Ukraynada müdaxilə olacaqmı? Dünya

Ukraynada müdaxilə olacaqmı?

NATO baş katibi: "Ümid edirəm ki, Rusiya geri çəkiləcək, Moskvanın daha artıq müdaxilə edəcəyinə inanmıram"
Britaniya mətbuatı Rusiyanın təcavüzünə çox az vaxt qaldığını yazıb

Cavid

Son günlər Ukrayna ordusunun antiterror əməliyyatlarını genişləndirərək, separatçıları əhəmiyyətli dərəcədə sıxışdırmasına Kremldən aqressiv reaksiya özünü göstərməkdədir. Putin Ukrayna sərhədlərinə çoxminlik ordu birləşmələri və hərbi texnika cəmləşdirib. Artıq Rusiyanın bu ölkəyə ordu yeritməsilə bağlı ehtimallar Qərbdə də narahatlıq yaradıb.
Ukraynadakı hadisələrə toxunan Britaniyanın "Teleqraf" ("The Telegraph") dərgisi isə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritmək üçün 72 saat vaxtının qaldığını vurğulayıb. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Xəbərdə deyilir ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ukraynanın şərqində təxribatlar törədən Putinin bu istəyi baş tutmadığından, o, daha ciddi addımlar atmaq barədə qərar verib. Onun istəyinin reallaşması üçün isə cəmi 72 saat vaxtının qaldığı deyilir.
Yazı müəllifi qeyd edib ki, Ukraynanın şərqində separatçılığa tam dəstək vermədiyindən Putinin ideyaları alt-üst olub. Bu səbəbdən də o, digər variantı - qoşun yeridilməsini nəzərdən keçirir.
Rusiyanın "Novosti-Novostey" telekanalının iddiasına görə Kremlin Ukraynaya birbaşa hərbi müdaxilə qərarı ABŞ-ın marağındadır. Telekanalın şərhində bildirilir ki, ABŞ özü Rusiyanı buna sövq edərək, Kremli aqressor kimi dünyada tanıtmağa çalışır. Bəs ABŞ-ın bunda marağı nədir? Telekanal bəsit bir iddia ilə inandırmağa çalışır ki, trilyonlarla dövlət borcu olan ABŞ yalnız "böyük müharibə" təşkil etməklə iflasdan qurtula bilər və yalnız irimiqyaslı müharibə baş verərsə, xaricdən külli miqdarda silah sifarişi bərpa oluna bilər, nəticədə ABŞ-ın dövlət borcu sıfırlanar.
Rusiya tərəfdən hərbi təcavüz riskinə baxmayaraq, Ukrayna hərbi qüvvələri dünən də separatçılara qarşı əməliyyatlar keçirib. Donetsk şəhəri ətrafında əməliyyatlar zamanı xəstəxana raket zərbəsinə tuş gəlib. Nəticədə 4 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat verib ki, ordu Donetsk və Luqansk vilayətlərinin şərq hissəsində yerləşən şəhərlərə hücum etməyə hazırlaşır.
Bu arada Ukraynanın şərqində separatçılar Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus "MİQ-29" qırıcısını vurub.
Unian.net saytına istinadən verdiyi məlumata görə, antiterror güclərinin mətbuat katibi Vladislav Seleznyov qırıcının "Buk" zenit-raket kompleksi ilə vurulduğunu bildirib.
"Bir saat əvvəl Yenakievo qəsəbəsi üstündə bizim qırıcımız vurulub. Qırıcı çox ehtimal ki, "Buk" zenit-raket kompleksi ilə vurulub", - o, deyib.
Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir. Seleznyov Ukrayna qırıcısının plan uçuşu zamanı vurulduğunu bildirib.
Ukraynanın daha 48 hərbçisinin isə geri qayıtdığı bildirilib. "RİA-Novosti" xəbər agentliyinin verdiyi məlumata bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümyəndəsi Vasiliy Malayev bildirib.
Xatırladaq ki, avqust ayının 4-də 438 Ukrayna hərbçisi Rusiya tərəfinə keçmişdi.
Onların çox hissəsi artıq Ukraynaya geri göndərilib. Hazırda Ukrayna hərbçiləri üçün qurulan düşərgədə 50 nəfər qalır. Ukrayna hərbçiləri onların separatçıların fasiləsiz atəşinə məruz qaldığı, eyni zamanda silah və qida çatışmazlığı ilə qarşılaşdığından Rusiya tərəfinə keçməyə məcbur olduğunu bildirmişdi. Qondarma respublikanın baş naziri Aleksandr Zaxarçenko isə bildirib ki, Rusiya ərazisinə keçən 150 ukraynalı əsgər könüllü olaraq qondarma Donetsk Xalq Respublikasının döyüşçülərinə qoşulublar.
O əlavə edib ki, mühasirəyə düşmüş ukraynalı hərbçilərdən 18 "Qrad" qurğusu, çoxlu sayda tank və zirehli maşın qənimət kimi ələ keçirilib.
Bu arada özlərini "Donetsk Xalq Respublikası" elan edən separatçı qurumun baş naziri Aleksandr Boroday vəzifəsindən istefa verib. İstefanın dəqiq səbəbi məlum deyil. Lakin Boroday çıxışı zamanı qeyd edib ki, Donbas regionu yerlilər tərəfindən idarə olunmalıdır: "Bu cür insanlar elə öz aramızdadır. Tanış olun. Aleksandr Zaxarçenko, əsil komandir, ağıllı insandır".
Məlumata görə Aleksandr Zaxarçenko "Oplot" adlanan silahlı qruplaşmanın komandiridir.
Rusiyanın müdaxilə təhlükəsinin artdığı bir ərəfədə Kiyevə səfər edən NATO-nun baş katibi Anders Foq Rasmussen isə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb. Paytaxt Kiyevdə baş tutan görüşdə tərəflər ölkənin şərq hissəsində təhlükəsizliyin təmin olunmasına dair müzakirələr aparıblar.
Rasmussen mətbuat konfransında çıxışı zamanı NATO ölkələrinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Rasmussen Rusiyanı öz qoşunlarını Ukraynadan geri çəkməyə çağırıb: "Düşünürəm ki, təhlükəsizlik məsələlərində bizim ümumi maraqlarımız var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra biz bu ölkə ilə biznes əlaqələrini həmişə olduğu kimi davam etdirə bilmirik. Məhz buna görə Rusiya ilə əməkdaşlıq əlaqələrini dayandırmışıq. Ümid edirəm ki, Rusiya geri çəkiləcək. Çünki Rusiyanın daha artıq müdaxilə edəcəyinə inanmıram. Çünki bu öz növbəsində beynəlxalq səviyyədə daha artıq təcrid olunma deməkdir".
NATO baş katibi ümid etdiyini bildirib ki, NATO-nun sentyabr ayında keçiriləcək Uels sammitində Ukrayna ilə əməkdaşlıq istiqamətində konkret addımlar atacaq.
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov isə Rusiyanın təcavüzünün yalnız Ukraynaya deyil, həm də bütün mədəni dünyaya edildiyini, ikinci dünya müharibəsindən sonra qurulmuş kollektiv təhlükəsizlik sisteminin dağıdıldığını qeyd edib.