Putinin “Gecə canavarları” prezidenti qorxuya salıb Dünya

Putinin “Gecə canavarları” prezidenti qorxuya salıb

"Rejimin əlində alət olublar"
Slovakiya prezidenti Andrey Kiska deyib ki, Kremlə bağlı olduğu deyilən baykerlər qrupunun bu yaxınlarda onun ölkəsində yaratdığı baza NATO və Avropa İttifaqının üzvü olan Slovakiya üçün milli təhlükə təşkil edir. Kiska deyib ki, "Gecə canavaları" kimi tanınan və 2014-cü ildə Rusiya qoşunlarına Ukraynanın Krım yarımadasının ilhaqında dəstək verdiyi məlum olan bu motosikletçilər dəstəsi sadəcə olaraq "ziyansız motosevərlər" deyillər.
Prezident iyulun 31-də verdiyi bəyanatla paytaxt Bratislavanın 60 kilometrliyindəki Dolna Krupa məntəqəsində salınmış düşərgənin ləğv edilməsinə çağırıb. "Azadlıq Radiosu" xəbər verir ki, "Gecə canavarları" klubunun rəhbəri, özünü "cərrah" adlandıran Aleksandr Zaldostanov rus millətçiliyinin təbliğatı ilə məşğuldur və prezident Putinə yaxınlığı ilə tanınır. Ukraynanın Şərqindəki moskvayönlü separatçılara verdiyi dəstəyə görə, Zaldostanovun adı Qərbin sanksiya siyahılarına daxil edilib.
Slovakiya prezidentinin bəyanatında deyilir: "Rusiya ordusunun seçmə birlikləri ilə çiyin-çiyinə Krım hərbi əməliyyatında iştirak etmiş "Gecə canavarları" …ziyansız motosevərlər deyillər. Onlar qonşu ölkənin ərazisini qopardan, beynəlxalq qanunları pozaraq Ukrayna torpaqlarını ilhaq edən rejimin əlində alət olublar". Kiska bu bəyanatı Slovakiya kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündən sonra verib. O deyib ki, "Gecə canavarlarının", habelə yerli rusiyayönlü yarımhərbi qrupun Dolna Krupada olması Slovakiyanın xarici siyasətinə ziddir: "Slovakiyada "Gecə canavarları"nın bədnam Avropa qərargahının yaradılması Slovakiya Respublikasının Krımın ilhaqına və Rusiyaya yönəlik siyasətlərinin məsxərəyə qoyulmasıdır".
O, hökuməti bu qanunsuz baza ilə bağlı önləyici tədbir görməyə çağırıb. Prezident Kiskanın bəyanatına cavab olaraq hökumətin mətbuat xidməti bildirib ki, baş prokurorluğun bu barədə təhqiqatı keçirilmədən sözügedən baza barəsində heç bir ölçü götürülməyəcək: "Gecə canavarlarının" Slovakiya üçün risk təşkil etdiyini aydınlaşdırmaq Andrej Kiskanın yox, hakimiyyət orqanlarının işidir".
Polis bildirir ki, düşərgə daimi müşahidə altındadır, lakin orada hələlik heç bir qanunazidd hərəkətə yol verilməyib. 1999-cu ildən NATO, 2004-cü ildən Avropa İttifaqı üzvü olan Slovakiyada kommunizmin çökməsindən bəri ilk dəfə olaraq ən böyük antihökumət etirazları baş verib. Etirazçılar araşdırmaçı jurnalisti Jan Kuciak və onun sevgilisinin qətlinin araşdırılmasını tələb edirdilər. Kuciak İtaliya mafiyası ilə ovaxtkı Slovakiya baş naziri Robert Fikonun iddia edilən əlaqələrinə dair məqalələr yazmışdı. Antikorrupsiya etirazları Fikonun istefası ilə nəticələndi və onun postunu müavini Robert Pellegrini tutdu.