“Sülh çeşməsi” dünyanı təşvişə salıb Dünya

“Sülh çeşməsi” dünyanı təşvişə salıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” əməliyyatı özündən əvvəlki “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları zamanı qarşıya qoyulmuş tapşırığın tamamlanmasını hədəfləyir.
Türk hərbi ekspert Mete Yarar əməliyyatın məqsədi, hədəfləri və ilk iki əməliyyatla koordinasiyası ilə bağlı ətraflı danışıb.
Ekspertin sözlərinə görə, türk ordusunun sürətli irəliləyişinin bir sıra mühüm səbəbləri var. Adətən bu cür əməliyyatların ilk həftəsi kəşfiyyat işlərinə sərf olunsa da, türk ordusunun əməliyyata aylardır ciddi şəkildə hazırlaşması və sahib olduğu texnoloji imkanlar işini bir qədər asanlaşdırıb. Elə əməliyyatın ilk günlərində 10 metr dərinlikdəki yeraltı sığınacağın məhv edilməsi də ordunun əvvəlcədən ərazini diqqətlə araşdırmasının və aparılan kəşfiyyat işlərinin nəticəsi olub.
Əməliyyatın hədəfi 480 kilometr uzunluğunda və 32 kilometr enində təhlükəsizlik koridoru yaratmaqdır. İlkin mərhələdə isə Türkiyənin qarşısında tapşırıq kimi Tel Abyad və Ras əl-Eyn bölgələrini təmizləmək məsələsi qoyulub. Yəni hazırda əməliyyat heç də 480 kilometr uzunluğunda sərhəd boyu həyata keçirilmir. Bütün bunlara baxmayaraq, Ağcaqala və Ceylanpınarın qarşısındakı 120 kilometrlik xətt boyu əməliyyat bölgəsi Tel-Abyad və Ras əl-Eynin mühasirə həlqəsinin ölçülərindən asılı olmayaraq, təxminən “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarının keçirildiyi əraziyə bərabərdir.
Əməliyyatda əsas hədəflərdən biri olaraq M-4 magistralının terrorçulardan təmizlənməsi qarşıya qoyulsa da, sözügedən ərazinin sərhədləri daha da genişləndirilə bilər. Belə ki, cənubdan ABŞ-ın nəzarətindəki ərazilərdən Suriya Demokratik Qüvvələri “Sülh çeşməsi” əməliyyatı bölgəsinə hər hansı bir hücum edərsə, Türkiyə hətta 32 kilometrlik xətdən daha cənuba doğru irəliləyə bilər.
Digər bir məqam isə terrorçuların qaçış yollarının bağlanmasıdır. Belə ki, artıq terrorçular Ras əl-Eyn və Tel-Abyaddan qərbə doğru – İraq sərhədi istiqamətində çəkilirlər. Çünki hələlik sözügedən istiqamətdə ciddi toqquşmalar yaşanmır.
Amma terrorçular üçün İraq sərhədinin açıq olması Türkiyəyə təhdid yaratdığından TSQ bu istiqamətdə də tədbir görüb. Hazırda Suriya İraq sərhədi də nəzarətdə saxlanılır və terrorçuların qonşu ölkəyə keçməsinin qarşısı alınıb.
Yekunda isə “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş Cerablus, Azez, “Zeytun budağı” əməliyyatı nəticəsində azad edilmiş Afrinlə birlikdə Türkiyə sərhədi boyu Suriya Milli Ordusunun dəstəyi ilə idarə olunan xətt yaradılacaq.
Bir çox ekspertlərin fikrincə, sözügedən ərazidə 1-2 milyon qaçqını yerləşdirmək mümkün olacaq. Hətta qeyd edildiyi kimi 32 kilometrlik xətt keçilərsə və daha dərin ərazi yaradılarsa, 3 milyon qaçqının Suriyada yerləşdirilməsi üçün təhlükəsiz şərait təmin edilmiş olacaq.
ABŞ-ın Müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.
Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahatlığını ifadə edib. "Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir", - o qeyd edib.
Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası "15 minlik türk qüvvələrinə" mane olmayacaqlar.
Onu da qüyd edək ki, Türkiyə ordusunun Suriyada PKK/YPG qruplaşmasına qarşı apardığı "Sülh çeşməsi" əməliyyatından qorxuya düşən bəzi terrorçular təslim olublar.
Təslim olan terrorçulardan biri ifadəsində PKK-ya məcburi şəkildə qoşulduğunu deyib.
"PKK-çılar atamla mənim önümü kəsərək, onlara qoşulmağımı tələb etdilər. Əks halda atamı öldürəcəkləri ilə hədələdilər. Daha sonra məni Ras əl-Ayna aparıb, silah-sursat verdilər.
Türk əsgərləri sərhədi keçəndə təslim oldum. Türklər bizə çox yaxşı münasibət göstərdilər, yemək verdilər. PKK donuzlarının yanında döyüşən gənclərə səslənirəm: gəlin, türk əsgərinə təslim olun", -o bildirib. Qeyd edək ki, artıq 24 PKK-çı Türkiyəyə təslim olub.
Yeri gəlmişkən, kürd döyüşçüləri bildirir ki, Suriya hökuməti Türkiyənin kürdlərə qarşı hərbi müdaxiləsini dayandırmaq üçün ordunu şimal sərhədinə göndərməyə razılaşıb.
Suriyanın dövlət kütləvi informasiya vasitələri xəbər verib ki, hökumət qüvvələri şimala göndərilib.
Bu, ABŞ-ın qalan ordusunu "əlverişsiz" vəziyyətə görə ərazidən çıxarmasından sonra baş verib.
Ötən həftə başlayan Türkiyənin hərbi müdaxiləsi kürd qüvvələrini sərhəd ərazisindən kənarlaşdırmaq məqsədi daşıyır.
Bu bölgədəki ABŞ-ın əsas müttəfiqi olan kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındakı bölgələr həftə sonu ağır bombardmana məruz qalıb. Türkiyə iki əsas sərhəd şəhərində üstünlük əldə edib.
Hər iki tərəfdən onlarla mülki şəxs və döyüşçü həlak olub.
SDQ Suriyada özünü İslam Dövləti adlandıran hərbi qruplaşmaya qarşı mübarizədə qərbin əsas müttəfiqlərindən biri olduğu üçün Türkiyənin buraya hərbi müdaxiləsi və ABŞ-ın geri çəkilməsi beynəlxalq etiraz doğurub.
Lakin Türkiyə kürd qruplaşmalarının elementlərini "terrorçu kimi" gördüyünü deyir.
Türkiyə öz sərhəddindən Suriyanın 30 km içərisinə doğru "təhlükəsiz bölgə" yaratmaq istədiyini bəyan edib.
Bundan başqa Türkiyə həmin ərazidə 3 milyondan çox Suriya qaçqınını yerləşdirmək istəyir. Onların əksəriyyəti kürd deyil. Tənqidçilər bunun yerli kürd əhalisinin etnik təmizlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Mesopotamiya Agentliyi isə xəbər verir ki, Suriyanın şimal və şərqindəki ərəb qəbilə rəhbərləri səfərbər olublar.
Suriyanın şimal və şərqində yaşayan ərəb tayfaları Muxtar İdarənin elan etdiyi səfərbərlik çərçivəsində 50 min döyüşçü ilə Türkiyənin “Sülh çeşməsi” əməliyyatına müqavimətə hazır olduqlarını bəyan edciblər.
Qəbilə başçıları torpaqlarını qan bahasına müdafiə edəcəklərini söyləyiblər. Onlar qeyd ediblər ki, Suriyanın müxtəlif bölgələrindən olan 2 milyon insanı qucaqlasaq, qeyd edilən 3 milyon Suriya vətəndaşını qucaqlaya bilərik.
Türkiyə xalqlarına mesaj yollayan tayfalar, AKP və Ərdoğan siyasətindən imtina etmələrini istəyiblər.
Qəbilələr, həmçinin Birləşmiş Millətlər Təşkilatına (BMT) və Ərəb Birliyinə müraciət edərək mənəvi dəstək olmalarını xahiş ediblər.