“Ermənistan Türkiyəyə düşmən mövqeyini yenə nümayiş etdirib” Dünya

“Ermənistan Türkiyəyə düşmən mövqeyini yenə nümayiş etdirib”

“Ermənistan nə qədər inkar etsə də, Türkiyəyə kömək üçün müraciət edib”. Deputat Arzu Nağıyev bu fikirləri İrəvanın Ankaradan koronavirusla mübarizə məqsədilə dərman preparatları və tibbi ləvazimatlar istəməsinə, Türkiyənin verdiyi reaksiyaya münasibət bildirərkən söyləyib.
Millət vəkili açıqlamasında ermənilərin Türkiyəyə qarşı təxribatından da bəhs edib: “Erməni tərəfi koronovirusla bağlı Çinə müraciət edib və gələn yardımın üzərində ingilis dilində belə bir yazı olub. "Qoy bizim dostluğumuz Ararat dağından da hündür, Yantsızı çayından uzun olsun”. Təbii ki, bu, Çindəki ermənilərin təxribatıdır. Və bununla əlaqədar Çinin Türkiyədəki səfiri XİN-ə dəvət edilib və insidentlə əlaqədar izahat tələb edilib. Ermənistan da bunu əsas götürərək həmişə olduğu kimi, yenə də qeyri-ciddi bəyanatlar səsləndirir”.
A.Nağıyev qeyd edib ki, Ermənistan koronavirus pandemiyası ilə bağlı Türkiyədə qalan və təbii ki, karantin müddətində hərtərəfli yardım alan 73 vətəndaşını Gürcüstan sərhədi vasitəsilə geri qaytarıb: “Buna görə Türkiyə tərəfə deyil, yalnız Gürcüstana təşəkkür edən Ermənistan təbii ki, yenə də Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkmədiyini nümayiş etdirib. Məhz Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyənin sərhədləri bağladığını, Ermənistanın blokadasında iştirak etdiyini öz xarici işlər nazirliyi vasitəsilə bəyan edir”.
Deputat rəsmi Ankaranın Emənistanın dərman çağırışına müsbət reaksiya verdiyi barədə Türkiyə Prezidentinin köməkçisi İbrahim Kalın açıqlamasına da toxunub: “Məlumdur ki, dövlət səviyyəsində Türkiyə yaranmış vəziyyətlə əlaqədar humanist addım kimi tibbi ləvazımat və dərmanla köməklik göstərməyə hazır olduğunu bəyan edib. Zənnimsə, bundan sonra, Ermənistanın hər bir humanist addımı belə, siyasi gözdə görməsi bunu da heçə endirəcək”.