Rusiyada qiymət artımı daha sürətli gedəcək Dünya

Rusiyada qiymət artımı daha sürətli gedəcək

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukuyev ölkədə istehlak mallarının daha yüksək dinamikalı qiymət artımını proqnoz edir. Rusiya informasiya qaynaqlarının verdiyi xəbərə görə, bununla belə, ilin sonu üçün o, inflyasiyanın 10%-ni keçməyəcəyini söyləyib.
Lakin sürətli qiymət artımını proqnoz edən nazir konkret rəqəmlər söyləməyib. Az öncə Ulyukuyev ilin sonu üçün inflyasiyanın 8,5%, yalnız gələn ilin 1-ci rübü üçün ikirəqəmli ola biləcəyini demişdi.
Maliyyə naziri Anton Siluanov da gələn ilin əvvəli üçün inflyasiyasının ikirəqəmli olacağını proqnozlaşdırmışdı.
Bu arada Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev "Rosneft" ASC-nin (Rusiyanın dövlət neft şirkəti) səhmlərinin 19,5%-nin özəlləşdirilməsi ilə bağlı qərar imzalayıb.
Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda qərar Rusiyanın Nazirlər Kabinetinin saytında yerləşdirilib. Qərarda bildirilir ki, hökumət şirkətin 2 066 727 473 səhminin özəlləşdirilməsinə razılıq verir.
"Rosneft"in rəhbəri İqor Seçin bildirib ki, səhmlərin yerləşdirilməsi iki tranşda həyata keçiriləcək. Neft şirkətinin bir səhminin dəyəri 8,12 dollar təşkil edəcək.
Xatırladaq ki, hələ avqust ayında maliyyə naziri Anton Siluanov "Rosneft"in səhmlərinin 19,5 faizinin 2015-ci ildə özəlləşdirməyə çıxarılacağını bildirmişdi. Qeyd etmişdi ki, Rusiya büdcəsi bu əməliyyatdan 423 mlrd. rubl əldə edəcək.
Onu da qeyd edək ki, bir müddət əvvəl "Rosneft" hökumətdən 50 milyard dollar yardım istəmişdi. Bunun da səbəbi kimi, hələ oktyabr ayının ortasına qədər şirkətin sanksiyalar ucbatından 55 milyard dollar itirməsi göstərilirdi.
Onu da qeyd edək ki, bir ştatında föqəladə vəziyyət elan olsunsa da Birləşmiş Ştatların qayğısı özləri demişkən qalan dünya ilə bağlı oldu. Baş neftə qarışdı. OPEK neftin hasilatını nəinki dayandırmaq heç azaltmaq barədə də qərar vermədi.
Bu isə neftin dünya bazarında qiymətinin aşağı düşməsinə əlavə təkan verdi. "Brent" markalı neftin barreli 69 dollara da düşdü. Düzdü indi 70-72 dollar civarında səndələmələr var. Amma qiymətin quyuların dibinə doğru hərəkət edəcəyi realdır.
Qərbin bütün iqtisadi atəşlərinin hədəfi Rusiyanı çətin günlər gözləyir. Amma təkcə Rusiyanı yox, iqtisadiyyatını yalnız neftdən asılı edən bütün dövlətləri. Rusiya öz inadından dönmür və dönəcəyi də inandırıcı deyil. Çünki minmək bir, düşmək ikinci ayıbdır... Əvəzində qurunun oduna yaşlar da tüstüləyir. Kənardan isə görünür ki, deyəsən OPEK Rusiya ilə yox, neftin barrelini 30 dollardan əlim yandıda satan İŞİD-lə rəqabət aparır. Kim daha ucuz verər... Söhbət isə neft yox, qan bahasından da gedir".
O da bildirilib ki, Rusiyanın İqtisadiyyat naziri Aleksey Ulyukayev İranla neft mübadiləsi edəcəklərini açıqlayıb. Rusiyalı nazir "neft qarşılığında mal" mübadiləsinin yaxın zamanlarda başlayacağını açıqlayaraq, iki ölkə arasında 20 milyard dollarlıq mübadilənin reallaşacağını bildirib: "Mövzu gündəmdədir. Avqust ayında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılaşma imzalanıb. Biz bu istiqamətdə çalışırıq. İranla neft və təbii qaz qarşılığında mal mübadiləsi imkanını təmin edən razılaşma qısa müddətdə imzalanacaq. Söhbət gündəlik 500 min barrel neft qarşılığında 20 milyard dollarlıq mal mübadiləsindən gedir".
İki ölkə arasında yerli pul vahidi ilə ticari dövriyyənin razılaşdırılacağını deyən Ulyukayev ölkəsinin bu addımı tam dəstəklədiyini bildirib: "İki ölkənin Mərkəzi bankları arasında müqavilə imzalanması gözlənilir. Əsas hədəfimiz yerli pul vahidləri ilə ticari dövriyyəni reallaşdırmaqdır. Biz bunu dəstəkləyirik".
Xatırladaq ki, bu ilin yanvarında da analoji razılıq gündəmə gəlmişdi. Lakin Qərb mətbuatında yer alan xəbərlərə görə, ABŞ neft mübadiləsinə qarşı çıxaraq bu razılaşmanın İranla aparılan nüvə danışıqlarına mənfi təsir edəcəyini bildirmişdi.