Çin ABŞ-a verdiyi sözü tutmadı Dünya

Çin ABŞ-a verdiyi sözü tutmadı

ABŞ Şimali Koreya məsələsinə görə Rusiyaya xəbərdarlıq etmək fikrindədir.
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillersonun görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bu görüşdə Şimali Koreya məsələsinin müzakirə ediləcəyini düşünür:
"Bundan əvvəl ABŞ Çin prezidentini ölkəsinə dəvət etdi və belə bir bəyanat yaydı ki, guya Çin Şimali Koreyanı nüvə silahı və ballistik raketlər yaratmaqdan imtina etməyə razı salmalıdır. Çin bu məsələyə heç cəhd belə göstərməmiş, Şimali Koreya əks bəyanat verdi və heç kimin sözü ilə oturub-durmayacağını bildirdi. Üstəlik, Çin son zamanlar formalaşan hərbi situasiyanı, yəni Amerikanın bu bölgəyə qoşun çəkməsini pislədi. Yəni Pekin Vaşinqtonda verdiyi vədlərə xilaf çıxaraq neytrallığını qoruyub saxlamadı. Bundan ruhlanan Rusiya vəziyyəti bir qədər mürəkkəbləşdirmək xəttini seçdi. Hesab edirəm ki, bunu başa düşən Vaşinqton Şimali Koreyanın artıq qırmızı xətti keçdiyini və bölgə üçün ciddi təhlükə yaratdığını sübut etmək üçün xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdi".
Politoloq Lavrovla Tillerson arasında Moskvada gözlənilən danışıqların gərgin keçəcəyini bildirib:
"Şimali Koreya uzun müddət SSRİ-nin, sonradan isə Rusiyanın təsirində olub. İndi Rusiya bu bölgədə öz təsirindən istifadə edir. ABŞ isə Rusiyaya xəbərdarlıq etmək fikrindədir. Vaşinqton əvvəl Moskvadan xahiş edəcək ki, bu məsələdə ABŞ, Cənubi Koreya və Yaponiyanın mövqelərinə hörmət etsin. Razılıq əldə olunmasa, çox güman ki, ABŞ üstüörtülü formada Rusiyanı hədələyəcək. Bu isə Rusiya-ABŞ münasibətlərində yeni gərginliyə yol açacaq. Ümumiyyətlə, Şimali Koreyaya ilə bağlı məsələni sülh yolu ilə həll etmək mümkün olmazsa, hərbi yolla müdaxilə bölgədə və Rusiya, Çin, ABŞ oxu üzərində xeyli mürəkkəblik yarada bilər. Proseslər isə hərbi toqquşmaya aparır".
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında görüş mayın 11-də ABŞ-da baş tutacaq.