Rusiya qoşunları yenidən Ukraynaya doğru irəliləyir Dünya

Rusiya qoşunları yenidən Ukraynaya doğru irəliləyir

Cavid

NATO Rusiya qoşunlarının Ukrayna sərhədinə tərəf hərəkət etdiyi açıqlayıb. Bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.
Onun sözlərinə görə, Rusiya qoşunların geri çəkildiyini bəyan etsə də son günlər bunun əksi müşahidə edilir. "Biz Rusiya qoşunlarının Ukrayna sərhədinə doğru istiqamətləndiyini görürük", - deyə baş katib bəyan edib.
Yens Stoltenberq onu da bildirib ki, Rusiya hələ də separatçıları silahlındıraraq dəstəkləməyə davam edir. Baş katibin sözlərinə görə, Ukraynanın şərqində döyüşən separatçılar arasında Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları da var.
ABŞ da NATO-nun Rusiya qoşunlarının Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı verdiyi bəyanatdan narahat olmağa başlayıb. ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki Rusiya qoşunlarının Ukrayna tərəfə hərəkətə başlamasından narahat olduqlarını bəyan edib.
Psaki bildirib ki, rəsmi Vaşinqton Rusiyanın bu addımına görə ehtiyat edir.
Xatırladaq ki, noyabrın 4-də Ukrayna Xarici İşlər Nazirliyi bildirimişdi ki, Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədinin yaxınlığına cəmlənir. Həmin gün belə bir bəyanatla NATO da çıxış edib.
Rusiya isə bəyan edib ki, qoşunlar ölkə daxilində hərəkət edir və Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı "Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumun lideri Aleksandr Zaxarçenkonun Rusiyadan silah və hərbi texnika alması barədə bəyanatına münasibət bildirib.
Baş Qərargah "Yeni qəzet" nəşrinin siyasi müşahidəçisi Boris Vişnevskinin sorğusuna cavab olaraq "DXR" liderinin bəyanatını "yalan" adlandırıb.
Xatırladaq ki, A.Zaxarçenko 16 avqustda Rusiyanın separatçılara 30 tank, 12 zirehli avtomobil və 1200 nəfərlik şəxsi heyət göndərdiyini bildirib. Rusiya Baş Qərargahın sözçüsü Andrey Kartapolov A.Zaxarçenkonun bəyanatının əsas məqsədinin şəxsi heyətə və Ukrayna ordusunun komandanlığına psixoloji təzyiq göstərmək məqsədi ilə verildiyini ifadə edib. Onun sözlərinə görə, bəyanat heç bir sübut bazasına malik deyil.
Qeyd edək ki, B.Vişnevski Zaxarçenkonun bəyanatı ilə bağlı sorğunu Baş Qərargahla yanaşı Rusiyanın İstintaq komitəsinə də göndərmişdi. Sorğuda Ukraynaya Rusiyadan hərbi texnikanın çatdırılması və Donbas hövzəsində Rusiyadan gedən muzdluların döyüşməsi barədə informasiyaların yoxlanılması xahiş edilirdi.
Ukrayna prezidenti Pyotr Poroşenko isə Donbas hövzəsindəki separatçıları blokada ilə hədələyib.
Unian.net-in verdiyi məlumata görə, dövlət başçısı "xərçəng şişinin yayılmasına imkan verməmək üçün" belə bir addımın atıla biləcəyini deyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edən Poroşenkonun sözlərinə görə, 2 noyabr "seçkilər"i Donetsk və Luqansk vilayətlərində normal həyatı üçün təhlükənin kəskin artdığını göstərdi.
"İndi orada nə baş verir? Xaos, soyğunçuluq, insanların həyat səviyyəsinin kəskin pisləşməsi, elementar müdafiənin olmaması və banditizm. Xərçəng şişinin yayılmasına imkan verməmək üçün bu ərazini müəyən blokadaya almağa məcburuq", - deyə Ukrayna prezidenti vurğulayıb.
Bu arada o da bildirilir ki, Ukrayna Ali Radasına Donbas hövzəsinin "xüsusi status"un ləğvi haqqında qanun layihəsi daxil edilib. Qanun layihəsinin müəllifi Ali Rada sədri Aleksandr Turçinovdur.
Xatırladaq ki, qanun bu ilin sentyabrın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul edilib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır. Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.
İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunurdu. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tuturdu.
Qanunda həmçinin bu regionlarda dekabrın 7-də növbədənkənar yerli seçkilərin keçirilməsi əksini tapmışdı. Oktyabrın 17-də isə Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunu imzalayıb.
Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Yuri Zyukovun isə Kiyevin Donbas hövzəsinin kömürünü separatçılardan almağa hazır olduğunu bildirməsi vəziyyəti daha da gərginləşdirib. Amma Y.Zyukov qeyd edib ki, kömürə veriləcək vəsait şaxtaçıların maaşlarına və şaxtaların saxlanılmasına xərclənməlidir. Yuri Zyukov əmin edib ki, vəsaitlərin xərclənməsinə nəzarət etmək mümkün olacaq. Onun sözlərinə görə, pul köçürmələri dövlət banklarındakı hesablar vasitəsilə hərəkət edəcək. Bu halda isə şaxtaçılar Ukrayna hakimiyyətinin nəzarəti altında olan kartlarından maaş ala biləcəklər.
Ukraynalı politoloq Yuri Romanenko Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Yuri Zyukovun son bəyanatını şərh edərkən deyib ki, Ukrayna Donbas hövzəsindəki üsyançı rejimlərdən kömürün alınmasından imtina etməməlidir. Əksinə, bu, Kiyev üçün sərfəlidir və Rusiyaya zərbə vurur.
Y.Zyukov Energetika və Kömür Sənayesi Nazirliyinin bu məsələ üzrə antiterror əməliyyatları zonasındakı müəssisələrin rəhbərləri ilə danışıqları apardığını deyib: "Əgər müharibə kömürün qiymətini iki dəfə azaldıbsa, onu almaq lazımdır. Belə olan halda onları xaltada saxlayırıq, çünki separatçılar kömürü heç kəsə sata bilməyəcəklər".
Onun sözlərinə görə, ən şirin qisas düşmənin bədbəxtliyindən varlanmaqdır: "Əgər Ukrayna Donbas hövzəsinin hesabına varlanacaqsa, Rusiya daha kasıb olacaq. Çünki bu bədbəxt insanları yedirməyə məcbur ediləcək. Ucuz kömür nəticəsində biz iqtisadiyyatın müasirləşdiriilməsinə nail olacağıq".
ABŞ və Rusiya prezidentlərinin də gələn həftə görüşünün planlaşdırıldığı bildirilir. Bu barədə "Reuters" agentliyi Amerika hökumətində olan mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ prezidenti Barak Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı və "Böyük iyirmilik" ölkələrinin samitində qeyri rəsmi görüşünün olacağı gözlənilir.
"Obama ilə Putinin rəsmi görüşü olmayacaq. Lakin prezidentlərin kuluarlarda ayaq üstə də olsa söhbəti olacaq", - deyə bildirilir.
Qeyd edək ki, Obama və Putin gələn həftə Avstaraliyanın Brizben şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı və "Böyük iyirmilik" ölkələrinin samitində qeyri rəsmi görüşünün olacağı gözlənilir.
Rəsmi Kiyev isə Rusiyanın "Qazprom" şirkətinə olan qaz borcunun birinci tranşını ödədiyini deyib. Ukrayna bununla da ötən həftə Avropa Birliyinin vasitəçiliyi ilə imzalanmış razılaşmanın şərtlərini yerinə yetirməyə başlayıb.
Ukraynanın "Naftogaz" şirkəti noyabrın 4-də "Qazprom"a 1.45 milyard dollar köçürüldüyünü bildirib. Oktyabrın 30-da imzalanmış sazişə görə, Ukrayna ilin sonunadək iki tranşla 3.1 milyard dollar ödəməlidir.
"Qazprom" deyib ki, Kiyev birinci tranşı, eləcə də noyabr üçün 760 milyon dolları qabaqcadan ödəyən kimi qaz təchizatına başlayacaq. "Naftogaz" bəyanatında noyabr ödənişi barədə bir söz deməyib.
Moskva bu ilin əvvəlində Kiyev üçün qazın qiymətini qaldırıb və iyunda Ukraynaya qaz göndərişini dayandırıb. Moskva 5.3 milyard dollarlıq borcunu və gələcək təchizat üçün öncədən ödəniş istəyib.