Ermənistanda qan tökülüb Dünya

Ermənistanda qan tökülüb

Əhali silahlanır, Rusiyaya qarşı etirazlarda artıq 14 nəfər xəsarət alıb

Cavid

Rusiya hərbi bazasının əsgəri Valeri Pavloviç Permyakovun yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirməsi Ermənistanı silkələməkdədir. İrəvanın müxtəlif mərkəzi küçə və dövlət orqanları qarşısında aramsız etiraz aksiyaları keçirilib. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsi tələb olunub, etirazçılar Kreml rəhbərini ən pis söyüşlərlə, həm də Azərbaycan dilində söyüblər.
Dünən də belə bir aksiya Gümrüdə keçirilib. Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalarda 14 nəfər xəsarət alıb.
Onlar xəstəxanalara yerləşdiriliblər. Bəzilərinə elə hadisə yerində tibbi yardım göstərilib.
Yaralılardan üçü polis olduğu bildirilir. Yaralı polislərdən ikisinin vəziyyəti ağırdır. Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir.
Ermənistan parlamentinin deputatı Martun Qruqoryan Gümrüdə bir ailənin 6 üzvünün qətlində ittiham olunan rusiyalı əsgər Valeri Permyakovun Ermənistan ərazisində, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında həbsdə saxlanıldığını təsdiqləyib.
Bu sözləri "Çiçəklənən Ermənistan" partiyasından olan Martun Qruqoryan Gümrüdə aksiya iştirakçılarının qarşısında çıxışı zamanı bildirib.
"Bizi kamerayadək müşayiət etdilər, kameranın pəncərəsini açdılar və biz, şəxsən, onu gördük", deyə deputat Permyakovun bir nəfərlik kamerada saxlanıldığını qeyd edib. Lakin o, video çəkilişin aparılmadığını bildirib: "Biz belə bir vəzifə qarşımıza qoymamışdıq".
Bundan əvvəl bildirilmişdi ki, Ermənistan Rusiya tərəfi ilə Valeri Permyakovun videoçəkilişinə dair razılığa gəlib.
Onu da bildirək ki, erməni ailəsinin 6 üzvünü qətlə yetirən rus hərbçisinin Ermənistana verilməsi ilə tələbi Gümrüdə keçirilən aksiya prokurorluq binasının daşa tutması ilə nəticələnib.
Aksiya iştirakçıları Valeri Permyakovun məhkəməsini məhz ölkə hüquq-mühafizə orqanlarının aparmasını tələb ediblər.
Etirazçılar prokurorluq binasına dəvət edilsələr də, bundan imtina ediblər. Bu zaman polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Etirazçılar binanı daşa tutublar.
Ermənistan baş prokuroru Qevork Kostanyan isə rusiyalı həmkarından 6 ermənini öldürən rus hərbçisinin Ermənistana verilməsi tələbi ilə müraciət edəcək.
Bu haqda baş prokuror Gümrüdə keçirilən aksiya iştirakçılarına bildirib. Onun dedikləri də gülünc olub.
"Mən baş prokurora və Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm ki, bu şəxs bizim sərəncamımıza verilsin. İndi yüz faiz kişi kimi danışıram. Rusiyanın baş prokuroruna bu tələblə müraciət edəcəyəm", - deyə Kostanyan bildirib. Bu bəyanat aksiya iştirakçıları tərəfindən intonasiya ilə deyilən "İndi!" - "indi!" şüarı ilə qarşılanıb.
Amma ötən gecə İrəvanın "Azadlıq" meydanında 38 nəfərin həbs olunması ehtirasları da qızışdırıb. Ermənistan hüquq-mühafizə orqanları saxlanılanlardan ikisində tapança aşkarlandığını açıqlayıb. Onların müxalifətdən olan Karo Yeqnukyan və Qaqik Saruxanyan olduqları bildirilib.
Hər iki şəxs Rusiyanın Ermənistandakı səfirliyinin yaxınlığında həbs ediblər. Mətbuat yazır ki, indiyə kimi Ermənistanın müstəqilliyi uğrunda siyasi yolla mübarizə aparan gənclər silahlı yola əl atıblar. İndi Ermənistanda Rusiya ordusunu ölkədən çıxarmağa çağırışlar güclənib. Erməni şərhçi Naira Hayrumyan bu gün dərc edilmiş məqaləsində vurğulayır ki, insanlar instinkt əsasında öz qalalarına - evlərinə gələn təhlükənin mənbəyini müəyyən etməyə çalışırlar. "Buna görə də, Rusiya konsulluğuna, Rusiya hərbi bazasına üz tuturlar",- deyə şərhçi bildirir.

Naira Ayrumyanın fikrincə, suverenliyin məişətdən gələn və təbii əsasları var. "O, bir neçə sadə məsələni - insanın evinin təhlükəsizliyinə zəmanəti və suveren mühakimə hüququnu nəzərdə tutur. Rus qatil suverenliyin bu iki əsasını güllələdi. İndi Ermənistanda insanlar instinktiv şəkildə öz suverenliklərini bərpa etməyə çalışırlar",- deyə şərhçi vurğulayır.
NATO da Ermənistandakı vəziyyətə qiymət verib. NATO baş katibinin ənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirb: "Ümid edirik ki, Ermənistan hökuməti Gümrü hadisələrinə görə ölkədə yaranmış ağır vəziyyətdən çıxmaq üçün düzgün qərar verə biləcək".
"Mən iki şeyi qeyd etmək istəyirəm. Birincisi, Gümrüdəki qətl dəhşətli insan faciəsidir, ikincisi ümid edirik ki, Ermənistan hakmiyyəti ölkədən yaranmış vəziyyətdən çıxa biləcək", deyə Appaturay bildirib.
Onu da bildirək ki, Ermənistan Gümrüdə 6 nəfəri qətlə yetirən rus əsgəri Valeri Permyakovun videoya çəkilməsi barədə Rusiya ilə razılıq əldə edib.
Bu haqda deputat Zarui Postcanyan Ermənistanın baş prokuroru Gevork Kostanyanla görüşdən sonra bildirib.
Deputatın sözlərinə görə, Ermənistan tərəfdən nümayəndə və bir nümayişçi Gümrüdəki 102-ci hərbi bazaya daxil olacaq.
Onlar Valeri Permyakovun Ermənistan ərazisində olduğunu sübut etmək üçşün videoçəkiliş aparacaqlar.
Ermənistanın "Çorrord işxanutyun" bəyan edib ki, Gümrüdə rus əsgərinin törədiyi qətl və anti-Rusiya əhval ruhiyyəsinin genişlənməsi ilə əlaqədar olaraq Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının komandanlığı hərbçilərə Gümrü şəhər sakinlərinin gözününə görsənməməyi tapşırıb.
Əmrə əsasən Gümrüdə ailəsi olan hərbçilərə bu şəhərdə gecələmək imkanı verilir, subay əsgərlərə isə hərbi hissə daxilində gecələmək tapşırılıb.
Hərbçilərə həmçinin Gümrü şəhərində gəzmək, kafe və digər istirahət yerlərinə baş çəkmək də qadağan edilib. Bundan əlavə Rusiyanın Gümrüdəki konsulluğunun dəstəyi ilə fəaliyyət göstərən rus orta məktəbi də fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
"Məlumatlara əsasən hətta, hərbçilərin həyat yoldaşları belə ərzaq məhsulları almaq üçün evdən kənara çıxmırlar. Onlar erməni dostlarından alış-veriş həyata keçirməyi istəyirlər", - deyə qəzet vurğulayıb.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.