Yeni münaqişə alovlanır: 200 milyon müsəlman deport edilir? Dünya

Yeni münaqişə alovlanır: 200 milyon müsəlman deport edilir?

Hindistanın Baş naziri Narendra Modinin bu qərarı verməsinin pərdəarxası məqamları var. O, bu yolla ölkədə dini zəmində qarşıdurma yaradaraq, xalqın diqqətini iqtisadi geriləmədən yayındırmağa çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Hindistan parlamentinin qəbul etdiyi vətəndaşlıq haqqında düzəlişə əsasən Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsinin sadələşdirilməsinə görə müsəlmanların etiraz aksiyası başlatması haqda danışarkən deyib. O bildirib ki, hazırda Hindistanda hakimiyyətdə olan Modi hökuməti antimüsəlman siyasəti aparır:
“Narendra Modinin antimüsəlman mövqeyi əslində o, baş nazir olmadan öncə də görünürdü. Hətta bu səbəbdən seçkilərdə onun qələbəsinə ən çox müsəlmanlar etiraz etmişdi. Modi hələ Qucarat bölgəsinin qubernatoru olduğu müddətdə çoxsaylı müsəlman qətlinə göz yumurdu. Müsəlmanlara qarşı ikili standart tətbiq edir, hətta bir çox qətldə adı hallanırdı. Modi Hindistanda geniş vüsət alan antimüsəlman kampaniyalarını maliyyələşdirən şəxs olaraq da tanınır. Təsadüfi deyil ki, Pakistan və Hindistan arasında son zamanlar artan gərginlik də məhz Modinin adı ilə bağlıdır. Belə ki, Kəşmirin xüsusi statusunun ləğv edilməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə gətirib çıxardı”.
Politoloq qeyd edib ki, Hindistan parlamentinin qəbul etdiyi vətəndaşlıq haqqında qanun Modinin uğursuz daxili siyasətini ört-basdır etməyə yönəlib:
“Son 7-8 il ərzində Hindistan iqtisadiyyatında geriləmə müşahidə olunur. Bu geriləmə Modinin hakimiyyəti dövründə daha da artıb. Onun uğursuz daxili siyasəti xalqın da narazılığına səbəb olub. Bu səbəbdən Modi hakimiyyətini qorumaq və xalqın fikrini yayındırmaq üçün belə bir addım atdı.
Hindistanda müsəlmanlarla hindlilər arasında ciddi bir narazılıq mövcuddur. Bu bəlkə də Hindistan daxilindəki ən önəmli problemdir. Modiyə qədər ölkənin daxili siyasətinin ən əsas məsələsi məhz bu gərginliyi azaltmaq idi. Lakin Modinin hakimiyyətə gəlməsi müsəlman-hindli qarşıdurmasını daha da artırdı. Modi hökumətinin bu cür radikal və yanlış siyasəti Hindistan üçün təhlükəli bir addımdır”.
T.Abbasov Hindistanın bu qərarını qərbi azərbaycanlıların 1988-ci ildə Ermənistandan kütləvi deportasiyasına bənzədib:
“Nəzərə almaq lazımdır ki, Hindistanda bu gün 200 milyondan çox müsəlman yaşayır. Qəbul edilən qanun dəyişikliyi müsəlmanların say nisbətini azaltmağa yönəlib. Digər ölkələrdən gələn qeyri-müsəlmanların müsəlmanlar olan əraziyə yerləşdirilməsi planlaşdırılır. Beləliklə, yerli müsəlmanlar zamanla yaşadıqları əraziləri tərk edəcək.
Əslində Hindistanda baş verən bu hadisə bizim üçün elə də yad deyil. SSRİ zamanı Ermənistan hakimiyyəti də fərqli coğrafiyalardan ermənilərin, qeyri-müsəlman toplumların kütləvi şəkildə ölkəyə köçünə şərait yaradırdı. Gələn miqrantları isə azərbaycanlıların yaşadığı ərazilərdə məskunlaşdırıdılar. Bu səbəbdəndir ki, fərqli zamanlarda Ermənistandan azərbaycanlıların kütləvi deportasiyaları baş tutdu. 1988-ci ildə baş verən sonuncu deportasiyanın nəticəsi olaraq, bu gün qədim Azərbaycan torpağında – Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı yoxdur”.
Qeyd edək ki, Hindistan parlamentinin qəbul etdiyi vətəndaşlıq haqqında düzəlişə əsasən, bundan sonra Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlar Hindistan vətəndaşlığını sadələşdirilmiş qaydada alacaqlar. Məhz bu qanun müsəlmanların kəskin etirazına səbəb olub. Müsəlmanlar bu qanunun Konstitusiyaya zidd olduğunu bəyan edirlər. Xüsusilə etirazlar şimal-şərq ştatlarında başlayıb. Müsəlmanların fikrincə, bu qanun sayəsində Dehli müsəlman ştatlarına Banqladeşdən qaçqınlar köçürəcək.