Yaponiyanın Kyuşü adasında fövqəladə vəziyyət davam edir Dünya

Yaponiyanın Kyuşü adasında fövqəladə vəziyyət davam edir

Artıq dörd gündür ki, Yaponiyanın Kyuşü adasında davam edən leysan yağışları ilə əlaqədar fövqəladə vəziyyət davam edir.
AZƏRTAC xəbər verir ki, meteoroloqlar Fukuoka, Saqa və Naqasaki prefekturalarında güclü yağışlarla bağlı fövqəladə xəbərdarlıq elan ediblər. Əhalidən ehtiyatlı olmaq, torpaq sürüşmələrindən və daşqınlardan qorunmaq xahiş olunur.
İyulun 7-də səhər saatlarında Oita prefekturasının Hita şəhəri yaxınlığında Çikuqo çayı daşıb. Çay boyunca daha bir neçə şəhərdə daşqınlar olacağı proqnozlaşdırılır. Əhaliyə təxliyə barədə xəbərdarlığa əməl etmək tövsiyə edilir.
Fukuoka prefekturasının Omuta şəhərində özünümüdafiə qüvvələrinin hərbçiləri xilasetmə işlərini həyata keçirirlər. Buradakı təxliyə mərkəzi kimi seçilən ibtidai məktəb və ictimai mərkəz su altında qalıb. Həmin mərkəzlərdəki 240 nəfərin təxliyəsi davam edir.
Təbii fəlakət nəticəsində ən böyük zərərin Kumamoto prefekturasına dəydiyi bildirilir. Son məlumatlara görə, 53 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə itkin düşdüyü qeyd edilir.
Zərərçəkən rayonlarda qatarların, ekspress avtobusların hərəkəti dayandırılıb. Kumamoto, Oita və Kaqoşima prefekturalarında 6500-dən çox ev təsərrüfatının elektrik enerjisinin kəsildiyi bildirilir.