Ukraynada siyasətçilərin və məmurların səs-küylü intiharları Dünya

Ukraynada siyasətçilərin və məmurların səs-küylü intiharları

2014-cü ildə Ukraynada davam edən uzunmüddətli etirazlardan sonra prezident Viktor Yanukoviçin ölkədən qaçması onunla birgə hakimiyyətdə təmsil olunan tərəfdarlarını da oyundankənar vəziyyətdə qoydu. Yanukoviçlə bərabər bir çox yüksək vəzifəli məmurlar da ölkədən qaçmağa macal tapdılar, eks-prezidentin rəhbərlik etdiyi Regionlar Partiyasında ciddi böhran baş verdi və hazırda bu partiyanın üzvü olan hər bir kəs ən azı bir il əvvəl baş verənlərə görə mənəvi məsuliyyət daşıyır.
Ukraynada yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə bu ölkədə yeni bir mərhələ də başlayıb. Ölkənin Şərqində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrə qarşı savaşmaqla yanaşı, prezident Pyotr Poroşenkonun komandası həm də korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparır. Bu isə o deməkdir ki, keçmiş hakimiyyətdə yüksək vəzifə sahibi olan məmurların hər birinin adı nə zamansa korrupsiya ilə bağlı olaylarda keçəcək və təqib olunacaqlar. Bu təqibdən, həm də yeni qayda-qanunlarla yaşamağa adət etməyən ukraynalı keçmiş məmurlar özlərini müxtəlif yollarla həyatdan məhrum edirlər.
Ukrayna KİV-lərinin materailları əsasında araşdırılma nəticəsində məlum olub ki, bu ölkədə indi demək olar ən çox intihar edənlər məhz keçmiş məmurlardır. Bu il yanvarın 26-dan fevralın 28-dək Ukraynada 5 keçmiş yüksək vəzifəli məmur özünü öldürüb.
Yanvarın 26-da "Ukrzaliznitsa"nın rəisinin keçmiş birinci müavini, keçmiş baş nazir Nikolay Azarovun bu vəzifəyə təyinatında xeyir-dua verdiyi 57 yaşlı Nikolay Sergienko ov tüfəngi ilə özünü güllələyib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, faciə baş verən zaman mənzildə ondan başqa heç kim olmayıb, qapı və pəncərələr bağlı olub, qapının qıfılı isə zədələnməyib.
Yanvarın 29-da Xarkov vilayət şurasının keçmiş sədri, Ukraynanın xalq deputatı Aleksey Kolesnik evində özünü asıb. O, ölümündən əvvəl heç bir məktub yazmayıb.
Fevralın 25-də Melitopolun meri, 57 yaşlı Sergey Valter özünü asıb. Bu hadisə onun işi ilə bağlı məhkəmə prosesi başlamazdan bir neçə saat əvvəl baş verib. Regionlar Partiyasının üzvü olan Sergey Valter Melitopol şəhərinin rəhbərliyinə 2010-cu ildə seçilmişdi. 2013-cü ildə şəhər hakimiyyət orqanlarında mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirkar bilinərək vəzifəsindən uzaqlaşdırılıb. Prokurorluq onun 14 il azadlıqdan məhrum olunmasını tələb edirdi.
Fevralın 26-da Melitopol şəhər milisinin rəisinin müavini Aleksandr Bordyuqanın qarajda asılmış meyiti tapılıb. Maraqlıdır ki, KİV-də verilən xəbərə görə, Bordyuqa keçmiş rəisi, mer Valterin işində vəkil kimi iştirak edib.
Fevralın 28-də Dövlət Mülkiyyəti Fondunun rəhbəri və keçmiş xalq deputatı Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindəki mənzilinin pəncərəsindən atıb. O, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə haqqında cinayət işinin iştirakçılarından biri kimi aparılan cinayətdə ittiham olunurdu. Bundan əlavə, Çeçetov 2014-cü il yanvarın 16-da qəbul olunan "diktator qanunlarının" qəbul olunmasında da əsas təşəbbüskarlardan biri olmuşdu.
Martın 10-da Kiyev vilayətində Regionlar Partiyasından V və VI çağırış Ukrayna Ali Radasının deputatı Stanislav Melnik həyatına qəsd edib. 53 yaşlı keçmiş deputat ölümündən əvvəl yazdığı məktubunda hamıdan bağışlanmasını istəyib. Stanislav Melnik 6 il müddətində Donetsk Pivə Zavodunun rəhbəri işləyib, 2005-ci ildən deputata seçilənə kimi Donetskdəki "Lüks" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. O, 2002-2006-cı illərdə Donetsk şəhər sovetinin də deputatı olub.
Martın 12-də Zaporojye vilayətinin keçmiş qubernatoru Aleksey Pekluşenko ölü tapılıb. Boynundan güllə yarası alan qubernatorun cəsədi Solneçnıy qəsəbəsində yaşadığı evində aşkar olunub. Əsas versiya kimi onun intihar etməsi irəli sürülüb.
2014-cü il avqust ayının axırlarında 2005-ci ildən 2008-ci ilədək Dövlət Əmlak Fonduna rəhbərlik edən Valentina Semenyuk-Samsonenkonun meyiti tapılıb. Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Semenyuk Kiyev yaxınlığındakı Çayka kəndindəki evində özünü güllələyib.
2004-cü ildə baş verən "narıncı inqilab"dan sonra keçmiş nəqliyyat naziri Georgi Kirpanın da meyit tapılmışdı. Kirpanın meyiti 2004-cü il dekabrın 27-də, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermənin səhəri günü aşkarlanmışdı. İstintaqın əsas versiyası intihar idi. Onun həyatına qəsd etməsinin səbəbi kimi mərhumun rəhbərlik etdiyi "Ukrzaliznıtso"dan milyardlar oğurlaması və prezident seçkilərində saxtakarlığa yol verməsi göstərilirdi.
Elə o zaman, 2004-cü ildə baş verən "narıncı inqilab"dan sonra Ukraynanın keçmiş daxili işlər naziri Yuri Kravçenko da intihar etmişdi.
2005-ci il martın 5-də isə o vaxtkı baş prokuror Svyatoslav Pikun keçmiş daxili işlər nazirini Georgi Qonqadzenin işi üzrə aparılan cinayət işi ilə bağlı şahid kimi sorğu-suala dəvət edib. Martın 4-də onun meyiti aşkarlanıb və rəsmi versiya kimi intihar etdiyi irəli sürülüb.