“İran terrorizmin əsas sponsoru olaraq qalır” Dünya

“İran terrorizmin əsas sponsoru olaraq qalır”

Amerika Birləşmiş Ştatları (ABŞ) Antiterror Mərkəzinin rəhbəri İran və "Hizbullah"ın Azərbaycanda teraktlar planlaşdırdığı barədə məlumat verib.
"İranın "Hizbullah"dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana, Misirə, Tailanda, Kiprə (Qıbrıs) və Peruya göndərir".
Belə sensasiyalı bəyanatla dünən Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.
Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.
Nikolas Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.
"İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır", - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən vurğulayıb.
Nikolas Rasmussenin bəyanatına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın qənaətinə görə, "Hizbullah"ın əsas hədəfi İsraildir:
"Bilirsiniz ki, "Hizbullah" Xomeyninin yaratdığı və İranın da maliyyələşdirdiyi, şiələrə mənsub olan təşkilatdır. Amerika və digər xarici ölkələrin əksəriyyəti onu terror təşkilatı kimi tanısalar da, bəzi ölkələr "Hizbullah"ı bu cür qəbul etmir və onun rəhbəri Nəsrullahı da filosof kimi təqdim edirlər. "Hizbullah"ın əsas mərkəzi Yaxın Şərqdir və əsas işi guya, Fələstini müdafiə etməkdir. Bir müddət Azərbaycanda da bu təşkilatın təsirinə düşənlər var idi. Hətta zamanında ölkəyə "Hizbullah" sözü yazılan baş çalmaları da gətirmişdilər. Onlar gənclərə idman təlimləri keçir və guya, gələcəkdə Allahın əsgərləri olmalarını planlaşdırırdılar. Amma Azərbaycanda son vaxtlar bu təşkilatın geniş fəaliyyəti müşahidə edilmir. Ola bilsin ki, tək-tək adamlarda köhnədən qalma ideyalar mövcud olsun".
Ekspertin fikrincə, hər şeyə rəğmən təşkilata qarşı ayıq-sayıq olmaq lazımdır.