“Rus şirkətlərinin beynəlxalq maliyyə kanalları kəsilib” Dünya

“Rus şirkətlərinin beynəlxalq maliyyə kanalları kəsilib”

Qərb mətbuatına görə, xarici investorlar üçün Rusiyanın cazibədarlığı həmişəlik məhv olub

Moskvada "UralSib" maliyyə korporasiyasında çalışan Slava Smolyaninov "New Europe" agentliyinə Rusiyanın üzləşdiyi sanksayaların doğurduğu nəticələrlə bağlı müsahibə verib.
Onun fikrincə, neftin yeni qiymətinə görə, bazarda stabillik üçün səylər bir neçə ay davam etsə, Rusiyanın iqtisadi tənəzzülə getməsi labüddür: "Rusiya valyutasının qiymətinin aşağı düşməsinin səbəbi də məhz budur. İnflyasiya və rublun məzənnəsinin aşağı düşməsi Rusiyanı çətin vəziyyətə salıb. Digər tərəfdən də Qərbin sanksiyaları ölkəni kreditlərdən məhrum edib.
Rusiya üçün öz büdcə hədəflərinə çatmaq və iqtisadiyyatını genişləndirmək həqiqətən çətindir. Əslində, bu, mümkün də deyil. İqtisadiyyatın staqflasiyadan tənəzzülə getməsi, maliyyə aktivləri, xüsusi kapital, səhmlər və istiqrazlar üçün tam başqa vəziyyət deməkdir. İqtisadi tənəzzül qorxusu əvvəlki illərlə müqayisədə ötən 2 ildə daha da artıb".
Smolyaninov bildirib ki, Qərbin Rusiyaya, əsasən də neft sektoruna sanksiyaları kreditorların Rusiya aktivləri və səhmlərinə etibarını azaldıb: "Qiymətlərin düşməsi OPEC üzvü olmayan və Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiyanın ziyanınadır. Bu həftə Moskvada görüşlərin birində Rusiya prezidenti Vladimir Putin enerjinin, eləcə də bəzi ənənəvi məhsulların qiymətlərinin ucuzlaşdığını etiraf edib. Bəzi müşahidəçilər və analitiklər Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrda hasilatı dayandırıb-dayandırmayacağını gözləyirlər. Neftin ucuzlaşması dünyada əksər neft ixrac edən ölkələrin büdcəsini çətin vəziyyətə sala bilər. Aydındır ki, Venesuela kimi bəzi üzvlər bu çətinliyi artıq hiss edirlər".
Qeyd edək ki, oktyabrın 10-da Venesuela OPEC-in fövqəladə yığıncağının çağrılmasını təklif edib. Noyabrın 27-də növbəti yığıncaq keçiriləcək. Aşağı qiymətlər borc içində olan və İŞİD-ə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanı, Liviya və İraqa da təsir göstərib. Həmçinin neft ixrac edən Venesuela, Nigeriya və İranda büdcə defisiti artıb. Mühüm OPEC ölkəsi olan Səudiyyə Ərəbistanı ucuzlaşmaya görə hasilatı dayandırmaq yerinə, qiymətləri aşağı salıb. Bu addım soyuq müharibə dövründə Sovet İttifaqına qarşı ABŞ-la Səudiyyə Ərəbistanının gizli sövdələşməsi haqqında şübhələri artırıb.
Rusiyanın "Rosneft" dövlət şirkəti Ər-Riyadı qiymətlərin gizli manipulyasiyasında ittiham edib. "Qiymətlər manipulyativ ola bilər. Əvvəla, Səudiyyə Ərəbistanı neftdə böyük güzəştlər etməyə başlayıb. Səudiyyə Ərəbistanı siyasi manipulyasiya olunur. Bu isə pis nəticələnə bilər", deyə Rusiya mətbuatı yazıb.
Qeyd edək ki, "Brend" markalı neftin 1 barrelinin qiyməti oktyabrın 15-də 83,78 dollar olub. İyunda isə qiymət 115 dollar idi. Çin iqtisadiyyatının ləngiməsi, Şimali Amerikada tələbat və neft hasilatının artması üçün OPEC üzvləri bazardakı pay bölgüsünə görə mübarizə aparırlar. "The İndependent" qəzeti isə xaricə gedən turistlərin sayının kəskin azalması nəticəsində Rusyada onlarla turizm şirkətinin müflis olduğunu qeyd edir. Qəzet yazır ki, "Moskva və Qərb arasındakı münaqişənin istisi" investorları Rusiyadan qaçmağa məcbur edir: "Rusiyada ərzağın qiymətləri artır. Avropalaşmış rus "elita"sı ölkədə iqtisadi təsərrüfatsızlığın gözlənilən ağır nəticələrindən ehtiyat edir. Hansı ki, oxşar səbəblər Sovet İttifaqını dağıtdı. Qərbin sanksiyaları ən böyük rus şirkətlərinin beynəlxalq maliyyə kanallarını kəsdi. Rusiya şirkətləri üçün energetika sektorunda istifadə olunan kritik əhəmiyyətli texnologiya əlçatmaz olub".
Qəzeti yazır. "Yalnız bu ilin ilk altı ayı ərzində investorlar Rusiyadan 75 milyard dollar çıxarıb. Rusiya "Əmanət bankı"nın keçmiş başçısı German Qref Moskvada bu ay keçirilən iqtisadi konfransda bildirdi ki, Sovet İttifaqı sovet rəhbərliyinin səriştəsizliyinə görə dağıldı. Onlar iqtisadiyyatın inkişafı qanunlarına hörmət etmirdilər".
Bəzi analitiklər hesab edirlər ki, yeni iqtisadi reallıq Kreml başçısı Putini Ukrayna ilə bağlı daha mülayim siyasət yürütməyə məcbur edə bilər: "Çünki məhz bu məsələ Qərblə münaqişədə əsas yer tutur. Dövlət Dumasının müxalifətçi deputatı Rıjkovun fikrincə, Putinin ritorikası dörd ay əvvəlki dövrlə müqayisədə daha yumşaqdır".
Mühacirətdə yaşayan rusiyalı iqtisadçı Quriyevin fikrincə, xarici investorlar üçün Rusiyanın cazibədarlığı həmişəlik məhv olub: "İnvestorlar anladılar ki, Putin üçün iqtisadiyyatın inkişafı prioritet deyil. Əgər Putin Krımla iqtisadiyyat arasında seçim etməli olsa, o Krımı seçəcək".

Əli