Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır Siyasət

Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır

Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə İrəvanda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

“Enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini, həmçinin qonşu Türkiyə və Azərbaycanla enerji bağlantılarının inkişafını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də “yaşıl keçid” prosesinə töhfə verə bilər”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının vacibliyini də qeyd edib və İrəvanın rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.