaşlığı güclü surətdə ABŞ-ı bu regiona bağlayacaq. Belə görünür ki, bütün bunlar arzuların həqiqət kimi təsəvvür edilməsiymiş. Məsləyə bu cür yanaşsaq, onda bəlli olar ki, təhlükəsizlik sahəsində Yaponiyanın öz çiyninə daha çox yük və məsuliyyət götürməsi, Trampın niyyətləri ilə çox gözəl uyğunluq təşkil edir.
5. Kanada
Tramp və kanadalı gənc liberal Castin Trüdo, yəqin ki, tarixdəki ən qəribə cütlüyü təmsil edirlər. Lakin Tramp daima söyləyib ki, o, Kanada ilə "Keystone XL" neft boru kəmərinin tikilməsi ideyasını dəstəkləyir. Ekoloji nöqteyi-nəzərinə görə, Obama bu layihənin həyata keçirilməsindən imtina edib. "Keystone XL" boru kəməri layihəsinin qəbul olunması ABŞ-a tikinti sahəsində 9 min iş yeri yaratmağa imkan verəcək və onun Ümumi Daxili Məhsuluna əlavə 3 milyard dollar gətirəcək. Bu, həmçinin enerji sənayesi mürəkkəb vəziyyətə düşən Kanadaya daha çox gəlir verəcək. Ona görə də, Trüdo Tramp ilə ümumi mövqedən çıxış etmək yolunu tutmağa çalışmalıdır. ABŞ Kanadanın böyük ticarət əməkdaşıdır və hər gün Amerika-Kanada sərhəddindən 2 milyard dollar dəyərində mal keçir.
Digər tərəfdən isə Kanada iqtisadiyyatının beşdə bir hissəsi ABŞ-a olan ixracdan asılıdır. Əlbəttə, əgər Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) ilə bağlı Trampın alovlu bəlağətini diqqətə alsaq, onda görərik ki, gələcək Amerika-Kanada əlaqələrinə dair bir çox aydınlaşmayan məsələlər hələ də mövcuddur. Amma əməkdaşlıq üçün məkan var. Bir prezident kimi Donald Tramp bu imkanlar məkanında ya müvəffəqiyyət qazanacaq, ya da ki, uğursuzluğa düçar olacaq. İrəlidə bizi maraqlı dörd il gözləyir.