Ermənilərin “cəsarəti” Dünya

Ermənilərin “cəsarəti”

Sarkisyan hakimiyyəti "Daşnakstyun" və ASALA terrorçularının Gümrüdəki bazaya və bu şəhərdəki Rusiya konsulluğuna mümkün hücum ehtimallarından narahatdır

Cavid

Bir neçə gündür Ermənistanı ayağa qaldıran rus əsgəri Valeri Permyakov erməni ailəsinin yeddi üzvünü hansı səbəblə qətlə yetirdiyini açıqlayıb. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazanın əsgəri SSRİ dövründə erməni Vladimir İonesyan tərəfindən ruslara qarşı törədilən qətllərin qisasını almaq üçün bu cür addım atdığını söyləyib.
İonesyan SSRİ döründə kifayət qədər səs-küyə səbəb olan sübuta yetirilmiş 5 qətli törətdiyi üçün həbs olunmuşdu. O, üç yeniyetmə və iki qocanı qətlə yetirdiyini etiraf etmişdi. İndi Permyakov idda edir ki, İonesyanin qətlə yetirdiyi ruslar arasında onun da qohumu olub.
Rusiya prezidenti Putinin ermənistanlı həmkarı ilə telefon danışığından sonra isə Rusiya istintaq komitəsinin rəhbəri Aleksandr Bastrikin Ermənistana gedib. Erməni mətbuatının məlumatına görə, Serj kommitə rəhbərindən Gümrü hadisələrinin ciddi araşdırılmasını tələb edib. Ən əsası isə odur ki, görüş zamanı erməni etirazçıların tələblərinin bir qismi qəbul edilib. Razılaşmaya görə, Permyakovun məhkəmə prossesi İrəvanda baş tutacaq. Bütün prosses isə hər kəsə açıq keçiriləcək. Görüşün keçirildiyi ərəfədə Ermənistanın ictimai xadimi Sarkis Açpanyan keçirdiyi mətbuat konfransında belə bir bəyanat səsləndirib ki, Rusiya Ermənistanı dövlət kimi tanımır:
"Əgər oxşar amansız qətli Türkiyədə Amerika bazasının hərbçisi törətsəydi, elə həmin gün Obama bütün administrasiyası ilə birlikdə Ərdoğanın qarşısında diz çökərdi ki, amandı, birdən Ərdoğan ikitərəfli münasibətlərdən imtina edər. Lakin bir ailənin yox olması ilə bağlı matəm elan etməkdən belə qorxan Ermənistan rəhbərliyinin kölə vəziyyəti ona gətirib çıxardı ki, xaricdəki erməni icmaları da ətalət nümayiş etdirməyə başladı".
Permyakovun törətdiyi qətldən sonra ayağa qalxan ermənilər həm də Rusiyanın Gümrüdə yerləşdirdiyi 102-ci bazasını ölkədən çıxarılmasını tələb edirlər. Rusiya Müdafiə Nazirliyi bu tələblərə qarşı daha sərt addım atlb. "İnterfaks" agentliyinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, 102-ci hərbi bazada həqiqi hərbi xidmət keçən əsgərlər 2016-cı ilin yazında bazanı tərk edəcək və bundan sonra bazanın şəxsi heyəti yalnız müqavilə əsasında hərbi xidmət göstərən hərbçilərdən təşkil olunacaq.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu qərarı Gümrü hadisələrindən sonra qəbul etsə də, rus hərbçinin bir ailəni qətlə yetirməsilə heç bir əlaqəsinin olmadığını da iddia edib.
Onu da qeyd edək ki, Rusiyanın Ermənistanda dislokasiya edən 102-ci hərbi bazasında istisna olaraq muzdlular xidmət edəcək.
Bu barədə Rusiya Federasiyasının Baş Qərargahından bildiriblər. "Səfərbərliyə çağırılmış sonuncu hərbçilər Rusiyanın Ermənistanda dislokasiya edən 102-ci hərbi bazasını 2016-cı ilin yazında tərk edəcəklər", - deyə Qərargahda vurğulayıblar. Qurumdan həm də bildiriblər ki, bu heç də rus hərbçisi Valeri Permyakovun 102-ci bazanın yerləşdiyi Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətl etməsi ilə bağlı deyil və bu barədə qərar hələ keçən ildən verilib.
Gümrüdəki 102-ci hərbi baza iki qarnizonda, 19 hərbi şəhərcikdə dislokasiya edir. Dekabrda bazaya 2,5 min yeni əsgər gəlib. Ümumiyyətlə, bazadakı əsgər sayı 5 min nəfrədir.
Rusiyanın bu addımı əksər analitiklər tərəfindən Cənubi Qafqazla bağlı yeni plan kimi izah edilir. Bu ehtimallara görə, Moskva Gürcüstanı bölərək Rusiyadan Ermənistana dəhliz açmaq istəyir. Gürcüstan sərhədinə yaxın ərazidə yerləşdiriləcək 5 min xüsusi təyinatlı bu məsələdə müstəsna rol oynaya bilər.
Prezident Serj Sərkisyan isə anlayır ki, hadisələr hər an onun hakimiyyətini bitirə bilər. Erməni parlamenti isə Gümrü hadisələri ilə bağlı 20 yanvarda fövqəladə dinləmələr keçirilməsi barədə qərarını son anda ləğv edib.
Yayılan məlumata görə, ermənilər fürsət düşən kimi rus əsgərlərdən qisas almağa qərar verdiklərindən Rusiyanın ciddi narahatlığı var. Odur ki, Gümrüdə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.
"Daşnakstyun" partiyası və ASALA terror təşkilatının tərəfdarlarının Gümrüdəki bazaya və bu şəhərdəki Rusiya konsulluğuna hücumunun qarşısı polis tərəfindən alınsa da, şəhərdə vəziyyət gərgin olaraq qalır. Bildirildiyinə görə, Gümrüdəki Daşnakstyun partiyasının yerli qərargahında İrəvandan və xaricdən onlarla gənc erməni toplaşıb. Gələn xəbərlərdə deyilir ki, Gümrüdəki vəziyyətin gərginləşməsi və nəzarətdən çıxması ehtimalı yüksək olduğundan Serj Sarkisyan gücsüzlüyünü Rusiya prezidenti Vladimir Putinə rəsmən etiraf edərək ondan kömək istəyib. Hazırda Gümrüdə qulluq edən rus əsgər və zabitlərinə bazanın ərazisini silahsız tərk etməmək göstərişi verilib. Faktiki olaraq şəhərdə fövqəladə vəziyyətin hökm sürdüyü deyilir. Şəhərə İrəvandan da əlavə polis qüvvələri gətirildiyi bildirilir.