Rəzill duruma düşən Ermənistan Dünya

Rəzill duruma düşən Ermənistan

İrəvanın Avrasiya İttifaqına üzvlük məsələsi gələn ilə qaldı

Cavid

Ermənistan 1 yanvar 2015-ci ildə Rusiya, Qazaxıstan və Belarusun üzv olduğu Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müqavilə Ali Avrasiya İqtisadi Şurasının Minskdə keçiriləcək iclasında imzalanacaq. Rusiya prezidentinin köməkçisi həmçinin qurumun Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyini qeyd edib.
Y.Uşakov iclasda Qırğızıstanın Gömrük İttifaqına qoşulması üzrə "yol xəritə"sinin icra vəziyyətinin müzakirə olunacağını söyləyib.
Rusiya prezidentinin köməkçisi Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan dövlət başçılarının iştirak edəcəyini deyib. O, dövlət başçılarının 2014-cü ildə bu formatda dördüncü dəfə görüşəcəyini, növbəti görüşün isə dekabr ayında Moskvada keçirilməsinin planlaşdırıldığını dilə gətirib.
Beləliklə, Ermənistanın ittifaqa qoşulması gələn ilə qaldı. İndi erməni mətbuatı İrəvana qarşı bu münasibəti müxtəlif aspektlərdən izah etməyə çalışırlar. Yerli ekspertlərin bəzilərinin qənaətincə Ermənistanın ittifaqa üzvlükdən kənarda qalması rəsmi İrəvanın yürütdüyü siyasətlə bağlıdır. Bir qism erməni eksperti isə bildirib ki, Ermənistanın üzvlük məsələsinin təxirə salınması Rusiyanın Sarkisyanı cəzalandırmasıdır.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması ölkə əhalisi üçün olduqca vacib məsələdir, çünki əhalinin yaşayış şərtləri olduqca ağırdır. Amma bir "əmma" var. Rəsmi İrəvan quruma Dağlıq Qarabağsız girə bilər. Xatırladaq ki, hələ bu ilin mayında Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinin Ermənistanın 2003-cu ildə Ümumdünya Tİcarət Təşkilatına ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində üzvlüyünə razılıq verdiyini xatırladan məktubunu oxumuş, bu da öz növbəsində Sarkisyanın Putinə zavallı baxışı ilə yadda qalmışdı. Ondan sonra Ermənistanda hakim Respublika Partiyasının gənclər təşkilatının toplantısında Astanada baş verənlərə Sarkisyan belə münasibət bildirmişdi: "O ki, qaldı Nazarbayevin dediklərinə, əvvəlcədən sərhədlər haqda danışmaq düzgün deyil. Biz hansı sərhədlər haqqında danışırıq? Qarabağ məsələsi Gömrük İttifaqında həll olunmur. Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz. Çünki, Qarabağ ən azından bizim qanunvericiliyə görə bu gün Ermənistanın tərkib hissəsi deyil".
Sarkisyan bu çaşqın cavabı ilə əslində guya pərt olmadığını nümayiş etdirmək istəmişdi. Amma bu hadisə onun sübutu idi ki, Azərbaycanın iradəsi olmadan belə bir addım atmaq mümkünsüzdür. Dağlıq Qarabağ Sarkisyanın özünün də etiraf etdiyi kimi, Ermənistanın tərkib hisəssi deyil, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni, istənilən halda Sarkisyan bizə gərək olan cavabı vermişdi. Amma Ermənistanda oturub özgəsinin bostanına daş atan vardan bostancanyanlar da tapılır ki, belələrinin sərsəmləmələri ancaq ölkəsində ciddi qəbul edilə bilər. Bostancanyan "həm Nazarbayev, həm Lukaşenko, həm də müxtəlif Obamalar bilməlidirlər ki, Qarabağ Ermənistanındır" demişdi.
Rəsmi İrəvanın Avrasiya İttifaqına üzvlüyünün gələn ilə saxlanılması ilə bağlı narahatçılıq dolu müzakirələr davam edir. Gəlinən qənaət bundan ibarətdir ki, ölkənin quruma üzv qəbul olması, belə getsə, ildən ilə təxirə düşəcək. Bundan bir müddət öncə də Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov da bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunması haqqında sazişin imzalanması tarixi növbəti dəfə təxirə salınır.
4 ilə yaxın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində danışıqlar aparan Ermənistan hələ ötən ilin ortalarında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazır olduğunu bəyan etmişdi. Lakin ötən il sentyabrın 3-də Rusiya prezidenti ilə görüşdən sonra prezident Serj Sərkisyan Ermənistanın Rusiya, Belarus və Qazaxıstanla Gömrük İttifaqına qatılmaq və daha sonra Avrasiya İqtisadi Birliyinin təsis edilməsində iştirak etmək "arzusunda" olduğunu bəyan etmişdi. Bundan sonra isə Avropa İttifaqı assosiasiya sazişinin artıq danışıqlar masasından qaldırıldığını bəyan etmişdi.
Ermənistandakı müxalif "İrs" Partiyasının sədr müavini Armen Martirosyan hesab edir ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması haqqında sazişin imzalanmasını uzadaraq, Azərbaycanın da bu birliyə cəlb edilməsinə çalışır: "Bakını bu prosesə cəlb etmək üçün Kreml Qarabağ məsələsində güzəştlər vəd etməyə hazırdır. Öz məqsədinə nail olduqdan sonra Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Rusiyanı maraqlandırmır. Putinin məqsədi "Avropa Tərəfdaşlığı"nı dağıtmaq olub".
Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq üçün lazım olan sənədlərin hazırlanmasında "əzmkarlığını", hətta Rusiya rəsmiləri xüsusilə qeyd edib. Lakin rəsmi İrəvanın yaxın zamanda sazişi imzalamaq istəyi bəzən sərt, bəzən yumşaq şəkildə hər dəfə təxirə salınır.
Ermənistanın sabiq xarici işlər naziri Armen Arzumanyan ölkəsinin bu şəkildə rəzil duruma düşməsini belə izah edib: "Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı proseslər bizdən asılı olmayaraq inkişaf edir. Ermənistan hökumətinin nümayəndələrinin bu prosesdən xəbəri yoxdur. Gömrük İttifaqının təsisçi olan üç ölkə arasında da tənzimlənməyə ehtiyac olan ziddiyyətlər az deyil. Hər necə olsa da, mən Ermənistanın Avrasiya İttifaqına daxil olmayacağına ümid edirəm".
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan prezidenti bəyan edib ki, ölkəsi Gömrük İttifaqına öz sərhədləri hüdudunda daxil olacaq və Dağlıq Qarabağın özü ilə bu quruma qatılmasına iddia etmir. Bütün hallarda Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsində Ermənistan üçün həm iqtisadi, həm də siyasi xarakterli ciddi problemlər yaranıb. Rusiya problemlərin əsas qaynağı kimi Qazaxıstanı təqdim etsə də, Belarusun da Ermənistanın AİB-yə üzvlüyündə maraqlı olmadığı aydındır. Çünki rəsmi Astana və Minskin bu mövzuda əsas maraqları iqtisadiyyat üzərində qurulub. Ermənistan külli-miqdarda xarici borcu olan, iqtisadi inkişaf perspektivi olmayan dövlətdir. Qazaxıstan və Belarus "Ermənistan adlı borc yükünü öz üzərilərinə götürmək istəmirlər. Üstəlik Rusiyanın forpostu olan Ermənistanın üzvlüyü ittifaqla bağlı qərarların qəbulunda Moskvaya əlavə səs imkanı verir. Bundan əlavə, hər iki dövlətin sözügedən üzvlüklə bağlı siyasi iradları da var. Ermənistan qonşusu Azərbaycanın torpağını işğal edib və bu zaman müxtəlif dövlətlərin imkanlarından yararlanıb. Ermənistanın indi işğalçı siyasətini davam etdirməsi birbaşa Rusiyanın sayəsində mümkün olur. Ermənistanı dəstəkləməklə Qazaxıstan və Belarus Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Bu isə gələcəkdə bu iki dövlətin özünə qarşı çevrilə bilər.